İsrail Moskvanı Bakı ilə əvəzlədi – Seymur Məmmədovun şərhi (Video)

      İsrail Moskvanı Bakı ilə əvəzlədi    – Seymur Məmmədovun şərhi    (Video)
  01 Fevral 2023    Oxunub:7378
• Məqalənin rus versiyasını buradan oxuya bilərsiniz

İsrailin Avrasiya ölkələrindəki səfirlərinin sonuncu regional konfransı Bakıda keçirildi. Görüş postsovet məkanıı və Balkan ölkələrindən olan otuza yaxın israilli diplomatın, həmçinin İsrailin Xarici İşlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə baş tutdu. Əvvəllər belə tədbirlər Moskvada keçirilirdi, lakin Ukraynadakı müharibənin yaratdığı geosiyasi təlatümlər səbəbindən bu məqsəd üçün ilk dəfə Bakı seçildi.
Azərbaycanla İsrail arasında münasibətlərin yüksək səviyyədə olmasını, Azərbaycan və yəhudi xalqları arasında tarixi əlaqələrin eyni dərəcədə yüksək səviyyəsini nəzərə alsaq, belə bir görüşün keçirilməsi üçün Bakı ən təbii seçimdir. İsrailin Xarici İşlər Nazirliyinin siyasi şöbəsinin direktoru Aliza Bin-Nun Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramovla görüşdə açıq şəkildə vurğuladı ki, tədbirin Bakıda keçirilməsi İsrailin Azərbaycanla münasibətlərə verdiyi önəmin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycanın yəhudi icması iki ölkəni birləşdirən körpü rolunu oynayır.



Azərbaycan və İsrail arasında sabit və etibarlı ikitərəfli əlaqələr mövcuddur. Üstəlik, illər keçdikcə əməkdaşlıq çoxşaxəli xarakter alır. Əgər əvvəllər qarşılıqlı dövriyyədə yalnız energetika və hərbi sənaye kompleksi var idisə, bu gün turizm, texnologiya, mədəniyyət sahələrində də ciddi inkişaf gedir. İki ölkənin investorlarının bir-birinə qarşılıqlı marağı artır.

2022 Bakı ilə Təl-Əvivin münasibətləri üçün xüsusi il oldu. Noyabrın 18-də Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin açılması haqqında qanun qəbul etdi və dövlət başçısı onu təsdiqlədi. Təl-Əvivdə Azərbaycanın diplomatik nümayəndəliyinin açılması həm Azərbaycanın, həm də İsrailin çoxdan gözlədiyi hadisədir. İsrailin Bakıdakı diplomatik missiyası 1993-cü ilin avqust ayından fəaliyyət göstərir, Azərbaycan isə hələ də cavab addımı atmamışdı, lakin bu, ikitərəfli münasibətlərə heç bir təsir göstərmirdi.

Ölkələrimiz strateji tərəfdaş və dostdur. Bakı ilə Təl-Əviv arasında bəzən pərdə arxasında qalan sıx təmaslar bir neçə dəfə çətin vəziyyətlərdən çıxmağa kömək edib. Beləcə, Bakı öz dostları olan İsrail və Türkiyə arasında münasibətlərin bərpasında mühüm rol oynayıb. Azərbaycan İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rola malikdir. Uzun illərdir Azərbaycan nefti İsrailin tələbatının yarısını ödəyir. 2022-ci ildə Azərbaycan neftinin İsrailə tədarükü 70 faizdən çox artıb. Təkcə onu qeyd etmək kifayətdir ki, İsraildə hər on avtomobildən beşi Azərbaycandan ixrac edilən neftlə işləyir.

İsrailə gəlincə, onun ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsində oynadığı rolu qiymətləndirmək çətindir. İsrailin qabaqcıl hərbi texnologiyası 44 günlük müharibə zamanı Azərbaycanın dinc şəhərlərini çox bəlalardan xilas etdi. Bu müharibə göstərdi ki, ölkələrimiz arasında münasibətlər görünən hissəsindən qat-qat dərindir.

Uzun və möhkəm əlaqələr təkcə dövlətlərimizi deyil, xalqlarımızı da bağlayır. Bu münasibətlərin tarixi əsrlərlə ölçülür. Azərbaycan və yəhudi xalqlarının birgə yaşadığı bütün tarix boyu heç bir problem olmayıb.

Bugünlərdə sosial şəbəkələrdə Knessetin 30 deputatının Milli Məclisə Azərbaycana dəstək ifadə edənə rəsmi müraciəti yayılıb. “Bu gün Azərbaycan təhlükəsizlik və iqtisadiyyat sahələrində etibarlı tərəfdaş kimi İsraillə çiyin-çiyinə dayanır. Bu tərəfdaşlıq İsrailin regional təhlükəsizlik sisteminin əsasını təşkil edir”, - müraciətdə vurğulanır. Azərbaycan səfirliyinin açılması qərarı “iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm və cəsarətli addım” kimi qiymətləndirilir.

Sənəd yeni Netanyahu hökumətinin doqquz naziri və iki nazir müavininin iştirakı ilə imzalanıb. Onların arasında milli təhlükəsizlik naziri Ben-Qvir, dini işlər naziri Malkieli, təhsil naziri Kiş də var.

Bu müraciət əslində İsrail səfirlərinin görüşünün nə üçün Bakıda keçirildiyi sualına verilən cavabdır.

Seymur Məmmədov
AzVision.az -ın rus versiyasının redaktoru

Müəllifin əvvəlki yazıları:
Çin və Azərbaycan: Yolumuz birdir – ŞƏRH (VİDEO)


Teqlər: İsrail  





Xəbər lenti