Ermənistan: Ağrılı son başlayır – Ədalət Verdiyevin yazısı

// Paşinyan ciddi daxili müqavimətlə üzləşə bilər. Amma bu, Azərbaycanın problemi deyil

   Ermənistan: Ağrılı son başlayır –    Ədalət Verdiyevin yazısı
  25 May 2023    Oxunub:4281
Ermənistan heç vaxt təkbaşına Azərbaycana qarşı ciddi müqavimət göstərmək imkanına malik olmayıb. Sadəcə, daim nökərçilik etdiyi ölkələrin hesabına 90-cı illərin əvvəlində Azərbaycan ərazilərini ələ keçirə və bir müddət işğalda saxlaya bilmişdi. Vətən Müharibəsində və ondan sonra baş verən toqquşmalarda Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman Silahlı Qüvvələrimiz Ermənistanın nəinki ordusunu və hərbi potensialını, həm də milli təhlükəsizlik konsepsiyasını darmadağın etdi.
Ermənistan 10 noyabr 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanmasından keçən vaxt ərzində müxtəlif bəhanələrlə qeyri-müəyyənlik vəziyyətini uzatmağa çalışsa da, artıq bu limit tükəndi. Mayın 17-də baş nazir Nikol Paşinyan Qarabağı, Şərqi Zəngəzuru və işğal altındakı 8 kəndimizi Azərbaycanın tərkib hissəsi kimi tanıdı. Paşinyanın bu addımı daxili gərginlik ilə bərabər, bir çox başqa problemlər də yaradıb.

İqtidar-müxalifət münasibətlərinin fiziki qarşıdurma vəziyyətinə çatdığı Ermənistanda daim işğalı dəstəkləyən Apostol kilsəsi Paşinyana qarşı çağırışlarını intensivləşdirib. Erməni diasporu və “Qarabağ klanı” ilə mövcud iqtidarın münasibətləri bərbad vəziyyətdədir. Bu gün təhlükəsizliyini təmin edə bilməyən, “sülh dilənçisi”nə çevrilən Ermənistanda iqtidar-müxalifət-“Qarabağ klanı”-“kilsə”-“diaspor” arasında münasibətlərdə dərin çatlar yaranıb.

Digər tərəfdən, Paşinyanın oğlu Aşotun “oğurlanma” əhvalatı və bu işdə günahkar bilinən əsgər anası Qayane Akopyanın həbsi və s. ictimai-siyasi gərginliyi bir qədər də artırıb. Belə olan halda Ermənistanda yaxın aylarda mitinq və yürüşlər ara verməyəcək, gah Azərbaycanla sərhəddə, gah Qarabağda, gah da İrəvanda etiraz aksiyaları qaçılmaz olacaq. MPG/Gallup Beynəlxalq Assosiasiyasının sorğularına əsasən, Ermənistan vətəndaşlarının 53%-i baş nazir Nikol Paşinyanın fəaliyyətini bəyənmir. Bu isə o deməkdir ki, mitinqlərdə insan qıtlığı da olmayacaq.

Yaxın həftələrdə Ermənistanın baş naziri sülh sənədini və ya heç olmasa çərçivə sazişini imzalamalıdır. Bu, fərarilər ölkəsinin daxilində daha sərt qarşıdurmanın yaranmasına səbəb olacaq. Rusiyameylli müxalifət rəhbərləri gözlənilən böhranı daha da qızışdırırlar.

Paşinyanın komandası erməni xalqını onilliklər boyu inandığı miflərdən qismən xilas etməyə çalışır. İqtidar mühüm geosiyasi qərarlar qəbul etmək zərurətini anlamağa başlayıb və bu fikirləri açıq səsləndirir. Amma ermənilərin tərəfinin nəzərə almalı olduğu bir neçə məsələ mövcuddur:

• Ermənistan Azərbaycana qarşı ərazi iddialarından yazılı şəkildə əl çəkməyə qədər təhlükəsizlik problemini həll edə bilməyəcək.
• Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sənəddə
- sərhədlərin delimitasiyası və sonrakı demarkasiya
- 8 kəndimizin geri qaytarılması
- Ermənistanın Qarabağda qanunsuz qalmaqda davam edən silahlılarının çıxarılması
- Zəngəzur dəhlizinin açılması
- Azərbaycana vurulan zərərə, o cümlədən, minaların təmizlənməsinə çəkilən xərclərə görə kompensasiyaların ödənilməsi
nəzərə alınmalıdır.
Sazişdə yazılı qeyd olunanlar qrafik təsvirlər və irimiqyaslı xəritələr üzərində əksini tapmalıdır.
• Ermənistan müxalifətinin, “Qarabağ klanı”nın, Apostol kilsəsinin və xaricdəki erməni diasporunun etirazları, daxili problemlərdən istifadə edərək piketlər keçirməsi, Paşinyanın sərt tənqid edilməsi və s. bəhanələr Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Həmin qüvvələr 30 illik işğal dövründə törətdikləri vəhşiliklərə görə bir gün cavab verəcəklərini düşünməli idilər. Sözlə anlamayanları “Dəmir Yumruq” ilə başa sala bilərik və bu sahədə Əsgərimiz kifayət qədər böyük təcrübəyə malikdir.

İrəvan ən geci bu ilin sonuna qədər Bakı ilə “Sülh Sazişi” imzalamağa məcburdur, əks halda, Azərbaycan Ermənistan tərəfindən istənilən atəşkəs pozuntusunu növbəti ərazi iddiası kimi dəyərləndirə bilər. Təcrübə göstərir ki, fərari erməni ordusunun qalıqları rəsmi Bakının cavab reaksiyasının qarşısını almaq potensialına malik deyil. Aİ-nin hərbi missiyasının və KTMT-nin belə bir niyyəti olmayıb, yoxdur və olmayacaq. Fransa və İranın “cəfakeş ermənilərə dəstəyi” isə heç vaxt real meydanda özünü göstərməyəcək.

Hazırda Ermənistan daxildən çalxalanır. Bu, bəlkə də vətəndaş müharibəsinə aparıb çıxaracaq. Parlamentin hər iclasında gərginlik yaranır, deputatlar yumruq davasında güclərini sınayırlar. “Qarabağ klanı”nın 1999-cu il təcrübəsindən yararlanaraq, Paşinyanı devirmək və ya aradan götürmək məqsədilə müxtəlif addımlar ata biləcəyi də istisna deyil.

Ermənistanla yaxın ölkələr Azərbaycanla münasibətləri pozmaq istəmirlər. Ermənistanın siyasi rəhbərliyi onları “öhdəliklərini yerinə yetirməyən saxtakar müttəfiqlər” adlandırır. Halbuki müttəfiqlərini dəyişmək və öhdəliklərini yerinə yetirməmək baxımından Ermənistanın özü dünya “lideri”dir. Ermənistan bu cür davranışları ilə özünə daha çox təhdidlər yaratdığının hələ də dərk etmir və məğlubiyyətinə görə günahı başqalarında axtarır.

Ermənistan cəmiyyəti bu gün parça-parça olub. Krılovun məşhur təmsilində arabanı müxtəlif tərəflərə çəkən qüvvələrin sayı 3 idisə, Ermənistanda ən azı 5-dir. Atın izi itin izinə qarışıb. Dövlət təhlükəsizliyinin əsasları tamamilə sarsılıb. Bütün bunlar həm sərhəddə, həm də rus kontingentin nəzarətində olan ərazilərdə intensiv təlimlər keçirən erməni silahlıları tərəfindən təxribatlarının mümkünlüyünü ehtimal etməyə əsas verir. Odur ki, şərti sərhəddə və rusların müvəqqəti nəzarət etdiyi ərazidə sayıqlığı artırmalı, mümkün təxribatların qarşısını əvvəlcədən almalıyıq. Düşmənin hava hücumu vasitələrini isə mövqelərimizə yaxınlaşmağa imkan vermədən zərərsizləşdirməliyik.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: Ermənistan  





Xəbər lenti