“Biz liderlik edirik” – Aslan Aslanov

“Biz liderlik edirik” –  Aslan Aslanov
  07 İyun 2014    Oxunub:1263
Bu il iyunun 2-də Bakıda AzərTAc-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilib. 2016-cı ildə AzərTAc-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədi daşıyan iclasda qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. Bu fakt bir daha sübut edir ki, son illər Azərbaycanın dünyada nüfuzunun daha da artması, mövqelərinin möhkəmlənməsi qlobal informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsinə əhəmiyyətli təsir göstərib. Məhz bunun nəticəsində dünyanın aparıcı xəbər agentlikləri AzərTAc ilə əməkdaşlığa maraq göstərir, agentlik media ilə bağlı ən mötəbər beynəlxalq tədbirlərə dəvət olunur, həmçinin regional və beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edir.

AzərTAc-ın baş direktoru Aslan Aslanov “Kaspi” qəzetinə müsahibəsində rəhbərlik etdiyi agentliyin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlardan danışıb.
Dünya informasiya məkanına daha sürətlə inteqrasiya

- Aslan müəllim, 2016-cı ildə Dünya Xəbər Agentliklərinin V Konqresinə Azərbaycanın ev sahibliyi etməsi və bu quruma AzərTAc-ın sədrliyi haqqında qərarın qəbul olunmasını necə qiymətləndirirsiniz?

- AzərTAc-ın beynəlxalq əlaqələr sahəsində qazandığı diqqətəlayiq uğurlardan biri 2013-cü il noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində keçirilən Dünya Xəbər Agentliklərinin IV Konqresində əldə edilib. Dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA, ULAN xəbər alyanslarının, SKY Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Konqresdə səsvermə nəticəsində 2016-cı ildə Dünya Xəbər Agentliklərinin V Konqresinə Azərbaycanın ev sahibliyi etməsi və 2016-2019-cu illərdə bu quruma AzərTAc-ın sədrliyi haqqında qərar qəbul olunub. Bu, Azərbaycana və onun milli agentliyinə qlobal media məkanında yüksək etimad kimi qiymətləndirilə bilər.

Bu il iyunun 2-də isə Bakıda AzərTAc-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilib. İclas 2016-cı ildə AzərTAc-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədi daşıyıb.
İclasda qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

İclasda növbəti Konqresin keçiriləcəyi vaxtın, iştirakçıların tərkibinin, tematik çərçivələrin, məruzəçilərin və panel iclaslarının mövzularının müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Qeyd edim ki, Şura Konqresin əsas idarəedici orqanıdır və Dünya Xəbər Agentlikləri Konqresinə ev sahibliyi edən agentliklə birgə növbəti Konqresin strukturu və proqramı üçün məsuliyyət daşıyır. Şuranın rəhbər orqanı olan büronun üzvləri Konqresin fəaliyyətdə olan prezidenti, iki keçmiş prezident, baş katib və növbəti Konqresin təşkilat komitəsinin sədridir.

Bütün xəbər agentlikləri Şurada üzv olduqları regional təşkilatlarla, hazırda FANA, EANA, OANA, ULAN və MDB
Xəbər Agentlikləri Alyansı vasitəsilə təmsil olunurlar. Associated Press və Thomson Reuters kimi dünya agentlikləri isə Şurada müstəqil şəkildə təmsil oluna bilərlər.

Dünya Xəbər Agentliklərinin birinci Konqresi 2004-cü ildə Rusiyanın Moskva, ikincisi 2007-ci ildə İspaniyanın Estepona, üçüncüsü 2010-cu ildə Argentinanın Buenos-Ayres, dördüncüsü isə 2013-cü ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərlərində keçirilib. Ər-Riyad Konqresindən iki ay əvvəl - 2013-cü il sentyabrın 20-də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) Moskvada keçirilən XV Baş Assambleyasında AzərTAc daha bir mühüm uğur qazanıb.
Mən agentliyin baş direktoru kimi XV Baş Assambleyada səsvermə nəticəsində OANA-nın vitse-prezidenti və ardıcıl olaraq üçüncü dəfə Büro üzvü seçilib. Tədbirdə OANA-nın növbəti Baş Assambleyasının Bakıda keçirilməsi, 2016-2019-cu illərdə bu quruma AzərTAc-ın sədrliyi barədə qərar qəbul olunub. Bu qərar da gərgin rəqabət şəraitində keçən səsvermə nəticəsində qəbul edilib.

