İxtisarlara gedən Soros prioritetləri dəyişir - Hədəf Varşava ilə Kiyevdir

     İxtisarlara gedən Soros prioritetləri dəyişir - Hədəf Varşava ilə Kiyevdir
  31 Avqust 2023    Oxunub:3748
Məşhur amerikalı milyarder Corc Sorosun Açıq Cəmiyyət Fondunun (Soros) sədri Aleks Soros maraqlı məqalə dərc edib.
AzVision.az xəbər verir ki, o, təşkilatın bir sıra fəaliyyətlərdən imtina edəcəyini, lakin Ukraynaya dəstəyin davamlı olacağını yazıb.

Aleks Soros Politico-da çıxan məqaləsində yazıb: "Avropada bəzi işlərdən imtina edəcəyik. Biz həmçinin heyəti əhəmiyyətli dərəcədə azaldacağıq. Amma Ukraynadakı fəaliyyətimizin davamlı olacağına heç bir şübhə olmasın".

Jurnalistlər neçəyə satılır: "demokratiya"nın qiyməti
O Moldova və Balkan yarımadasındakı fondları dəstəkləməyə davam edəcəyinə də söz verib.

Aleks həmçinin qeyd edib ki, "Atam kimi mən də Avropa İttifaqını müasir tarixin ən böyük triumflarından biri hesab edirəm. O, sivilizasiyanı az qala məhv etmiş ölkələri ümumi gələcəyi qurmaq üçün bir araya gətirdi və keçmiş sovet respublikalarının demokratiyaya doğru irəliləməsinə kömək etdi. Amma hələ görüləsi çox şey var. Ümumiyyətlə, Avropada biz şərqə doğru irəliləmələr müşahidə edirik. Ukraynadakı müharibənin saysız-hesabsız nəticələri olacaq. Polşanın aparıcı iqtisadiyyatı olan ölkə kimi yüksəlişi son nəticədə onun Aİ-yə donor kimi xalis töhfə verməsi ilə nəticələnəcək.

Avropada demokratik hökumətlərin gələcəyi indi təkcə Paris və Berlində deyil, Varşava, Kiyev və Praqada da müəyyən edilir. Beləliklə, Açıq Cəmiyyət Vəqfləri (OSF) bütün dünyada fəaliyyət tərzini dəyişdikcə, biz də Avropadakı prioritetlərimizə uyğun olaraq işlərimizə müəyyən düzəlişlər edəcəyik. Bəli, bu o deməkdir ki, biz fəaliyyətimizin bəzi sahələrindən imtina edərək, bu günün, eləcə də sabah qarşılaşmalı olacağımız problemlərə diqqət yetirəcəyik. Biz də daha çox pulların ən çox ehtiyac duyulan yerlərə getməsini təmin etmək üçün işçi sayımızı əhəmiyyətli dərəcədə azaldacağıq. Ancaq bu, hansısa geri çəkilmə deyil".

Fondun sədri bəzi şaiyələrə də aydınlıq gətirib: "Açıq Cəmiyyət Vəqfləri və Sorosun “Avropadan getməsi” ilə bağlı xəbərlər aldadıcıdır. Biz heç hara getmirik!".

Qeyd edək ki, Soros fondu Amerikalı maliyyəçi, investor, iş adamı, siyasi fəal və filantrop Corc Sorosla birbaşa bağlıdır. Yarandığı 1984-cü ildən bu yana Soros Fondu 20 milyarda yaxın pul xərcləyib. Fondun dünya ölkələrində 2 minə yaxın işçisi var.

Dünyanın bir çox ölkələri Soros Fondunu Qərbə tabe olmayan hakimiyyətlərə qarşı üsyan, inqilabları dəstəkləyən, çaxnaşmaların əsas sponsoru kimi görür. Soros Fondu liberal dəyərlərin yayılmasının əsas maliyyə dəstəkçisi kimi qəbul olunur və bu səbəbdən də əsasən sağ mühafizəkar hökumətlərin hədəfindədir.

Soros 2015-ci ildən Rusiyada arzuolunmaz təşkilatlar kimi tanınıb. Rusiya Baş Prokurorluğu bəyan edib ki, Sorosun təşkilatları Rusiya Federasiyasının konstitusiya quruluşunun əsaslarına və dövlətin təhlükəsizliyinə təhlükə yaradır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Soros   Ukrayna   Fond   İxtisar  





Xəbər lenti