Ermənistanın sığınacağı bircə qüvvə var – Ədalət Verdiyevin şərhi

   Ermənistanın sığınacağı bircə qüvvə var –    Ədalət Verdiyevin şərhi
  30 Sentyabr 2023    Oxunub:6190
Ermənistanda belə bir yanlış və zərərli düşüncə tərzi formalaşıb ki, onun təhlükəsizliyini başqaları qorumalıdır. Məsələn, hesab edirlər ki, Azərbaycan ilə Rusiya döyüşməli idi. Yəni erməni iddialarının uğrunda rus əsgərləri həlak olmalıdır. Ermənistanın KTMT üzvü olduğu üçün bütün problemlərinin həllini Rusiyadan tələb etməsi sadəcə absurddur.
KTMT-də qərarların kollektiv şəkildə qəbul olunduğunu və üzv dövlətlərin Azərbaycan ilə müsbət münasibətlərini nəzərə alsaq, Ermənistanın reallıqlardan nə qədər uzaq olduğunu görə bilərik. Laçındakı sərhəd-keçid məntəqəsi qurulanda ermənilər yüngül silahlara və məhdud sursat ehtiyatına malik rus kontingentinin Azərbaycan ilə döyüşə girəcəyini gözləyirdilər. Bu gözləntilərin əlbəttə ki, heç biri özünü doğrultmur və Ermənistanı faciəyə aparır.

NATO? Güldürməyin!

Hazırda İrəvan tamamilə Qərbə üz tutub, çünki ABŞ və NATO-nun köməyinə möhtacdır. Ermənistan təhlükəsizliyini heç vaxt öz imkanları ilə təmin etməyib, daim başqalarının arxasında gizlənib. Azərbaycan və Türkiyəyə qarşı iddiaları fonunda Rusiya ilə münasibətlərini ən aşağı səviyyəyə endirən Ermənistanın hər 3 ölkənin mümkün cavab reaksiyalarından qorunmaq üçün yalnız bir yolu qalıb: NATO-nun tamhüquqlu üzvü olmaq. Buna isə Rusiyanın imkan verəcəyi real deyil.
Ermənistan KTMT-ni dağıdır | TƏHLİL

Amma lap tutaq ki, Ermənistan NATO üzvlüyü üçün prosedurlara başladı. Kim zəmanət verə bilər ki, müstəqil qərarları ilə fərqlənən Türkiyə buna veto qoymayacaq? NATO-nun köməyi ilə Ermənistanın həmin blokun üzvü olan Türkiyədən qorunmaq istəyi absurd görünür. NATO-nun məğlub, dilənçi, imkansız ölkələri xoşlamadığı da sirr deyil. Bunları nəzərə alaraq deyə bilərik ki, Ermənistanın NATO sevdasının yaxın 20 ildə reallıq şansı yoxdur.

Yeganə yol

Bircə yol var: 3 il əvvəl imzaladığı Birgə Bəyanatın şərtlərini dəqiqliklə yerinə yetirməli, Azərbaycan və Türkiyə ilə münasibətlərini maksimum yaxşılaşdırmalıdır. Real şəraitdə Azərbaycan və Türkiyədən başqa heç bir ölkə Ermənistanın təhlükəsizliyinə zəmanət verə bilməz!

Moskvanın köməyinin artıq əhəmiyyətsiz və səmərəsiz olduğuna qərar verən İrəvan yaxşı anlayır ki, Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa Bəyannaməsi” hər iki qardaş ölkənin siyasi, hərbi, diplomatik və iqtisadi potensialını birləşdirib. Buna qarşı çıxmaq istəyən real güc mövcud deyil. İrəvan meydanda tək qalıb.

Oyunun sonu

Bakı-Ankara münasibətləri Türk Dövlətləri Təşkilatını regionun aparıcı qüvvəsinə çevirib. Ermənistan yəqin ki, müttəfiqlərin nə zamansa hərbi blok yarada biləcəyi ehtimalını da nəzərə alır. Bakı Türkiyə ilə İsrailin bir qədər gərgin münasibətlərini düzəldərkən, Ermənistan ənənəvi müttəfiqlərini itirir. Paşinyanın simasında İrəvandan imza ilə təsdiqlənməyən söz yığınından başqa heç nəyə rast gəlmirik. Sadəcə olaraq, Ermənistan hakimiyyətinin kiminsə hesabına, hansısa qeyri-real yolla təhlükəsizliyini təmin etmək üçün ümidsiz bir istəyi mövcuddur.

Ermənistanın təxribatçı siyasəti səbəbindən şərti sərhəddə gərginlik davam edir. İnanıram ki, gərginliyin eskalasiyaya keçməməsi üçün Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin təkliflərini imzası ilə təsdiqləyəcək, təxribatlara son verəcək, Zəngəzur dəhlizinin açılmasını və digər öhdəliklərini yerinə yetirəcək. Əks halda, yeni gərginliyin məsuliyyəti kənar qüvvələrə arxalanaraq, qonşularının haqlı maraqlarını tapdalayan Ermənistan daşıyacaq.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər:   Ermənistan   NATO  





Xəbər lenti