Akademik: “Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

   Akademik:    “Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”
  10 Mart 2023    Oxunub:1442
Bu gün Azərbaycanda həm kompüter elmləri, həm də dilçilik sahəsində ciddi tədqiqatlar aparılır, mühüm nailiyyətlər əldə olunur. Lakin dilçilik və kompüter elmləri arasında körpü yarada biləcək yüksəkixtisaslı kadrların olmaması ciddi problemlər yaradır. Hər iki elm sahəsinin alim və mütəxəssisləri Azərbaycan dilinin inkişafı istiqamətində səylərini birləşdirməli, mövcud problemlərin həlli üçün təcili addımlar atmalıdır. Çünki dilin qorunması və inkişafı təkcə milli mənəviyyat yox, həm də milli identiklik və təhlükəsizlik məsələsidir.
AzVision.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransında çıxışı zamanı Azərbaycanın milli dil korpusunun yaradılmasının zəruriliyindən danışarkən bu fikirləri səsləndirib.

“Bu texnolinqvstik ideologiya insanlara kompüter, robot, dron və digər müasir qurğularla Azərbaycan dilində ünsiyyət qurmağa imkan verəcək. Söhbət nitqin tanınması və süni nitqin sintezindən, eləcə də təbii dilin qavranılması, anlaşılması və emalından gedir” – deyən akademik milli dil korpusunun yaradılmasının vacibliyini izah edib. Bu istiqamətdə fəaliyyət planının hazırlanmasının, təşkilati qurumların yaradılmasının, eyni zamanda maliyyə və qrant dəstəyinin göstərilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti dövlət başçısı İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı müvafiq qurumlarının qarşısına konkret, ciddi vəzifələr qoyduğunu xatırladaraq, bu vəzifələrin həyata keçirilməsində alim və ziyalılarımızı birgə fəaliyyət göstərməyə çağırıb.

Bütün texnoloji transformasiyalar kontekstində dilimizlə bağlı ciddi tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edən akademik bildirib ki, fundamental elm sahəsində çalışan alimlər dilçi alimlərlə birgə təbii dili emal etməyə imkan verən milli, korporativ və fərdi dil korpusları, müxtəlif təyinatlı tezlik lüğətləri hazırlamalıdırlar. İnternet mühitdə digər dillərin Azərbaycan dilini sıxışıdırmaması, dilimizin təhlükəsizliyinin qorunması və ona olan müxtəlif növ təhdidlərin qarşısının alınması üçün süni intellekt texnologiyalarından istifadə əsasında xüsusi linqvistik sistemlər və robotlar yaradılmalıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti