Rusiya iqtisadiyyatı sanksiyalara necə uyğunlaşdı – Müsahibə

   Rusiya iqtisadiyyatı sanksiyalara necə uyğunlaşdı –    Müsahibə
  29 May 2023    Oxunub:2560
“Ukraynada xüsusi əməliyyat başlayandan sonra Rusiya iqtisadiyyatı 2008 və 2014-cü illərdə yaşadığı şokla müqayisə oluna biləcək bir sarsıntı yaşadı, fəaliyyət göstərdiyi xarici mühit bir anda kəskin şəkildə dəyişdi. İstehsal azalmağa başladı, ÜDM-in azalmasını pessimistlər illik 10-12 faizi səviyyəsində proqnozlaşdırdılar. Amma milli iqtisadiyyatda qeyri-sabitlik və qeyri-müəyyənlik dövrü qısamüddətli oldu. Rusiya iqtisadiyyatı sabitləşə və yeni əlverişsiz şəraitdə inkişafını təmin etmək üçün struktur islahatlarına başlaya bildi”.
Bu sözləri AzVision.az -a müsahibəsində iqtisad elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin professoru Stanislav Tkaçenko deyib. O bildirib ki, söhbət ilk növbədə maliyyə sisteminin sabitliyindən və xarici dünya ilə ticarətin əsas kanallarının qorunub saxlanmasından gedir:

- Rusiya rublu iki aylıq enişdən sonra stabilləşdi, dünya valyutalarına nisbətdə münaqişədən əvvəlki məzənnəyə qayıtdı və hətta onu ötdü. Dövlət büdcəsi dəqiq və tam həcmdə icra edilib. Kiçik bir kəsir yaransa da, makroiqtisadi sabitlik üçün ölümcül nəticələr vermədi. Xarici ticarətin həcmi bir qədər azaldı, lakin əmtəə qiymətlərinin müstəsna dərəcədə yüksək olması səbəbindən ixracdan valyuta gəlirləri, əksinə, artdı və 2022-ci il ərzində belə qaldı.

- İdxalı əvəzləmək mümkün oldumu?
- İdxalın əvəzlənməsi səyləri dərhal olmadı, lakin yenə də Rusiya sənayesindəki işlərin vəziyyətinə müsbət təsir etdi. Buna irimiqyaslı büdcə inyeksiyaları, eləcə də paralel idxalı dəstəkləmək üçün görünməmiş proqram kömək etdi, həyata keçirilməsində dünyanın onlarla ölkəsinin özəl şirkətləri Rusiyaya kömək etdi. Nəticədə Rusiya 2022-ci ili iqtisadiyyatı üçün əlverişsiz, lakin dağıdıcı olmayan göstəricilərlə başa vurdu: ÜDM 2,1 faiz azaldı, inflyasiya 11 faizdən çox oldu, əhalinin həyat səviyyəsi və gəlirləri bir qədər aşağı düşdü. İqtisadiyyat sənaye imkanlarından görünməmiş yüksək səviyyədə istifadə etdi və bütün postsovet dövründə məşğulluğun rekord səviyyəsini yaşadı: işçi qüvvəsinin yalnız 3,5 faizi işsiz idi ki, bu da praktikada tam məşğulluq deməkdir.
Döyüşən ölkədə həyat: Ukrayna necə yaşayır – Müsahibə

- Ölkənin sadə vətəndaşları müharibənin nəticələrini nə dərəcədə hiss edirlər?
- 2022-ci ildə inflyasiya əhalinin əhəmiyyətli dərəcədə yoxsullaşmasına səbəb olub. Yalnız 2023-cü ilin birinci rübünün sonunda inflyasiya böhrandan əvvəlki səviyyəyə qayıtdı (ildə 3-4 faiz), ona görə də, onun rusların həyatına mənfi təsiri indi çətin nəzərə çarpır. 2022-ci ildə ölkənin daxili bazarında ənənəvi olaraq Avropa və ABŞ-dan gələn istehlak məhsulları və avadanlıqlar, dəzgah və alətlər, mikroelektronika və nəqliyyat sahəsində mal qıtlığı yaranıb.
Yalnız daxili bazarın dost dövlətlərin malları ilə təmini üzrə aktiv tədbirlər, eləcə də paralel idxal bazarın mallarla doyurulması probleminin həllinə kömək etdi. Nəqliyyat əlaqələrinin qırılması rusların Avropaya səyahətini, demək olar ki, qeyri-mümkün etdi və ya olduqca bahalaşdırdı, lakin burada mənfi təsir az nəzərə çarpdı, çünki bu səfərlər pandemiya zamanı kəsildi və sonra siyasi səbəblərə görə heç vaxt bərpa olunmadı.

