İdxal azalmasa inflyasiya zəifləməyəcək – TƏHLİL

   İdxal azalmasa inflyasiya zəifləməyəcək –    TƏHLİL
  15 İyun 2023    Oxunub:3826
İstər dünyada, istərsə də ölkəmizdə inflyasiyanın tempi zəifləmədiyi üçün mərkəzi banklar pul-kredit siyasətlərini sərtləşdirməyə davam edirlər. Hərçənd, bu elə bir effekt vermir, ancaq başqa əlac da yoxdur.
Məsələn, mayın 3-də ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini onuncu dəfə yüksəltməklə 25 bənd artıraraq, 5,00-5,25%-ə çatdırıb. ABŞ-da bu cür faiz artımı 2008-ci il böhranından əvvəl olmuşdu. Yəni, 16 il qabaq...
Avropa Mərkəzi Bankı da uçot dərəcəsini qabaqcadan proqnozlaşdırıldığı kimi 25% bəndi artıraraq, 3,25%-ə yüksəldib. Digər ölkələr də həmçinin...
Məqsəd bahalaşmanın və inflyasiya prosesinin qarşısını almaq, durmadan artmaqda olan tələbi tənzimləmək və təklifi nizamlamaqdır. Ancaq neçə müddətdir buna nail ola bilmirlər. Çünki siyasi proseslərdən doğan bir sıra subyektiv amillər ciddi rol oynayır.

Bu arada, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti də uçot dərəcəsini 0,25% bəndi artırılaraq, 8,75%-dən 9%-ə çatdırmaq haqda qərar qəbul edib. AMB-in məlumatına görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq, 7%-dən 7,5%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq, 9,75%-dən 10%-ə qaldırılıb.

Bu qərarın həm daxili, həm də xarici mühitdə inflyasiyaya təsir göstərən amillərin rolu və eyni zamanda yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınaraq verildiyi bildirilir. Əslində, dünyada inflyasiya bir qədər zəifləyib və zəifləməkdə davam edir. Neftin qiyməti nisbətən düşüb, əvvəlki kimi az qala 100 ABŞ dolları civarında deyil. OPEC+ ölkələri ötən ayın əvvəlində hasilatı azaltmaq qərarına gəlsələr də, görünən budur ki, qlobal iqtisadiyyatda vəziyyətlə əlaqədar qiymətlər 80 dolların üstündə duran deyil. Bu əslində, yaxşı cəhətdir - o mənada ki, yanacaq məhsulları ucuzlaşacaq, bu da qlobal miqyasda bahalaşma və inflyasiya templərini cilovlayacaq.


Ancaq, beynəlxalq ekspertlər o qədər də optimist deyillər. Çünki ortada xeyli qeyri-müəyyənliklər var. Dünyanın bir nömrəli iqtisadiyyatına sahib olan ABŞ böyük risklərlə üz-üzə sayılır. Adı çəkilən ölkədə resessiya başlanarsa neftin qiymətləri düşsə belə, qlobal miqyasda bahalaşma və inflyasiya səngiməyə bilər. Bu hal bizə ikitərəfli zərər yaradacaq: Həm neftin qiymətinin düşməsi ilə gəlirlərimiz azalacaq, həm də inflyasiya idxalı güclənəcək...

Yeri gəlmişkən, AMB-in sədri Taleh Kazımov da bildirib ki, Azərbaycanda inflyasiya 80% təklifdən, yəni idxal inflyasiyasından qaynaqlanır. Hələ yaxşı ki, manatın nominal effektiv məzənnəsi buna azaldıcı təsir göstərir. Yoxsa idxal obrazlı şəkildə desəm, inflyasiya sarıdan vulkan püskürtməsi yaratmışdı. Ölkəmizdə həyata keçirilən sabit məzənnə rejiminin (milli valyutanın dəyərənin inzibati yolla saxlanmasının) nəticəsidir ki, manatın nominal effektiv məzənnəsi ötən il ərzində məhz 8,4%, cari ilin ötən 4 ayında isə 4,8% möhkəmlənib.

Odur ki, neftin ucuzlaşacağı təqdirdə idxal inflyasiyası başımıza daha böyük bəla aça bilər. Ölkəmizə inflyasiya idxalını tezliklə neytrallaşdırmaq qeyri-mümkün sayılır. Daxili bazarımız idxaldan asılı olduğundan, yerli istehsal nə qədər çox stimullaşdırılsa belə, bundan qısa müddət ərzində yaxa qutarmaq mümkün hesab edilmir. İdxal isə getdikcə artır. Ümumi idxalın tərkibində yeyinti məhsullarının payı çoxalır. Buna görə də inflyasiyanı və daxili istehlak bazarında bahalaşmanı kənar amillərin alovlandırdığını qeyd etməyə məcburuq. Bahalaşma ilə inflyasiyanın əsas daşıyıcısı elə yeyinti məhsullarıdır.

Odur ki, bu məsələ xüsusi diqqət tələb edir. “İdxal olunan yeyinti məhsulları” dedikdə söhbət ət, süd, qaymaq, yağ, meyvə-tərəvəz, çay, buğda, arpa, qarğıdalı, düyü kimi məhsullardan gedir. AMB-in uçot dərəcəsini qaldırması ilə pul-kredit siyasətini sərtləşdirməsi idxalı məhdudlaşdırmağa yardım edirmi?! Xeyr. Sərt pul-kredit siyasəti əksinə, iqtisadi fəallığı zəiflədir.

Əslində ərzaq və yeyinti məhsullarının ölkəyə getdikcə daha çox gətirilməsinin qarşısı alınmalı, bunun üçün onu stimullaşdırılan amillər aradan qaldırılmalıdır. Əks təqdirdə qeyri-neft sektorunun inkişafı ilə bağlı seçilmiş prioritet təhlükə altında qalacaq. Çünki onun əsas qolu aqrar sektor - kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sayılır.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın ümumi ixracının dəyəri 12,6 milyard ABŞ dolları, qeyri-neft ixracının dəyəri isə 1,2 milyard ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 21,2% artıb. Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın dəyəri 9,1% artaraq 248,2 milyon ABŞ dolları təşkil edib. Aqrar-sənaye məhsullarının yaratdığı dəyər 1 il əvvələ nisbətən 53,8% artaraq 74,7 milyon ABŞ dolları olub.

Demək istədiyim budur ki, yerli istehsal və bu sahədə çalışan işgüzar fəallıq dəstək istəyir. AMB inflyasiyaya ilə mübarizəylə yanaşı, bunun da qayğısına qalmalıdır. Bu isə bank sektorunun likvidliyindən geniş mənada yararlanmaq yolunu tapmağı tələb edir.

Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:





Xəbər lenti