Seçki separatizmi: Qaqauzları Rusiyaya bağlayan nədir – Müsahibə

      Seçki separatizmi:    Qaqauzları Rusiyaya bağlayan nədir –    Müsahibə
  14 May 2023    Oxunub:6624
Bu gün Qaqauziyada, daha dəqiq desək, Moldovanın cənubunda yerləşən “Qaqauz Yeri” İnzibati-Ərazi Vahidində başqan seçkisinin ikinci turu keçirilir. Birinci tur aprelin 30-da baş tutmuşdu.
Birinci turda mübarizə aparan 8 namizəddən ikisi (D.Kroytor və M.Formuzal) əvvəllər də bu vəzifəni icra etmişdilər. İkinci turda mübarizə Yevgeni Qutsul Qriqori Uzunu n arasında gedir. Moldova mərkəzi mətbuatında da işıqlandırılan seçki kampaniyası qalmaqal və qarşıdurma olmadan keçib. Çünki müxtəlif yerli özünüidarəetmə orqanlarına seçkilərdə dəfələrlə iştirak etmiş namizədlərin hər birinin fikri regionda yaxşı məlumdur.

Moldovalı politoloq, tarix elmləri doktoru Ruslan Şevçenko AzVision.az -a müsahibəsində bildirib ki, namizədlər əsasən müxtəlif yerli klanlara mənsub olmaları və rusiyapərəstlik dərəcəsi ilə fərqlənirlər:


- 1990-cı illərin əvvəllərindən Moldova hakimiyyəti o vaxt separatçılıq meyillərinin hökm sürdüyü regionda aparıcı mövqelərini itirib. Hazırda regionda çox zəif və nisbi təsirə malikdir. Ona görə də, “Qaqauz Yeri” İƏV-də öz tərəfdarlarını rəhbər vəzifələrə yerləşdirməyə böyük çətinliklə nail olur. Məsələn, rayonun Xalq Məclisinin (yerli “parlament”in) hazırkı sədri D.Konstantinov bu vəzifəyə bu hakimiyyət orqanının deputatlarına uzun sürən təzyiqlərdən sonra yalnız 15-ci (!) cəhddən sonra seçilib. Eyni səbəbdən, hazırkı seçkilərdə mərkəzi hakimiyyət orqanlarının başqan vəzifəsinə ümumiyyətlə, öz namizədi yoxdur. Ölkə hakimiyyətinin dialoq apara və əməkdaşlıq edə bildiyi bir neçə namizədin - Vulkanesti rayon mərkəzlərinin keçmiş merləri S. Çernev və N.Dudoqlo ikinci tura keçmədilər. Onlar seçkidə yalnız yerli sakinlər tərəfindən unudulmamaq üçün iştirak edirdilər.

- Hazırda hansı namizədin üstünlüyü var?
- Birinci turda üç əsas namizədin olduğu güman edilirdi. Bunlar V. Petrov, Q. Uzun və D. Kroytor idilər. Yerli iş adamı Petrov regionda Kremlin ən açıq və aşkar tərəfdarı kimi tanınır, o, qubernator olarsa, ardıcıl və güzəştsiz olaraq separatçıların əsas məqsədinə nail olmağa çalışacağını bildirmişdi. Kremlin adamı olan Petrovun şəxsiyyəti Rusiya bir çox moldovalı solçuları qorxudurdu. Onun ucbatından hətta Sosialist Partiyasında parçalanma baş verdi. Partiyanın aparıcı simalarından biri Vasile Bolya (Moldovanın hazırkı kənd təsərrüfatı naziri Vladimir Bolyanın adaşı) rəhbərliyin fikrinin əksinə gedərək, V.Petrovu dəstəklədiyini elan etdi. O, bir sıra yerli partiya fəallarını öz tərəfinə çəkib.

Kroytor 1999-2002-ci illərdə başqan olub, o vaxtdan bəri regional strukturlarda nüfuzunu kifayət qədər saxlayıb və hələ də təkcə seçicilərin müəyyən hissəsi deyil, həm də yerli idarəçilər tərəfindən dəstəklənir. Kroytor başqan olarkən zahirən zəif, tərəddüdlü mövqe tutaraq İ.Burqudjinin başçılıq etdiyi yerli rusiyapərəst ekstremistləri gücləndirmək üçün hər şeyi etdi. Əgər hansısa güzəştlər sayəsində (hələ ki bu mümkün deyil, lakin yenə də) başqan olarsa, yerli sakinlərin ən döyüşkən və aqressiv rusiyapərəst təbəqəsini gücləndirmək üçün mümkün olan hər şeyi edəcəkdi. Bu isə mərkəzi orqanlar üçün yaxşı heç nə vəd etmirdi...

Qriqori Uzunu regionda nisbətən güclü mövqeyə malik olan Sosialist Partiyası dəstəkləyir. Ancaq bu məsələ mübahisəlidir, çünki o, bir sıra qalmaqallarda iştirak edib. 2019-cu ildə göldə vəftiz (xaç suyuna salma) mərasimi zamanı sərxoş halda yaşlı bir kişini döyüb. Döyülən şəxs Uzunun əleyhinə ifadə verməkdən qorxaraq, “başının buza çırpıldığını” bildirib.
Sosialistlər Uzunun tərəfini tutdular və bildirdilər ki, guya o, sifarişli qətldə şübhəli bilinən şəxsin döydüyü Vulkaneşti sakininin müdafiəsinə qalxıb.
Daha sonra Uzun Vulkanesti şəhərinin meri V.Petrioğlu ilə mübahisə edib və onlar bir-birini zibilxananı qəsdən yandırmaqda ittiham ediblər.

Yeni qalmaqal Xalq Məclisi sədri ilə mübahisə edən Uzunun ona “mikrofonu arxana sox” deyə qışqırması ilə bağlıdır. O, yerli sakinlərə Rusiya Federasiyası, MDB, Türkiyə ilə “sıx əməkdaşlığı gücləndirəcəyini” və regionun imkanlarını daim genişləndirmək üçün onun “hüquqlarını müdafiə edəcəyini” vəd edir. Uzunun spesifikliyi ondadır ki, uzun illərdən sonra burada Kremlin birmənalı dəstəyini ilk dəfə itirən sosialistlər ona alternativ namizədi dəstəklədilər. Lakin onun mövqeyi Petrov qədər güclü deyil və bu gün açıq-aşkar ondan geri qalır.

- Qaqauzların bu seçkilərdən gözləntiləri nədir?
- Müxtəlif sorğular və müsahibələr zamanı yerli sakinlərin daim səsləndirdiyi mesaj var: Rusiya ilə siyasi, iqtisadi, mədəni və digər əlaqələrin gücləndirilməsi. Yalnız bölgə sakinlərini bu istəkləri yerinə yetirəcəyinə başqalarından daha çox inandıra bilən namizəd qalib gələ bilər. “Qaqauz Yeri” İƏV başqanlığına namizəd olmaq və ən azı sözdə Kremlin möhkəm tərəfdarı olmamaq mümkün deyil, əks halda bu regionda heç bir siyasi gələcəyiniz olmayacaq.
Odur ki, nisbətən orta mövqedən çıxış edən namizədlər belə seçki kampaniyası zamanı Rusiya hakimiyyətinin və şəxsən Putinin hər hansı təşəbbüs və ideyalarını tam təsdiqlədiklərini bəyan etməyə məcburdurlar. İndi bu tələbə Rusiya ordusunun Ukraynada apardığı “xüsusi əməliyyatı” dəstəkləmək və hər cür təşviq etmək öhdəliyi də əlavə olunub. Buna səbəb qaqauzların əksəriyyətinin Rusiya Federasiyasını Ukraynaya qarşı fəal şəkildə dəstəkləməsi və 2014-cü ildən regionun bəzi sakinlərinin Donbasda separatçıların tərəfində vuruşmasıdır.

- Moldovanın bu cənub bölgəsini Rusiya ilə əslində nə birləşdirir?
- Bu məsələnin kökü tarixə gedir. Bir zamanlar Osmanlı İmperiyasına aid olan Dobrucada (indiki Rumıniyanın cənub-şərqi və Bolqarıstanın şimal-şərqi) əsrlər boyu yaşayan qaqauzlar XVIII əsrdə və XIX əsrin əvvəllərində rus qoşunlarına dəstək verməyə çalışdıqları üçün sıxışdırılıblar. Türk hökmranlığından qurtulmağa çalışaraq, çar I Aleksandra onları himayəsinə almaq xahişi ilə müraciət ediblər. Aleksandr bu xahişi yerinə yetirərək, 1810-cu ildən sonra onlara Dunay çayını aşaraq, müasir Moldova ərazisinə və Ukraynanın Odessa vilayətinin cənub hissəsinə keçməyə icazə verdi, bir müddət vergilərdən və hərbi xidmətdən də azad etdi.

“Türk yeniçəri qoşunlarından qurtulduqlarına” görə o vaxtdan etibarən qaqauzlar arasında Rusiyaya sonsuz minnətdarlıq hissi aşılanmağa başlandı. Çar hökuməti, sonra isə Sovet hakimiyyəti (1940-cı ildən sonra) yerli əhali arasında bu ideyanı hər cür dəstəklədi. Bunun nəticəsidir ki, regionda gələcəklərinin yalnız Rusiyada olduğuna, Rusiyadan gələn hər hansı ideyanın dəstəklənməli olduğuna inanan bütöv bir nəsil yetişib. Bu mövqe ilə razılaşmayanlar isə hərtərəfli təqib olunub.

Bu mövqe 2014-cü il fevralın 2-də keçirilən anti-konstitusion “plebissit” zamanı da ifadə edilib. Ona görə də, “Qaqauz Yeri” İƏV-də Rusiya Federasiyasının əleyhdarları demək olar ki, yoxdur, bununla belə, əleyhinə danışan hər kəs terrora məruz qalır və qorxudulur. Hətta açıq şəkildə bölgəni tərk etmək tələb olunur.
Rusiya hakimiyyəti regionda rusiyayönlü fanatizmi hər cür alovlandırır. Bu şəraitdə Moskva ilə əməkdaşlıqdan başqa nəyisə müdafiə etmək praktiki olaraq qeyri-mümkündür və Moldova hakimiyyəti bu çətin vəziyyətdə nə edəcəyini hələ də düşünməyib. Amma bu məsələ mütləq öz həllini tapmalıdır. Regionun gələcəyi daha çox ölkəmizin mərkəzi orqanlarının hansı strategiyanı seçməsindən asılı olmalıdır.

Seymur Məmmədov
AzVision.az



Teqlər: Qaqauziya   Seçki  





Xəbər lenti