“ATAK” hücuma hazırlaşır – TƏHLİL

// Ədalət Verdiyevin Türkiyənin yeni helikopterindən gözləntiləri

   “ATAK” hücuma hazırlaşır –    TƏHLİL
  01 May 2023    Oxunub:6485
Son illər Türkiyədən mütəmadi olaraq yerli pilotlu və pilotsuz aviasiya vasitələrinin yeni sınaqları və silahlanmaya qəbulu barədə sevindirici xəbərlərə rast gəlirik. Bu yaxınlarda TAİ-nin hazırladığı “T929 ATAK-2” hücum helikopterinin sınaqlarına başlanıldığı məlum oldu. Son həftələrdə prototipin və onun ayrı-ayrı sistemlərinin ilk yerüstü sınaqları keçirilib.
Aprelin 26-da ilk dəfə vertolyotun mühərrikləri işə salındı. Güc qurğusunun sınağı yerüstü avadanlıq və kommunikasiyalara qoşulan qapalı stenddə aparıldı. İlk sınaqların təfərrüatları tam açıqlanmır. Nəticə lər müsbətdir, hazırda növbəti sınaqlara hazırlıq gedir. İstehsalçı şirkət sınaqlara təxminən iki il sərf etməyi planlaşdırır. Kütləvi istehsala 2025-ci ildə başlanılacaq.

Hazırda Türkiyə ordusunun aviasiyası iki döyüş helikopteri - ABŞ-nin AH-1 “Cobra” və Türkiyə-İtaliya birgə istehsalı olan “T129 ATAK” ilə silahlanıb. Hər iki vasitə yüngül sinfə aiddir, bu da onların döyüş qabiliyyətini qismən məhdudlaşdırır. Buna görə də ötən onilliyin ortalarında Türkiyə komandanlığı müvafiq parametrlərə və imkanlara malik daha ağır hücum helikopterinin yaradılmasının zəruri olduğu qənaətinə gəldi.

“T929 ATAK-2” müxtəlif yerüstü hədəfləri, ilk növbədə düşmənin zirehli texnikasını axtarmaq və məhv etmək üçün nəzərdə tutulub. Layihənin məqsədlərindən biri də faydalı yükün və döyüş potensialının artırılmasıdır.

Hazırlanması

2018-ci ilin noyabr ayında Türkiyə Müdafiə Nazirliyi yeni helikopterin hazırlanmasına başladı. Mövcud layihənin modernləşdirilməsinə aid proqram “ATAK-2” adlandırıldı. Gələcək helikopterə qismən mövcud maşının təyinatını xatırladan “T929” indeksi verildi.

Yeni helikopterin hazırlanması bu sahədə təcrübəsi olan “Türkiyə Aerokosmik Sənayesi” (TAİ) şirkətinə həvalə edildi. İlkin layihələndirmə üçün sifariş 2019-cu ilin əvvəlində verilib. 2020-ci ilin fevral ayında isə tammiqyaslı dizayn müqaviləsi imzalandı.


O dövrün planlarına görə, 2021-22-ci illərdən gec olmayaraq TAİ ilk prototip helikopterin istehsalına başlamalı idi. Uçuş sınaqları 2023-cü ilin ilk aylarında nəzərdə tutulurdu. Son xəbərləri nəzərə alaraq deyə bilərik ki, layihə bütövlükdə qrafik üzrə davam edir.

Türkiyə helikopterinə Ukrayna dəstəyi

Bütün aviasiya vasitələrinin istehsalında olduğu kimi, Türkiyə sənayesinin də müəyyən qədər xarici yardıma ehtiyacı var idi. 2021-ci ilin iyununda TAI eksperimental və istehsaldan əvvəlki T929 helikopterlərini təchiz etmək üçün Ukraynanın “Motor Sich” şirkətinə turbomühərriklər sifariş etmişdi. Müqavilə 14 ədəd 2500 at gücünə malik ən son modifikasiyalardan biri olan “TV3-117” mühərrikinin istehsalı və təchizatını nəzərdə tuturdu. Podratçı ilk iki mühərriki 2022-ci ilin sentyabrına qədər təhvil verməli idi. Bu, ilk prototip helikopterin yığılmasının mümkün vaxtını göstərirdi. Qalan 12 mühərrik 2025-ci ilə qədər gözlənilirdi.
Türkiyənin sifarişinin yerinə yetirilməsi bir qədər gecikdi. Mühərriklərin ilk cütünü yalnız 2023-cü ilin yanvarında təhvil vermək mümkün oldu. Gələcək əməkdaşlığın perspektivləri şübhə doğurmur.

