Toyda oynamaq üstündə dava - 2 nəfər bıçaqlandı
Balakən rayonu Qazma kənd sakini, 1978-ci il təvəllüdlü Bayram Muxtar oğlu Vəliyev, 52 yaşlı Həsən Vahid oğlu Mirəliyev və daha bir neçə şəxsin arasında oynamaq üstündə mübahisə yaranıb. Bundan sonra içkili vəziyyətdə olan Həsən Mirəliyev evinə gedib və bıçaq götürərək toy məclisinə qayıdıb. O, oynamaq üstündə mübahisə etdiyi Bayram Vəliyevlə yenidən mübahisə edib və əlindəki bıçaqla onun sağ döş qəfəsinə xəsarət yetirib. Bundan sonra H. Mirəliyev B. Vəliyevin bacanağının anası, 1953-cü il təvəllüdlü Mahizər Abduləziz qızı Quliyevanın qarın boşluğundan daxilə nüfuz edən bıçaq zərbəsi vurub. B. Vəliyev və M. Quliyeva Balakən rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb, müalicələri davam etdirilir. B. Vəliyevin vəziyyəti orta stabil, M. Quliyevanin vəziyyəti isə orta-ağır hesab olunur.
Hadisəni törədən Həsən Mirəliyev ömrünün 33 ilini məhkumluq həyatı yaşayıb və 6 ay əvvəl həbsdən çıxıb. Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən H. Mirəliyev saxlanılıb. Faktla bağlı Balakən RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır (APA).
Teqlər: