ABŞ-dan Azərbaycanla bağlı bəyanat

ABŞ-dan Azərbaycanla bağlı bəyanat
  02 İyun 2014    Oxunub:853
ABŞ Konqresinin üzvləri Stiv Kohen, Maykl Törner, Cim Braydenstayn və Henri Kuellar Azərbaycanın Respublika gününün 96-cı ildönümü münasibətilə ABŞ Konqresində bəyanatlarla çıxış ediblər.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, bu 4 bəyanatın verilməsi ilə bu il ABŞ Konqresində Azərbaycanın Respublika günü münasibətilə verilən bəyanatların sayı 9-a çatıb. Belə ki, 28 may 2014-cü ildə ABŞ Konqresinin üzvləri Bil Şuster, Virciniya Foks, Paul Kuk, Mişel Qrişam və Madlen Bordallo Respublika gününün 96-cı ildönümü ilə əlaqədar bəyanatlar veriblər. Bundan əlavə, 28 may tarixində konqresmen Stiv Stokman Azərbaycanın Respublika günü münasibətilə Nümayəndələr Palatasında müvafiq qətnamə layihəsini irəli sürüb.

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun həmsədri olan Stiv Kohen bəyanatında Azərbaycan xalqını Respublika günü münasibətilə təbrik edib, 1918-ci ildə Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlamentar respublika qurduğunu vurğulayıb, onun tarixi nailiyyətlərindən söz açıb. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdiyini deyən konqresmen Kohen ölkənin müstəqillik illərində də ciddi çağırışlarla qarşılaşdığını qeyd edib. Bu kontekstdə S. Kohen Azərbaycanın 20% ərazisinin hələ də işğal altında olduğunu bildirib. Konqresmen Azərbaycan və ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlığı, habelə Azərbaycanın Avropa və İsrailin enerji təhlükəsizliyinə töhfəsi kimi məqamları xüsusi vurğulayıb.

Konqresin Nümayəndələr Palatasında irəli sürülmüş Cənubi Qaz Dəhlizinə dəstək ifadə qətnamə layihəsinin əsas müəllifi olan konqresmen Maykl Törner Respublika günü münasibətilə verdiyi bəyanatda əsasən Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mühüm roluna diqqət çəkib. O, Azərbaycan qazını Avropaya daşıyacaq Cənubi Qaz Dəhlizinin Avropanın təbii qazla təchizatının diversifikasiyası baxımından əhəmiyyətini qeyd edib.

Konqresmen Cim Braydenstayn öz bəyanatında Azərbaycanın ABŞ-ın strateji müttəfiqi olduğunu vurğulayıb. O, təmsil etdiyi Oklahoma ştatının Milli Qvardiyasının Azərbaycan Silahlı Qüvvələri ilə “Ştatla Tərəfdaşlıq Proqramı” çərçivəsində sıx əməkdaşlıq etdiyini deyib.

Konqresmen Henri Kuellar də öz növbəsində Azərbaycanın Respublika gününün 96-cı ildönümü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan və ABŞ arasındakı strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Konqresmen Kuellar Azərbaycanın Avropa, Türkiyə və İsrailin enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini qeyd edib.(Apa)


Teqlər:





Xəbər lenti