“İsrail HƏMAS-ı tamamilə məhv edəcək” – Müsahibə

   “İsrail HƏMAS-ı tamamilə məhv edəcək” –    Müsahibə
  19 Oktyabr 2023    Oxunub:2544
Rusiyalı hərbi-siyasi analitik, strateji təhlükəsizlik sahəsində ekspert, Yaxın Şərq və Afrika üzrə mütəxəssis Vladimir Bekiş AzVision.az -ın İsrail-HƏMAS müsahibəsi ilə bağlı suallarına cavab verib.
- Necə oldu ki, MOSSAD dünyanın ən yaxşı kəşfiyyat orqanlarından biri olduğu halda HƏMAS-ın hücuma hazırlaşdığını hiss etməyib? Siz də bunu İsrail kəşfiyyatının uğursuzluğu hesab edirsiniz, yoxsa ictimaiyyətdən gizlədilən nəsə var?
- Mossadın HƏMAS-ın hücumuna hazır olmaması həqiqətən çox qəribədir. Yalnız iki situasiya ehtimal oluna bilər. Birincisi, Mossad başqa bir işlə məşğul olduğu üçün Qəzza zolağında baş verənləri prioritet saymayıb və ciddi təhlükə gözləməyib. Ona görə də, hava kəşfiyyatı, peyk görüntüləri kimi vasitələrlə əraziyə nəzarət etməyib. Silahların və yaraqlıların yerlərini və toplanış məntəqələrini aşkarlamaq üçün onlardan çox zəif istifadə edib.
Lakin ərazilərin və oralarda baş verənlərin uzaqdan izlənilməsi ilə yanaşı, daha bir kəşfiyyat və nəzarət vasitəsi də var: bu, telefon danışıqlarının, radio və internet rabitəsinin tutulmasıdır. Burada yüksək ehtimalla güman edə bilərik ki, “kimsə” HƏMAS-ı israillilərin dinləyə və izləyə bilmədiyi rabitə vasitələrilə təmin edib...

- HƏMAS liderləri iddia edirlər ki, əməliyyatların məqsədi gələcəkdə mübadilə etmək üçün girovlar ələ keçirmək olub...
- Bu, açıq-aşkar cəfəngiyyatdır. Məsələ daha ciddidir. Çünki uzun illər müharibə təcrübəsi olan, şantaja boyun əyməyən İsrailin bu zərbə qarşısında güzəştə gedəcəyi əsla inandırıcı deyil.

- Sosial şəbəkələrdə və bəzi KİV-lərdə Rusiyanın İsraildə baş verənlərdə əli ola biləcəyilə bağlı versiyalar yayılır. Deyirlər ki, bu, Moskvanın maraqlarına uyğundur - indi ABŞ-ın diqqəti və resursları Ukraynadan Yaxın Şərqə keçəcək. Bu haqda nə düşünürsünüz?
- Bu hücum diqqətlə hazırlanmış, uzaq hədəfləri olan əməliyyat idi və ona hazırlıqda təkcə HƏMAS iştirak etməyib. Başqa çox güclü iştirakçılar da var. Bu “iştirakçılar” HƏMAS-a siyasi, texniki, maliyyə və hərbi baxımlardan hərtərəfli yardım vəd edibər. Yəni HƏMAS-ı əmin ediblər ki, İsrailə qarşı tək vuruşmayacaq. HƏMAS məhz buna görə İsrailə qəfil zərbələr endirdi.

“Bu müharibə “Həmas”ın planı deyil”

HƏMAS başa düşür ki, ciddi dəstəyə arxalanmadan İsrailin qarşısında duruş gətirə bilməz, hətta mövcudluğunu itirə bilər. Netanyahunun indi bəyan etdiyi də budur - Qəzzanın yerində boş səhra yaranacaq, HƏMAS isə məhv ediləcək.
Amma bu gün nədənsə hər şey HƏMAS-ın müttəfiqlərinin onu sadəcə aldadıb, “atmasına” doğru gedir. Ən azından indi belə görünür. Bu, tamamilə başadüşüləndir - münaqişə başlayıb, dünyadakı siyasi vəziyyət bir qədər başqa məcraya yönəlib, vurğu dəyişib, Qərb dövlətlərinin həll etdiyi maliyyə məsələləri, hərbi-texniki yardım kəskin şəkildə artıb. Bu isə həmin ölkələrin düşdüyü vəziyyətdə açıq-aydın onların xeyrinə deyil.

- İsrailə hücum edən HƏMAS yaraqlılarının Ukraynadan gələn Qərb silahlarına malik olduqları da deyilir...
- HƏMAS-ın müəyyən miqdarda Qərb silahlarına malik olması qətiyyən təəccüblü deyil. Yaxın Şərq - İsrailin özü, Livan, İraq və İordaniya bu silahlarla doludur. Haradansa ələ keçirmək, oğurlamaq, almaq elə də çətin deyil.
Qərb silahlarının HƏMAS-a Ukraynadan gəldiyini söyləməksə, məncə, tamamilə cəfəngiyyatdır. Çünki Qərbin Ukraynaya verdiyi silahlar ciddi nəzarət altındadır və hesabatı aparılır. Silahlar Ukraynaya turistlərin çamadanlarında gətirilmir ki, onları yoxlamaq mümkün olmasın. Bu silahları Ukraynadan HƏMAS-a çatdırmaq da asan deyil. Aydın məsələdir ki, Kiyevdən Bonna zəng vurub “zəhmət olmasa, bizim üçün növbəti tüfəng partiyasını Beyruta göndərin, oradan özümüz götürərik” deyə bilməzlər. Bir də ki, hər şeyin pulunu ödəməlisən. Həm də adətən olduğu kimi, bank köçürməsi ilə deyil... Yəni boş söhbətdir. Saxta təbliğatdır.

Samir Quliyev
AzVision.az


Teqlər: İsrail   Fələstin  





Xəbər lenti