Gənclər Günündə ruh söhbətləri – Vüsal Məmmədovun yazısı

// Yetkinlik üçün oda*

   Gənclər Günündə ruh söhbətləri –    Vüsal Məmmədovun yazısı
  02 Fevral 2023    Oxunub:3925
Gənclər Günündə ən sevmədiyim şeylərdən biri "ruhu gənc olan", "daxilən gənc qalan" kimi sözləri eşitməkdir. Ruhlar aləmində yaşamırıq. "Daxilən gənc" deyə bir şey də yoxdur. Gənclik - bədənin xaricinin vəziyyətidir, daxilə heç bir aidiyyatı yoxdur. Bütün güclü və zəif cəhətləri ilə gənc gəncdir, yaşlı da yaşlı.
Təbiətdə bu çırpıntı ancaq insandadır. Biz başqa canlılara baxanda təsəvvür edə bilmirik ki, hansısa atın ruhu dayça, kəpənəyin ruhu pup, almanın ruhu tumurcuq qalmış olsun. Bizi dayça, pup, tumurcuq deyil, məhz köhlən at, gözəl kəpənək, ləzzətli alma maraqlandırır. Əlimizdən gələni edirik ki, onlar həyatlarının təyinat nöqtəsinə tez çatsınlar. Amma özümüzə gələndə gəncliyə şeirlər qoşur, əldən getdiyinə görə az qala mərsiyə oxuyuruq.

Gənclik dövrü bitənlər bunu səmimi şəkildə ilk növbədə özlərinə etiraf edib, həyatlarının yeni mərhələsini sevməlidirlər. "Ruhum gəncdir", "daxilən gəncəm" deyib, keçmişdən dördəlli yapışmaq aqil insanın həyata yanaşması ola bilməz. Ruhun özünün nə olduğunu (ümumiyyətlə, olub-olmadığını) bilmiriksə, onun gənc qaldığını necə təyin etmək mümkündür?! “Ruhum gəncdir” nə deməkdir axı?! Mayallaq aşmaq istəyirsən?! Yaşda özündən balacalara aşiq olursan?! Oyun oynamağın gəlir?! Necə təyin edirlər axı ruhun gənc olmağını?!

Ona görə də “ruhum gəncdir” deyənlərə heç vaxt ciddi yanaşa bilmirəm. Bu adamlar həyatla məğlubiyyətin labüd olduğu bir müharibəyə girişiblər. Ruhlarının gənc olduğunu düşünə-düşünə həyatlarının gözəl yeni mərhələsini – Yetkinlik Dövrünü sinədolusu yaşamaq şansını qaçıracaqlar.

Şəxsən mən gənclik dövrümü başa vurduğuma görə zərrə qədər də heyfsilənmirəm, nisgilə qapılmıram. Hətta deyərdim ki, yetkinlik daha gözəl dövrdür. Ruhumun “probeq”ini maşın alverçiləri sayaq geriyə fırlatmaq niyyətindən də uzağam. Nəyəmsə, buyam – həyatdan aldığım bütün zədələrlə, aşınmalarla, yaralarla. Onlar gəncliyimin mənə yetkinləşmək üçün verdiyi hədiyyələrdirlər.

Niyə mütləq “ruh”umun gənc qaldığını iddia edərək, 20 il əvvəldən yapışmalıyam?! Bu çox nadan mövqe olardı. Guya “ruh”umun gənc qaldığını iddia etmək mənə nə verəcək ki?! Gənc olanda etdiyim hər şeyi mən indi, yetkin vaxtımda da edə bilərəm – kilometrajı geriyə fırlatmadan, utanmadan, ətrafımın gözündə özümə xronoloji bəraət qazandırmağa borclu olduğumu düşünmədən. Ruhdan, ümumiyyətlə, yaş soruşmazlar.

Əvvəllər belə bir mahnı vardı: “Ağarma, ay saçlarım, ağarma...” Gör, adam qüssə və kədərdən hansı həddə çatıb ki, tüklərə müraciət edir! Burada qəmlənməli nə var ki?! Mən indi – saçlarım ağarandan sonra o şeiri yazanın həyata yanaşmasının nadanlığına heyrətlənməyə bilmirəm. Bu ağılla adam hələ şeir də yazırmış! Bir dəfə bərbər saçıma rəng qoymağı təklif edəndə özümü təhqir olunmuş saymışdım. Çünki mənə görə saçımdakı hər bir dən şəxsimin, bura qədər gəldiyim həyat yolunun bir hissəsidir. Onları ləğv etsəm, sanki şəxsiyyətimin də bir hissəsi itib gedər. Saçım hələ 30-a çatmamışdan ağarmağa başlayıb və mən illərdir ki əsla narahat olmadan bu prosesdən zövq alıram.

Gənclərə müdrik məsləhətlər vermək iddiasından çox uzağam. Sadəcə demək istəyirəm ki, həyatın hər mərhələsi gözəldir, yaşayın və hər nəfəsdən zövq almağı bacarın. Bunu bacarırsansa, hər yaşda DİRİsən, bacarmırsansa, hər yaşda ÖLÜ. Hər yaşda hər şey olar. 20 yaşda həyatın mənası haqda düşünmək də, 25 yaşda yaşamaqdan yorulmaq da, 60 yaşda velosiped sürməyi öyrənmək də, 70 yaşda aşiq olmaq da! Heç nəyi də qınamaq lazım deyil. Qınayanlar - özləri yaşamağı bacarmayanlardır.

Biz gəncləri çox vaxt vaxtilə özümüzün olduğumuz kimi olmadıqlarına görə qınayırıq. Düzgün yanaşma deyil. Onlar bizim vaxtilə olduğumuz kimi olmağa borclu deyillər. Hətta olmasalar daha yaxşıdır. Onlar sadəcə, öz yaşadıqları dövrün çərçivəsində effektiv olmalıdırlar. Bunu bacarırlarsa və bir qədər də hər dövrdə qüvvədə olan universal etik-əxlaqi normalara əməl edirlərsə, gənclərdən ayrı nəsə tələb etməli deyilik.

Gününüz mübarək, gənclər.

Sevgi və sayğılarla, sizin yetkin dostunuz
Vüsal Məmmədov

* O`da Hansısa hadisəyə və ya qəhrəmana həsr olunmuş təntənəli mahnı növü. Məsələn, Bethovenin 9-cu simfoniyasının tərkibində daxil olan “Sevinc” o`dası əsəri hazırda Avropa Birliyinin himnidir.


Teqlər: Gənclər-Günü  





Xəbər lenti