Konstruksiyası və imkanları

“T929” helikopteri normal sxemə uyğun olaraq hazırlanır və mövcud “T129”un böyüdülmüş versiyasına bənzəyir. Bunun sayəsində maksimum uçuş çəkisi 1,5 ton faydalı yüklə 11,5 tona çatdırılıb. Müqayisə üçün qeyd edək ki, “T129 ATAK”-ın çəkisi 5 tondan bir qədər artıqdır və 600 kq-a qədər silah daşıyır.

Ağır hücum helikopteri hər birinin gücü 2500 at gücünə malik iki TV3-117VMA-SBM1V turbo mühərriki ilə təchiz edilib. Əsas impuls sürət qutusu vasitəsilə güc daşıyıcı sistem və quyruq rotoru arasında paylanır. Daşıyıcı pər sistemi ənənəvi arxitekturaya malikdir və beş qolludur. Quyruq vintləri isə dörd pərlidir. Hesablamalara görə, belə pər qrupuna malik helikopterin kreyser sürəti 320 km/saata çata biləcək. Praktik uçuş tavanı isə 6 km-dən çox olacaq.

Böyük planlar

Türkiyə silahlı qüvvələrinin nə qədər “T929” helikopterinə ehtiyacı olduğu hələlik açıqlanmayıb. Yəqin ki, əvvəlcə artıq köhnələn ABŞ istehsalı “AH-1” helikopterləri əvəz ediləcək. Hazırda Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasında 50-yə yaxın belə helikopter mövcuddur.

Nisbətən yeni “T129” Türkiyə-İtalyan helikopterlərinin isə arsenalda qalacağı gözlənilir. Onlar yeni “T929” ilə paralel olaraq fəaliyyətini davam etdirəcəklər. Nəticədə Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasında oxşar funksiyalara, lakin fərqli xüsusiyyətlərə malik iki helikopter paralel istifadə ediləcək.

Silahlanması

T929 helikopterlərinin burun hissəsinin altında 30 mm-lik avtomatik top yerləşir. Sursat dəsti 500 mərmidən az deyil. Qanadın altında altı asma qurğusu mövcuddur. Yer hədəflərinə qarşı müxtəlif tipli 70 mm-lik idarə olunmayan və olunan raketlərdən istifadə edilə bilər. UMTAS ailəsinin idarə olunan raketləri zirehli texnikaya qarşı kifayət qədər effektivdir.
Düşmən təyyarələrinə qarşı özünümüdafiə məqsədilə helikopter Türkiyənin müxtəlif tipli “hava-hava” raketlərindən istifadə edə biləcək.

Nəticə

Beləliklə, Türkiyənin aviasiya sahəsində ən maraqlı layihələrindən biri uğurla irəliləyir və yeni mərhələyə qədəm qoyur. Yaxın vaxtlarda “T929 ATAK-2” yerüstü sınaqlara, sonra isə uçuşlara başlayacaq. Sınaqların başa çatdırılması və kütləvi seriya istehsalın başlanması 2025-ci ilə planlaşdırılır.

Bu planlar kifayət qədər cəsarətli görünür, lakin əminliklə demək olar ki, TAİ onları tam həcmdə və vaxtında həyata keçirə biləcək. Şirkət artıq müxtəlif məqsədlər üçün helikopterlərin, o cümlədən, zərbə vasitələrinin hazırlanması, inşası və inkişafı sahəsində təcrübəyə malikdir. Bu təcrübə isə yeni kompleks layihə yaratmaq üçün kifayət edir. Sınaqlar layihənin uğurlu olduğunu və helikopterin tezliklə istifadəyə veriləcəyini göstərir.

Ədalət Verdiyev, hərbi ekspert


Teqlər:





Xəbər lenti