Nurçulara ağır zərbə, yeni əməliyyat başlayır

Nurçulara ağır zərbə, yeni əməliyyat başlayır
  12 İyun 2014    Oxunub:1028
Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan nurçularla bağlı mühüm göstərişlər verib. O, ötən gün bələdiyyə sədrləri ilə keçirilən görüşündə nurçulara verilən bütün binaların onlardan geri almasını tapşırıb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə baş nazir nurçuların 35-40 ildir Türkiyədə məskən saldıqlarını diqqətə çatdırıb.

“Xidmət təşkilatı maskası altında 35-40 ildir ki, onlar bu torpağın əməyindən, alın tərindən, bu ölkənin övladlarının ağlından, çörəyindən bəslənirlər. Və bunlar da Türkiyəyə hücum edir, xəyanət edirlər. Bölgələrdə bu təşkilatın mənsubları nə ilə məşğul olduqlarını bilmirlər. Amma bu örgütün rəhbərliyi ilə aşağı dairələri eyni istiqamətdə deyillər. Onlar Türkiyənin qurumlara, milli dəyərlərinə, proyektlərinə açıq-aşkar hücum etdilər”.

Ərdoğan daha sonra qeyd edib ki, guya hədəfi “Xidmət”, “təhsil” olan bu təşkilat Milli Kəşfiyyat Təşkilatı ilə niyə bu qədər maraqlanır?

“Polislərin iş yerləri dəyişir, sabah onların mətbuatında həmin məlumatları oxuyursan. Sən polis təşkilatının kölgəsisən? Sənə nə? Təşkilat mənimlə bağlı indiyə kimi məhkəməyə 245 dəfə şikayət edib. Biz yola çıxarkən dedik ki, kəfəni geyinib bu yola çıxdıq. 245 yox, 2 450 şikayət də olsa öz yolumuzla gedəcəyik”.

Ərdoğan bələdiyyə sədrlərindən nurçulara verilmiş nə varsa, hamısının geri qaytarılmasını tələb edib:

“Onlara verilən nə qədər yer, bina varsa hamısını hüquq müstəvisində geri almalısınız. Bizə naz edən, partiyamızda millət vəkili seçilən və ya bələdiyyə sədri olan, daha sonra isə partiyamızdan istefa edən şəxslərə qarşı da mövqeyinizi ortaya qoymalısınız. Onlar siz olduğunuz yerə belə gəlməməlidir. Axı, onların işverən təşkilatları var. İllərdir ki, biz onların səmimiyyətinə güvəndik, lakin bundan sonra bizdən dəstək ala bilməyəcəklər”-deyə Ərdoğan vurğulayıb.

Baş nazir Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun da Fəthullah Gülənin adamı olduğunu qeyd edib:

“Pensilvaniya CHP-yə ssenari yazır. Martın 30-da CHP ilə MHP BDP ilə ittifaq yaratdılar. Elə indi də bu davam edir. Pensilvaniya təkcə seriallara deyil, CHP və MHP-ə də ssenari da yazır və onları bu ssenarı əsasında oynadır”.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti