Everestə protezlə çıxanlar: Özünə qalib gələnlərin HEKAYƏSİ

      Everestə protezlə çıxanlar:    Özünə qalib gələnlərin    HEKAYƏSİ
  23 May 2023    Oxunub:1301
Nepallı Hari Budha Maqar alpinizm tarixinə protezlə Everesti fəth etməsi ilə düşüb. “The Guardian” yazır ki, Maqar dizdən yuxarı amputasiya ilə Yer kürəsinin ən hündür nöqtəsinə qalxan ilk insan olub.
Özünə qalib gəlməyin heyrətamiz hekayəsi Hari Budha Magar üçün Everesti fəth etməsindən çox əvvəl başlayıb. Dünya şöhrətli rekordçu Nepalın ucqar kəndində çox kasıb bir ailədə anadan olub. O, uşaqlıqdan zirvələri fəth etmək arzusunda idi... 19 yaşında Maqar qurxaların sıralarına - Britaniya ordusunda xidmət edən nepallı könüllülərə qoşulub. 2010-cu ildə Əfqanıstanda hərbi xidmətdə olarkən alpinist əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində hər iki ayağını itirib.

15 illik xidmətdən sonra əlil qalmağı qəbul etmək asan olmayıb. Maqar uzun müddət bununla barışmayıb. O, çox dərin depresiyyalara düşüb və içki aludəçisinə çevrilib. Ancaq günlərin birində möcüzə baş verib. Battle Back xeyriyyə təşkilatı ona paraşütlə tullanmağı təklif edib. Elə bundan sonra Maqarın həyatında hər şey dəyişib.

Alpinist "Qorxaq olmaqdansa ölmək yaxşıdır" devizinə əsaslanaraq, razılaşıb və uğurlu eniş edib. Bundan sonra o, növbəti inanca sığınıb: "ayaq yoxdur - maneə də yoxdur". Bu gedişlə rekordçunun idmana, daha sonra isə alpinizmə çox böyük ehtirası yaranıb.

İdmançı insanların əlillik anlayışını dəyişdirəcəyinə qərar verərək uşaqlıq arzusuna qayıdıb. O, elə ruhlanıb ki, hətta ayaqsız yaşamağın faydaları ilə bağlı zarafatlar da edib. Məsələn, insanlara deyirmiş ki, ayağın yoxdursa, "qoxuyan corabın yoxdur" və ya "çox kiçik divanlarda uzana bilərsən"...

Nepallılar Everest zirvəsini fəth etməyə hazırlaşarkən yerli hökmət orqanları yamacda ölüm hallarının sayını azaltmaq üçün amputasiyalılar, eləcə də kor və qocalar üçün dırmaşmağa qadağa qoyur. Maqar bu qərara qarşı kampaniya aparır, hətta o, BMT-nin ofislərinə belə müraciət edir.

İcazə aldıqdan sonra veteran alpinistlər qrupun tərkibində arzuladığı zirvəyə çatır. Dağdan sağ-salamat enəndən sonra rekordçu “sağ ol” demək üçün ayağını itirdiyi yerə- Əfqanıstana qayıtmaq istədiyini bildirir.

Everest ilk dəfə deyil ki, öz taleyinə meydan oxumaq istəyənləri cəlb edir və çətinliklərin onları sındırmadığını göstərir. Himalay məlumat bazasına görə, 15 əlil insan zirvəyə yüksəlib. Aralarında ayaqları amputasiya olunmuş iki alpinist də var. Onlardan biri Yeni Zelandiyalı alpinist və xilasedici Mark İnqlisdir. O, 1982-ci ildə Kuk dağına qalxarkən hər iki ayağını donma nəticəsində itirib. Ancaq o ruhdan düşməyib, əksinə sevdiyi işlə məşğul olmağa davam edərək, protezlərdə Yer kürəsinin ən yüksək nöqtəsini fəth edən ilk şəxs olub.



İkinci alpinist isə çinli Xia Boyudur. O, ayaqlarını 1975-ci ildə ilk dəfə Everesti fəth etməyə çalışarkən itirib. O vaxtdan bəri üç dəfə zirvəni fəth etməyə çalışıb və yalnız beşinci cəhdində 69 yaşında, müqəddəs arzusuna çatıb.



Hindistan sakini Arunima isə 2013-cü ildə Everest zirvəsinə qalxan ilk əlil qadındır. Ayaqlarını oğruların onu qatarın altına itələməsi nəticəsində itirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti