Rəsmi qəbulda Avropa Şurasının baş katibinin müavini Qabriella Battaini-Draqoni, təşkilatın yüksək rütbəli şəxsləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin üzvləri və numayəndələri, AŞ yanında və Strasburqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət və yerli qurumların təmsilçiləri, Strasburqdakı akademik dairələrin, şəhər ictimaiyyəti nümayəndələrinin, eləcə də Azərbaycan və türk diasporunun təmsilçiləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, Səfir E.Eyyubov 28 May - Respublika Gününün yaranması tarixi və əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verərək, 96 illiyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk dünyəvi demokratik parlament respublikası olduğunu qeyd edib. O, mürəkkəb siyasi vəziyyətə və qısa zaman ərzində mövcudluğuna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin bərabərliyə, hüququn aliliyi, insan haqlarının qorunması və təşviqinə əsaslanan demokratik, müasir və dünyəvi dövlət sisteminin formalaşdırılması sahəsində mühüm addımlar atdığını, mütərəqqi islahatlar həyata keçirdiyini, eləcə də qadınlara ilk dəfə seçki hüquqi verdiyini xüsusi vurğulayıb.
Sonra Səfir Azərbaycanın 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa etdiyini qeyd etmiş, xalqımızın tarix boyu öz müstəqilliyi üçün böyük qurbanlar verdiyini bildirmişdir.
E.Eyyubov müstəqilliyini yenidən qovuşduqdan sonra Azərbaycanın ağır sınaqlardan keçməsinə baxmayaraq, siyasi, iqtisadi, hüquqi və sosial sahələrdə böyük islahatların həyata keçirildiyini diqqətə çatdırıb. O, demokratiya ənənələrinə sadiq olan Azərbaycanın 25 yanvar 2001-ci ildə Avropa Şurasına üzv olduğunu və bunun cəmiyyətin demokratikləşməsi və hüquqi dövlətin formalaşması istiqamətində əhəmiyyətini qeyd edib. O, bu ilki Respublika gününün qeyd edilməsinin təşkilata üzv olduğu müddətdə ölkəmizin ilk dəfə Nazirlər Komitəsinə sədrlik etdiyi dövrə təsadüf etdiyini diqqətə çəkib. Bu gün Azərbaycanın hüquqi , demokratik və dünyəvi dövlət bir dövlətdir.
Səfir müstəqilliyini yenidən bərpa edən Azərbaycanın Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü il sentyabr ayında müxtəlif ölkələrin aparıcı şirkətləri ilə birlikdə imzalan “ Əsrin müqaviləsi “ sayəsində ölkənin iqtisadiyaytının inkişaf etdiyini, Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunmasında və əsaslarınının möhkəmlənməsində mühüm rolu olduğunu bəyan edib.
Azərbaycanın geostrateji movqelərini möhkəmləndirərək beynəlxalq aləmdə öz yerini tutduğunu diqqətə çəkən Emin Eyyubov Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini və artıq öz xalqına xidmət edən güclü, demokratik və çiçəklənən dövlətə çevrildiyini vurğulayıb.
Azərbaycanı Avropada tanıtmaq istiqamətində bir çox layihələri həyata keçirən Avropa-Azərbaycan Cəmiyyətinin Belçika ofisinin rəhbəri Roman Huna çıxışında Respublika Gününün Avropa Şurasının mənzil-qərargahında qeyd olunmasından məmnunluq hissi duyduğunu, tədbirin Şərq aləmində ilk dəfə Azərbaycanda müstəqil və demokratik dövlət qurulması barədə iştirakçılara məlumat vermək və avropalılara tanıtmaq baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Sonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) dəstəyi nəticəsində azərbaycanlı skripka ustası Sabina Rakçeyeva və "Deco" ansamblının ifasında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərləri səsləndirilib.