Ermənistan büdcəsini cərimələr hesabına doldurur

Ermənistan büdcəsini cərimələr hesabına doldurur
  11 İyun 2014    Oxunub:873
Ermənistan parlamentinin təmsilçisi: “Sarkisyan hökumətində büdcənin bu yolla doldurulması normaldır”.

Milli Statistika Xidmətinin məlumatına görə, bu il Ermənistanın dövlət büdcəsində müxtəlif cərimələr hesabına əldə edilən vəsaitin həcmi artıb. Ermənistanın hazırki durumuna baxanda bu, adi haldır.

Ermənistan parlamentində “Ciblərimizi soymaqdan əl çəkin” adlı təşəbbüs qrupunun nümayəndəsi Vardan Akobyan yerli hökuməti qara camaatı çapıb-talamaqda qınayır.

“Bu, təbii haldır. Onlar bizi izləyirlər, yazıq camaatı istismar edərək həm dövlət büdcəsini, həm də öz ciblərini doldururlar” –deyə V.Akobyan erməni saytlarından birinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırki hökumət sənaye və büdcəyə gəlir gətirə biləcək digər sahələri inkişaf etdirmək əvəzinə sıravi vətəndaşları soymaqla məşğuldur.

“Sənayenin inkişafı yeni iş yerlərinin açılması, xalqın istehsalla əlaqələndirilməsi, insanlara öz evlərində yaşama imkanı yaradılması deməkdir. Hazırki hökumətin proqramında bu kimi tədbirlərin izi də yoxdur. Hökumətin proqramına daxil olanlar yalnız gəlirləri əhalinin hesabına təmin etmək, boş-boş vədlər vermək, emiqrasiyanı genişləndirmək və xalqı istədiyi kimi idarə etməkdir. Milli Statistika xidmətinin nəticələri bunu bir daha sübut etdi”- Akobyan deyir.

Akobyanın sözlərinə görə, Ermənistan hökumətinin dövlət proqramı xalqı yoxsulluğa, səfalətə sürükləyir, bu da sözsüz ki, emiqrasiyaya səbəb olur. Ölkədə buna qarşı heç bir mübarizə aparılmır.

Qeyd edək ki, Ermənistanda ağır iqtisadi şərait, korrupsiya, işsizlik problemi, sosial şəraitin hər gün daha da pisləşməsi, ərzaq mallarının qiymətinin bahalaşması səbəbindən ölkəni tərk edənlərin sayı durmadan artır. Dövlət statistika idarəsinin məlumatına görə, 2014-cü ilin birinci rübündə 479219 erməni ölkəyə daxil olduğu halda, 511053 nəfər Ermənistanı tərk edib. Ölkə əhalisinin sayı cari ilin birinci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 min nəfər azalıb.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti