Avropa Birliyində korrupsiyanın həcmi: 120 milyard dollar

Avropa Birliyində korrupsiyanın həcmi: 120 milyard dollar
  21 May 2014    Oxunub:1496
Azərbaycan kimi keçmiş sovet respublikalarını korrupsiyaya görə tez-tez tənqid edən Avropa bu dəfə özü möhkəm “ilişib”. Avropa İttifaqının (Aİ) rəsmi strukturlarında böyük qalmaqal yaşanır. Buna səbəb Aİ-nin daxili siyasət üzrə komissarı Sesiliya Malstremin Brüsseldə təqdim etdiyi hesabatıdır.

Sesiliya Malstrem Aİ tarixində ilk dəfə ittifaq üzvü olan ölkələrdə korrupsiyanın səviyyəsi ilə bağlı hesabat hazırlayıb. Hesabatda Aİ ölkələrinin korrupsiyadan ildə 120 milyard avro itirdiyi bildirilir. Hesabatın məzmunu barədə xəbər Moskva İnsan Haqları Bürosunun saytında yerləşdirilib.

Sesiliya Malstremin hesabatında göstərilir ki, ittifaqın bütün ölkələrində korrupsiya var. Ancaq Aİ ölkələri arasında ən çox korrupsiyalaşanlar Bolqarıstan, Rumıniya və İtaliyadır.

Hesabatda bildirildiyinə görə, rəyi soruşulan hər 10 avropalı biznesmendən 4-ü bildirib ki, korrupsiya və rüşvət Avropada biznesə ciddi mane olur.

Sənəddə ayrı-ayrı ölkələr üzrə korrupsiya hallarına dair misallar göstərilir. Bildirilir ki, sahibkarlar bələdiyyə məmurlarına rüşvət vermədən iş görə bilmirlər.

“Köhnə dünya” sakinlərinin 76 faizi hesab edir ki, korrupsiya Aİ-də geniş yayılıb. 56 faiz hesab edir ki, son üç ildə onun ölkəsində korrupsiyanın səviyyəsi yüksəlib. Aİ sakinlərindən hər 12 nəfərindən 1-i şəxsən korrupsiya sövdələşməsinin iştirakı olub və ya belə sövdələşmədən xəbərdardır.

Aİ ölkələrində korrupsiyaya qarşı sərt qanunlar olsa da hesabata əsasən bu qanunlar heç də həmişə işləmir. Hüquq-mühafizə orqanlarının isə korrupsiya ilə mübarizə üçün yetərli imkanları yoxdur. Bir çox ölkələrdə isə korrupsiyaya qarşı mübarizə üçün siyasi iradə mövcud deyil.

Bəs bu səs-küylü hesabatın hansı siyasi nəticələri ola bilər?

Belə görünür ki, komissar S.Malstremin hesabatı ilk növbədə Aİ-nin nüfuzuna və Azərbaycan da daxil olmaqla bir sıra keçmiş sovet respublikalarının daxil edildiyi “Yaxın qonşuluq siyasəti” proqramına, habelə Şərq Tərəfdaşlığına dair siyasətinə ciddi zərbə vuracaq. Ona görə ki, Aİ bu ölkələrlə daha dərin əməkdaşlıq üçün əsas şərtlərdən biri kimi korrupsiyaya qarşı mübarizəni irəli sürüb.

Bir halda ki Aİ-nin özündə korrupsiya bu dərəcədə geniş yayılıb, o zaman Azərbaycan və digər keçmiş sovet respublikaları üçün Avropaya inteqrasiya nə dərəcədə cəlbedici perspektivdir?

Digər tərəfdən, komissar S.Malstremin bu hesabatı Azərbaycan və korrupsiyaya görə Qərbdə tez-tez tənqid olunan digər ölkələrin rəsmiləri üçün əla əks-arqument olacaq. Qərbdən kimsə ağzını açıb belə ölkələri korrupsiyaya görə tənqid etməyə cəhd göstərəndə onlara dərhal cavab verib susdurmaq üçün əla arqument var - komissar Malstreminn hesabatı...

Virtualaz.org


Teqlər:  





Xəbər lenti