Dəmir mesaj: Hamı cavab verəcək! – Ədalət Verdiyevin yazısı

      Dəmir mesaj:    Hamı cavab verəcək! –    Ədalət Verdiyevin yazısı
  30 İyul 2023    Oxunub:2867
Terrorçu Vaqif Xaçaturyanın Laçın Sərhəd-Keçid Məntəqəsində (SKM) həbsi bir daha sübut etdi ki, Azərbaycan ərazisində nə Rusiya, nə Fransa, nə İran, nə Beynəlxalq Qırmızı Xaç Komitəsi, nə də başqaları söz sahibi ola bilərlər. Bəzilərinin Laçın SKM-də baş verənlərlə bağlı Azərbaycan hakimiyyətinə göstərdikləri təzyiqlər fonunda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının terrorçunun həbs etmələri qanunauyğun olmaqla bərabər, kifayət qədər cəsarətli addım idi. Həmin addımın məhz bu şəraitdə atılması qalib Azərbaycan üçün çox vacib hadisədir.
Bu addımın vacib olmasını bir neçə amil şərtləndirir.
İlk növbədə, Azərbaycanın Qarabağ məsələsindəki rəsmi və qəti mövqeyi növbəti dəfə dünyaya əyani şəkildə nümayiş etdirildi.
İkincisi, azərbaycanlıların soyqırımı, onların doğma yurd-yuvalarından qovulması, əmlaklarının talan edilməsi və s. kimi cinayətlərdə iştirak edən erməni silahlılarına aydın şəkildə izah edildi ki, heç bir cinayət və cinayətkar unudulmayıb, unudulmayacaq da! Gec-tez bu cinayətkarların hamısı layiqli cəzasını alacaqlar.
Üçüncüsü, Prezident İlham Əliyevin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Nəyi ediriksə, dəqiqliklə edirik" bəyanatı növbəti dəfə təsdiqini tapdı.
Dördüncüsü, "Qarabağ ermənilərinin hüquqlarından" danışan Paşinyan, Rusiya, Aİ, ABŞ, Fransa və digərləri Azərbaycan Prezidentinin Birinci və İkinci Qarabağ müharibələrinə fərq qoymadığını, erməni cinayətkarlarına eyni gözlə baxdığı nəhayət ki, anladılar.
Beşincisi, Ali Baş Komandan "Qarabağ ermənilərinin hüquqlarından" danışanlara basa saldı ki, onlar həm də Bağanis Ayrım, Malıbəyli, Aşağı Quşçular, Yuxarı Quşçular, Qaradağlı, Meşəli, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel, Gəncə, Bərdə, Tərtər, Naftalan soyqırımı və faciələrinə göz yumurlar.
Altıncısı, "Qarabağ ermənilərinin hüquqlarının beynəlxalq təminatından" danışanlar eyni zamanda soyqırıma məruz qalan və ya yuxuda ikən qətlə yetirilən azərbaycanlıların hüquqlarından da söz açmalıdırlar!
Yeddincisi, BQXK-nın qanunsuz Xankəndi ofisi qarşısında Azərbaycan tərəfindən saxlanılan Vaqif Xaçatryanın geri qaytarılmasını tələb edən fərarilər əslində terrorçubaşı Araik Arutunyanın iqamətgahı önündə kütləvi aksiya keçirməli idilər. Onları onillərdir aldadaraq istismar edən BQXK deyil, separatçı rejimdir.
Səkkizincisi, "Azərbaycan Qarabağa humanitar yardıma mane olur" görüntüsü yaratmağa çalışan Ermənistan hay-küy salmaqla Bakıya qarşı müəyyən təzyiqlərə nail olduğunun düşünsə də, rəsmi Bakı nəinki mövqeyindən geri çəkilmədi, əksinə, daha da qətiyyətli addım ataraq, quldurlardan birini saxladı.

Beləliklə, Ali Baş Komandanın səsləndirdiyi bəyanatlar və verdiyi sözlər hər dəfə təsdiqini tapır. Biz bütün bu proseslərdə daim Ali Baş Komandanımızın və qəhrəman Əsgərimizin yanında olmalıyıq, onlara inanmalı və dəstəkləməliyik. Milli məsələlərdə bir olmalı, bölünməməliyik. Uca dövlətimizin başçısı hər addımını ölçüb-biçərək, vaxtında, həm də milli və dövlət maraqlarına uyğun şəkildə atır. Mükəmməl Sərkərdəmizin yüksək idarəetmə və komandanlıq bacarığı Azərbaycanımızı xəyal etmədiyimiz növbəti Qələbələrə aparacaq. Buna kimsənin şübhəsi olmasın.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qarabağ  





Xəbər lenti