Azərbaycan qazının siyasi istiliyi – Moldovadan baxış

   Azərbaycan qazının siyasi istiliyi –    Moldovadan baxış
  19 İyun 2023    Oxunub:5398
2022-ci il dekabrın 16-da SOCAR neft-qaz şirkəti Rumıniyanın “Romgaz” şirkəti ilə Azərbaycan qazının 2023-cü il yanvarın 1-dən 2023-cü il aprelin 1-dək Rumıniyaya tədarükünə dair 300 milyon kubmetr həcmində müqavilə imzalayıb. Bu müqavilə 2023-cü il fevralın 3-də 1 il müddətinə – 2023-cü il aprelin 1-dən 2024-cü il aprelin 1-dək uzadılıb.
1 milyard kubmetr qazın tədarükü Cənub Qaz Dəhlizi çərçivəsində həyata keçirilməlidir. Razılaşma təkcə Rumıniyanın deyil, həm də Moldovanın səylərinin bəhrəsidir. Danışıqları hazırda baş nazirin müavini N. Qavrilitsa və Moldova Prezidenti Aparatının baş katibi A.Spınu aparırlar. Spınu baş nazirin müavini olarkən Azərbaycana səfər edib və bu məsələlər barədə ətraflı danışıb.

1 milyard kubmetr Moldova üçün o qədər böyük həcm olmasa da (ölkəmiz ildə təqribən 3,2 milyard kubmetr təbii qaz istehlak edir), əldə olunan razılaşma ona görə vacibdir ki, “Qazprom”un monopoliyasını, nəhayət, dağıdır. Bu, Ukraynada davam edən müharibə şəraitində “Qazprom”un qazı qəfil dayandırması və ya qəza kəmərinin təsadüfən zədələnməsi halında, yaxud yaxın illərdə “Qazprom” ilə mövcud müqavilənin müddəti bitdikdən sonra Moldova hakimiyyətinə qaz ehtiyatlarını artırmağa imkan verir və “Qazprom”un hər hansı şantaj və təzyiq cəhdlərini istisna edir.

Moldova hakimiyyəti hesab edir ki, Azərbaycan qazının qiyməti sakinlər üçün münasib olacaq.

Bu müqavilə hazırda 6 ölkəyə (Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya) qaz tədarük edən Azərbaycan üçün də sərfəlidir. Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə Azərbaycan qazını alan dövlətlərin sayı 10-a çatmalıdır. Nəzərə alsaq ki, 2023-cü ilin sonuna qədər Moldova ilə yanaşı, Macarıstan və Serbiya da qaz alacaq, Azərbaycan rəhbərliyi bu məqsədini həyata keçirməyə yaxındır.

Müqavilə işə düşəndən sonra Azərbaycan qazının Moldovaya nəqli artırıla bilər. Bu da Moldova-Azərbaycan əməkdaşlığını gücləndirəcək. Bu strateji əhəmiyyət kəsb edən hal Moldovaya hələ 2013-cü ildə Aİ ilə imzaladığı 3-cü Enerji Paketi adlanan sazişin şərtlərini 7 il gecikmə ilə də olsa, yerinə yetirməyə imkan verəcək. Üstəlik, ölkəmizi Avropa İttifaqına daha da yaxınlaşdıracaq. Çünki Aİ rəhbərliyinin qoyduğu ilkin şərtlərdən biri enerji mənbələrinin şaxələndirilməsidir.

Ruslan Şevçenko

Moldovalı siyasi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Qaz   Moldova  





Xəbər lenti