- İqtisadiyyatin dayanıqlığının artırılması və sanksiyalar qarşısında vətəndaşların dəstəklənməsi üçün Rusiya hökuməti hansı tədbirləri həyata keçirir?
- Rusiya hökuməti 2022-ci ilin yazında milli iqtisadiyyatın dayanıqlığını və onun Ukraynadakı xüsusi əməliyyatın ehtiyaclarına istiqamətlənməsini təmin etmək üçün bir sıra fövqəladə tədbirlər hazırlayıb. İndi biz çox vaxt rəsmi şəkildə elan olunmayan bu tədbirlər haqqında daha yaxşı təəssürat əldə edə bilərik. Rusiya hökumətinin 2022-2023-cü illər üçün antiböhran tədbirləri silsiləsinin əsas xüsusiyyətlərini qeyd edəcəyəm.
Rusiya Bankı və Maliyyə Nazirliyi inflyasiyanın azaldılması, büdcənin tarazlaşdırılması, rublun məzənnəsindəki dalğalanmaların amplitudasının azaldılması, ticarətinin və ümumən iqtisadi sistemin liberal xarakterini qorumaq üçün səylər göstərərək, makroiqtisadi sabitliyi təmin etdi.
Özəl şirkətlərə yardım proqramları vasitəsilə biznesin və vətəndaşların Rusiya iqtisadiyyatının sabitliyinə inamı qorundu, onların kredit resurslarına çıxış imkanları genişləndirildi.
Rusiyanın cənub və şərq sərhədlərində yeni nəqliyyat və logistika marşrutları yaradıldı, malların Baltik sahillərindəki limanlardan Uzaq Şərqin, Qara dənizin liman komplekslərinə çatdırılması üçün əsas nəqliyyat axınlarının istiqaməti dəyişdirildi.
Xüsusi əməliyyatda iştirak edən hərbi qulluqçuların ailələrinə genişmiqyaslı yardım hərbi çağırışın mənfi iqtisadi təsirini azaltmağa imkan verdi.

- Xarici ticarətdə hansı mənzərə yaranıb?
- Avropa ölkələri ilə ənənəvi irimiqyaslı ticarət-iqtisadi əlaqələrin mənfi təsirinin azaldılması və dost dövlətlərlə ticarətin kəskin artması baş verdi. Ticarət dövriyyəsi 2022-ci ildə Çinlə 190 milyard dollara, Türkiyə ilə 70 milyard dollara, Hindistanla 50 milyard dollara çatıb. Bu il bu ölkələrlə, eləcə də Asiya, Afrika, Sakit okean və Latın regionunun onlarla ölkəsi ilə ticarətin artım tempi müşahidə olunub.
Qərb sanksiyaları Rusiyanın ixrac gəlirlərini azaldıb, çünki Rusiya şirkətləri yeni tərəfdaşlarla əməliyyatları genişləndirmək üçün ixrac olunan məhsullara böyük qiymət endirimləri etməyə məcbur olurlar. Amma hazırda əhəmiyyətli qiymət endirimləri dövrü başa çatıb, ona görə də ümumilikdə Rusiyanın ixrac malları dost ölkələrə dünya qiymətlərinə yaxın qiymətlərlə göndərilir.

Samir Vəliyev
AzVision.az


Teqlər:   Rusiya   Sanksiya  





Xəbər lenti