"Siyasi məqsədlər üçün dinin istismar edilməsi ən böyük cinayətdir" - QMİ nümayəndəsi

  "Siyasi məqsədlər üçün dinin istismar edilməsi ən böyük cinayətdir" -    QMİ nümayəndəsi
  27 Yanvar 2023    Oxunub:620
Əvvəlcə İsveçin paytaxtı Stokholmda Türkiyə səfirliyinin, daha sonra Niderlandda parlament binası qarşısında müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim" cırılaraq yandırılıb, təhqir edilib. Həmin ölkələrdə bu “tolerantlıq, söz azadlığı” kimi qiymətləndirilir. Lakin Qərbin islam dünyasına qarşı bu cür hərəkətləri birinci dəfə deyil.
Siyasi məqsədlər üçün islam dünyasına qarşı təhqiratimiz hərəkətlər etmək, müqəddəs kitabı yandırmaq nə qədər düzgündür? Bu cür hadisələr nədən qaynaqlanır?

Məşədi Dadaş məscidinin axundu, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli AzVision.az -a açıqlamasında təəssüflə Qərbdə islamafobiya dalğasının genişləndiyini qeyd edib. O vurğulayıb ki, bu cür addımlar islam dinini gözdən salmağa yönəlib:

- Özünü tolerantlığın, azadlığın beşiyi kimi təqdim edən ölkələrdə bəzi dairələr islam mədəniyyətinin yayılmasından, müsəlmanların sayının artmasından narahatdır. Dinlərarası qarşıdurma yaratmaq məqsədilə bu kimi addımlar atılır. Bu, birmənalı şəkildə islam dininin dəyərlərinə qarşı olan vandalizm aktıdır, hörmətsizlikdir. Onlar bu hərətkərlər “Qurani-Kərim”in guya zorakılığa dəvət edən kitab olduğunu göstərməyə çalışırlar. Halbuki islam dini, “Qurani-Kərim”in ayələrində bütün dinlər dialoqa dəvət edilir, din xadimi qeyd edib.

“İslam dini bütün səmavi peyğəmbərlərə və səmavi kitablara hörmətlə yanaşır” –, deyən Ş.Həsənli əlavə edib: “Bir müsəlman Hz. İsa və ya Hz. Musanı peyğəmbər saymazsa, o, müsəlman sayılmır. İslam dinində bütün peyğəmbərlərə və onlara göndərilən kitablara hörmət göstərmək müsəlmanlar üçün bir vəzifədir. Amma təəssüflər olsun ki, eyni münasibəti bir çox hallarda qarşı tərəfdən – dinlərdən görmürük. Özlərini dözümlülüyün qarantı, örnəyi kimi təqdim edən ölkələrdə belə hadisələrin baş verməsi olduqca təəssüf doğurur”.

QMİ-nin nümayəndəsi Azərbaycanın bu mənada örnək kimi təqdim oluna biləcəyini vurğulayıb.
“Azərbaycanda hər hansı müəlmanın ağlına gəlməz ki, digər dindən olan şəxsin hansısa müqəddəslərinə hörmətsizlik etsin. Azərbaycan bu baxımdan dünyaya örnək olan ölkədir. Azərbaycanda dinlərarası barış, sevgi mühiti və hətta tolerantlıqdan da üstün münasibətlər var. Hesab edirəm ki, müsəlmanlar bu kimi hadisələrə tam dözümlü şəkildə münasibət bildirilməlidir. Yadımdadır, Şri-Lankada kilsəyə terror hücumu olan zaman bizim icmamımız katolik kilsəsini ziyarət etdi. Müsəlmanlar da bu kimi addımlara cavab olaraq digər dinlərin kitablarına, peyğəmbərlərinə sayğı ifadə edən tədbirlər keçirməlidir. İslam mənədiyyətini müsbət yöndə nümayiş etdirməlidirlər”.

Hacı Şahin Həsənli dinin siyasi məqsədlər üçün bir alətə çevrilməsinə də toxunub. O bildirib ki, İsveçdə müqəddəs kitabın yandırılması həmin mövzunun növbəti təzahürüdür.

“Siyasi dairələr dini kütləni qıcıqlandırmaqla öz məqsədlərinə çatmağı güdürlər. Çirkin siyasi məqsədlər üçün dinin istismar edilməsi hesab edirəm ki, ən böyük cinayətlərdən biridir. Dinlərin mahiyyəti sülhsevərdir və qarşıdurma, siyasi məsələlərdə alət kimi istifadə etmək qətiyyən yolverilməzdir. Bu, olduqca təhlükəli haldır. Təəssüflər olsun ki, bunu söz, ifadə azadlığı ilə əsaslandırırlar. Halbuki bu, azadlığa qarşı qəsddir. Çünki sayı 1 milyarddan artıq olan müsəlmanların dəyərlərinə təcavüz etmək əslində onların azadlıqlarını məhdudlaşdırmaqdır. Onlara qarşı dözümsüzlüyün nümayişidir. Heç bir siyasi çirkin məqsəd üçün dindən istifadə olunmamalıdır, din istismar edilməməlidir. Lakin müasir dünyada bunun müxtəlif təzahürlərini görürük”.

Xatırladaq ki, yanvarın 21-də İsveçin dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Qurani-Kərim yandırılıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti