Qazax nefti Azərbaycanda emal edilə bilərmi? – Müsahibə (Video)

   Qazax nefti Azərbaycanda emal edilə bilərmi? –    Müsahibə (Video)
  16 Dekabr 2023    Oxunub:8561
“Qazaxıstan neftinin Azərbaycanda emal edilib, qaytarılması sxemi ilk baxışdan yetərincə ağlabatan və məntiqli görünür”. Bu sözləri AzVision.az -a neft-qaz analitiki, Qazaxıstanın “Petroleum” jurnalının naşiri Oleq Çervinski deyib. O bildirib ki, “Kazmunayqaz”ın belə bir təcrübəsi artıq var:
- 2013-cü ildə “Kazmunaygaz” Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Bölgəsindəki neftayırma zavodlarına tollinq əsasında emal üçün bir milyon yarım ton xam neft tədarük edib və milyon tona yaxın yüksək keyfiyyətli neft məhsullarını geri alaraq, tələbatını ödəyib. Amma təxminən bir il sonra, 2014-cü ilin əvvəlində Qazaxıstanla Rusiya arasında Gömrük İttifaqı çərçivəsində Rusiyadan Qazaxıstana neft məhsullarının rüsumsuz tədarükü haqqında hökumətlərarası saziş imzalandə və bu sxem daha işləmədi.

Ekspert qeyd edib ki, ondan sonra Çindən alınan neft məhsulları Rusiyadan birbaşa idxaldan baha başa gəlib. O vaxtdan Qazaxıstan ölkədə çatışmayan yanacaq-sürtkü materiallarını Rusiyadan birbaşa idxal edir: “Hesab edirəm ki, indiki mərhələdə Azərbaycanla Qazaxıstan arasında bu sahədə mümkün əməkdaşlığı təxminən eyni aqibət gözləyir. Özünüz hesablayın. Xam neftin maya dəyərinə onun tankerlərlə Bakıya daşınmasının qiymətini, bu neftin emalına görə Azərbaycanın zavodlarına ödənəcək vəsaiti və hazır neft məhsullarının Qazaxıstana qaytarılması xərclərini də əlavə etmək lazım gələcək. O zaman neft məhsullarının qiyməti rəqabətədavamlı olmayacaq. Onu da nəzərə alaq ki, Qazaxıstan dövləti benzinin, dizel yanacağının, maye qazın qiymətlərini özü tənzimləyir, onlar dünya qiymətlərindən xeyli aşağıdır. Bu şəraitdə belə bir sxem çətin ki Qazaxıstan üçün iqtisadi cəhətdən cəlbedici olsun”.



Onun sözlərinə görə, Qazaxıstanda on ildir ki, daha bir neft emalı zavodunun tikintisinin zəruriliyi ilə bağlı müzakirələr gedir. Tikinti sahələri üçün Qaraqanda və Manqıştau bölgələri də daxil müxtəlif yerlərin adı çəkilir. Bu, ölkənin vaxtaşırı yanacaq və sürtkü materialları çatışmazlığı ilə üzləşməsi ilə bağlıdır. Xüsusilə də, üç böyük neft emalı zavodundan biri planlı və ya növbədənkənar təmirə dayanırsa, istehlakçılar qıtlıq hiss edirlər. Yanacaqdoldurma məntəqələrində neft məhsulları çatışmazlığı yaranır.

- Təxminən beş il əvvəl hökumət və “Kazmunayqaz” qərara gəldilər ki, Qazaxıstana yeni zavod lazımdır. Lakin yeni ərazidə yeni zavod tikməkdənsə, mövcud neft emalı zavodlarından birinin gücünü artırmaq daha ucuz başa gələrdi. Bu, məsələn, əhalinin sıx məskunlaşdığı bölgədə, neft mədənlərinin yaxınlığında yerləşən Çimkənd neft emalı zavodu ola bilər. Zavod kifayət qədər gəncdir və geniş torpaq sahələri var. 2018-ci ildə onun böyüdülməsi layihəsinin texniki-iqtisadi əsaslandırılması da hazırlanıb. Hazırda gücü 6 milyon tondur. Bu gücün 9 milyon tona çatdırılması nəzərdə tutulur. Ancaq hökumət belə qənaətə gəlib ki, neft məhsullarının istehlakı 5 il əvvəl gözləniləndən daha sürətlə artacaq və 9 milyon tonluq artım artıq aktual deyil. Ötən il həmin texniki-iqtisadi əsaslandırmaya yenidən baxıldı və Çimkənd neft emalı zavodunun gücünü iki dəfə - 6 milyondan 12 milyon tona qədər artırmaq barədə qərar verildi,- Oleq Çervinski bildirib.

Amma bu zaman mühüm bir sual yaranır: zavod xammalla necə təmin olunacaq? Qazaxıstanda yanacaq-sürtkü materiallarının qiymətlərini dövlət tənzimləyir və sosial sabitliyi qorumaq məqsədilə əhalini ucuz neft məhsulları ilə təmin etmək üçün onlar kifayət qədər aşağı səviyyədə saxlanılır. Buna görə də, neft hasil edən şirkətlər üçün məhsulun daxili qiymətlərlə tədarükü sərfəli deyil. 2022-ci ildə yerli neftayırma zavodlarına verilən neftin daxili qiyməti bir barel üçün 30 dollar, ixracatda isə 70-80 dollar idi. Aydın məsələdir ki, heç kim nefti bu qiymətə tədarük etməyə həvəsli deyil. Hökumət müqavilələrdə hasilatçıların qarşısına müəyyən həcmlərdə tədarük öhdəliyi qoyur. Bu öhdəlik yataqdan, maya dəyərindən və digər amillərdən asılı olaraq hasil edilən neftin təxminən 30-40%-ni təşkil edir. Hazırda Aktübinsk və Qızıl Orda vilayətlərində fəaliyyət göstərən Çin şirkətləri hasil edilən neftin 60%-ə qədərini yerli emal zavodlarına verirlər. Təbii ki, bu onlar üçün sərfəli deyil. Neft hasilatında əsas payı təmin edən meqalayihələr - Tengiz, Kaşaqan və Qaraçaqanaq isə daxili bazarı xammalla təmin etmək öhdəliyindən azaddır. Qalır “Kazmunayqaz”ın törəmə şirkəti, Çin investorları, kiçik və orta özəl Qazaxıstan şirkətləri. Amma bu şirkətlər Çımkənd neft emalı zavoduna ümumilikdə əlavə 6 milyon ton neft verə bilməyəcəklər. Odur ki, neftayırma zavodunu necə təmin etmək sualı açıq qalır.

“Yanacaq sektorundakı hasilatın iqtisadi mexanizmlərində dəyişiklik edilmədən, yanacaq-sürtkü materiallarının qiymətləri qaldırılmadan, dövlət tənzimlənməsindən imtina edilmədən Qazaxıstanda neft emalı zavodlarının təminatı problemi qalacaq. Yeni zavodun tikintisi hələ də sual altındadır. Kəsir ənənəvi olaraq yenə də Rusiyadan idxal hesabına ödənilir”, - ekspert qeyd edib.

Seymur Məmmədov
AzVision.az


Teqlər: Neft  





Xəbər lenti