Beləliklə, beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun – OANA-nın XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə eyni vaxtda Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarlar agentliyin dünya media məkanında uğurlu fəaliyyətinin nəticəsi kimi dəyərləndirilə bilər. Bu nailiyyətlər AzərTAc-ın beynəlxalq əlaqələrinin genişlənməsi, dünya informasiya məkanına daha sürətlə inteqrasiyası baxımından yeni imkanlar açır.
AzərTAc – ev sahibi kimi

- Agentliyin uğurlara aparan yolu nə zamandan başlayır?

- AzərTAc-ı bu uğurlara aparan yol 2004-cü ildən başlayıb. Həmin il AzərTAc nüfuzlu informasiya agentliklərini özündə birləşdirən OANA-ya üzv olub. Bunun sayəsində agentliyin informasiyaları OANA-nın xüsusi saytında yerləşdirilir və onlardan 35 ölkənin 44 informasiya agentliyi istifadə edir. AzərTAc-ın OANA-nın saytında il ərzində orta hesabla 12 minə yaxın xəbəri, 1300-dən artıq fotosu və 800-ə qədər videosu yer alır. Hazırda OANA-nın saytında yerləşdirilən informasiyaların, foto və videoların sayına görə AzərTAc liderlik edir. 2007-ci il dekabrın 12-də OANA-nın İndoneziyanın paytaxtı Cakartada keçirilən iclasında AzərTAc bu qurumun rəhbər orqanı olan İcraiyyə Komitəsinin büro üzvü seçilib.

2008-ci ildə AzərTAc-ın Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul olunması agentliyin həyatında ən mühüm hadisələrdən biridir. EANA Baş Assambleyasının Estoniyanın paytaxtı Tallində keçirilən iclasında təşkilatın tədbirdə təmsil olunan 29 üzvündən 26-sı AzərTAc-ın namizədliyini dəstəkləyib. Beləliklə, AzərTAc postsovet məkanında İTAR-TASS və Ukrinformdan sonra EANA-ya qəbul edilən üçünncü informasiya agentliyi olub.

2010-cu ildə AzərTAc daha bir beynəlxalq quruma – İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin 40-dan çzox xəbər agentliyini özündə birləşdirən Beynəlxalq İslam Xəbərlər Agentliyinə (İİNA) qəbul olunub və qurumun iclaslarında, məsələlərin müzakirəsində, qərarların qəbulunda fəal iştirak edir. Hazırda AzərTAc Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edir. 2011-2013-cü illərdə isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasına sədrlik edib.

AzərTAc, eyni zamanda, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) təsisçilərindən biridir. Agentliyin baş direktoru kimi mən həm də PANİA-nın büro üzvüyəm.
Bu təşkilatların saytlarında yerləşdirilən xəbərlərin, videoların və fotoların sayına görə də AzərTAc ön sıradadır. İl ərzində PANİA-nın saytında agentliyimizin 7 mindən artıq, ANİA-nın saytında isə 13 mindən çox informasiyası yerləşdirilir. Bundan başqa, AzərTAc-ın rus dilindəki informasiyaları Çin Xalq Respublikasının Sinxua Agentliyinin internet səhifəsində də yer alır. Nəhəng auditoriyaya malik Sinxuanın saytında hər ay agentliyin 50-dən artıq materialı yayılır. Ümumiyyətlə, AzərTAc-ın üzvü olduğu beynəlxalq və regional qurumların elektron resurslarında il ərzində 40 minə yaxın xəbəri, 3 minə qədər fotosu və mindən artıq videosu yerləşdirilir.

Artıq regional və beynəlxalq əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi edən AzərTAc-ın təşkilatçılığı ilə 2008-ci il aprelin 30-u - mayın 3-də Bakıda Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) Baş Məclisinin VII iclası, həmin il sentyabrın 1-4-də isə OANA İcraiyyə Komitəsinin “Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu iclası keçirilib. İlk dəfə olaraq dünyanın 20-dən çox ölkəsindən ən nüfuzlu xəbər agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri AzərTAc-ın təşəbbüsü ilə respublikamıza gəlmişdilər. Azərbaycanın ictimai həyatında mühüm hadisə olan bu toplantının əhəmiyyəti həm də onda idi ki, OANA və EANA-nın tarixində ilk dəfə olaraq bu qurumların rəhbərləri tədbirə birgə qatılmışdılar. Şərq və Qərb ölkələrinin aparıcı informasiya agentliklərinin rəhbərlərini bir araya gətirmək sahəsində AzərTAc-ın uğurla nəticələnib, bu təcrübəsi iclas iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

Bu siyahıya 2013-cü il fevralın 25-də Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının Bakıda AzərTAc-ın ev sahibliyi ilə keçirilmiş XVI iclasını da əlavə etmək olar.
Ən etibarlı mənbə
- Agentliyin xarici ölkələrdəki müxbir məntəqələrinin fəaliyyəti barədə nə deyə bilərsiniz?

- AzərTAc-ın xarici ölkələrdəki müxbir şəbəkələrinin coğrafiyası da ildən-ilə genişlənir. Hazırda agentliyin 21 ölkədə - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç, Rumıniya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir, Türkiyə, Gürcüstan, İran, Özbəkistan və Türkmənistanda müxbir məntəqələri fəaliyyət göstərir. Hazırda dünyanın tanınmış xəbər agentlikləri AzərTAc ilə əməkdaşlığa böyük maraq göstərir. AzərTAc 100-ə qədər ölkənin informasiya agentlikləri ilə çox səmərəli əlaqələr qurub və 30-dan artıq ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb. Daha bir neçə ölkənin informasiya agentlikləri ilə müqavilələrin imzalanması istiqamətində fəal iş aparılır.
Beynəlxalq əlaqələrinin genişlənməsi, eyni zamanda, təbii olaraq AzərTAc-ın dəqiq və etibarlı informasiya mənbəyi kimi məsuliyyətini artırır. Vaşinqtonda fəaliyyət göstərən Vudro Vilson Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin Qlobal Avropa proqramının mərhum müşaviri Aleksandros Pitersonun ötən il AzərTAc-da olarkən dediklərini xatırlamaq yerinə düşür: “ABŞ-da siyasətçilər və elmi tədqiqatçılar Azərbaycan həqiqətləri haqqında xəbərləri ən etibarlı mənbə kimi AzərTAc-dan əldə edirlər”.

Etibarlı mənbə məsələsinə dair ən yeni bir misal da çəkmək olar: Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən iclası çərçivəsində mayın 30-da AzərTAc ilə Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyi (SPA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn sənədi imzalayarkən: “Bu sənəd agentliklərimiz arasında informasiyanın bütün kontentləri üzrə daha fəal mübadilə aparmağa imkan verəcəkdir. Bizim agentlik Azərbaycan haqqında xəbərləri təkcə Səudiyyə Ərəbistanında deyil, bütün ərəb dünyasında yayacaqdır. Bu işdə AzərTAc Səudiyyə Press Agentliyi üçün əsas və ən etibarlı istinad mənbəyi olacaqdır”- deyə bildirib.

Argentinanın “TELAM” Agentliyinin institusional əlaqələrin inkişafı üzrə meneceri, Latın Amerikası Ölkələri İnformasiya Agentlikləri Birliyinin (ULAN) sədri Jan Manuel Fonruj isə iyunun 3-də AzərTAc-da keçirilən görüşdə xüsusi vurğulayıb: “Bu yaxınlarda “TELAM” Agentliyinin yeni “ANSUR” informasiya portalı fəaliyyətə başlayacaqdır. Portalda Azərbaycan bölməsi də fəaliyyət göstərəcəkdir. Bölmədə Azərbaycan ilə bağlı ən son yeniliklər ispan, ingilis və portuqal dillərində veriləcəkdir. Hətta xəbərlərin Azərbaycan dilində də verilməsi nəzərdə tutulur. Biz etibarlı mənbə kimi AzərTAc-a inanırıq”.



Teqlər:





Xəbər lenti