“Coin” olmaq çətin şeydir

// Kriptobazar yeni ölümləri gözləyir

   “Coin” olmaq çətin şeydir
  22 Yanvar 2023    Oxunub:9130
2013-cü ilin əvvəlində bitkoin cəmi 10 dollar dəyərində idi. Lakin apreldə 100 dollar həddini keçə bildi və bununla az qala bütün dünya mediasının diqqətini cəlb etdi. Bundan sonra heç nədən pul qazanmağın yolunu tapdığına sevinənlərin sayı artdı…
O vaxtdan bəri dünyada on minlərlə kriptovalyuta peyda olub. Amma 2013-cü il bumundan əvvəl mövcud olan kriptovalyutalardan yalnız ikisi bazar kapitallaşmasına görə bu gün ilk onluqda qala bilib: bitkoin və laytkoin. Son on ildə minlərlə layihə iflasa uğrayıb.

On il ərzində dünyada ilk və ən populyar kriptovalyuta olan bitkoin təxminən 1750 dəfə bahalaşıb. Ancaq 2021-ci ilin noyabrında 61 min dollara çatmasına baxmayaraq, sonralar dəyərinin üçdə ikisini itirib.

Kriptovalyuta sənayesi milyardlarla dollar investisiya cəlb etməkdədir. 2013-cü ildən bəri ortaya çıxan layihələrin sayı on minlərlədir. Ancaq onların böyük hissəsi artıq ölüdür. “Coin Kickoff” portalının təhlilinə görə, kriptovalyuta layihələrinin mövcudluğu orta hesabla cəmi bir ildən azca artıq dövrü əhatə edir.

“Coin Kickoff”un ekspertləri təhlillərindən sonra belə qənaətə gəliblər ki, son on il ərzində kriptovalyuta sənayesi kütləvi məhvin iki dalğası ilə üzləşib. Birincisi dalğa 2014-cü ildə başlayıb. Məhz o zaman yüzlərlə həvəskar 2013-cü ildə qiyməti təxminən 10 dollardan az qala 1000 dollara qədər yüksələn bitkoinin uğurunu təkrarlamağa cəhd edib. 2014-cü ildə eyni anda 793 layihə yaradılıb və onlardan 607-si ölü doğulub. Ümumilikdə isə onların demək olar ki, yarısı 2014-cü ildə məhv olub.


2014-cü il kriptovalyuta sənayesi üçün hələ də ən faciəli il olaraq qalır. “Coin Kickoff”a görə, həmin il başladılan bütün kriptovalyuta layihələrinin 76,54%-i 2023-cü ilə qədər yaşaya bilməyib.

2017-2018-ci illərdə kriptovalyuta layihələrinin kütləvi məhvinin ikinci dalğası baş verdi. O vaxt bitkoin artıq 10-13 min dollar diapazonunda alınıb-satılırdı və bu sənaye institusional investorları cəlb etməyə başlamışdı. Həmin dövrdə ICO-larda (tokenlərin ilkin yerləşdirilməsi) da bum baş verdi. Bu, bir anda iki nailiyyətlə nəticələndi: 2017-ci il rekord sayda kriptovalyuta layihələrinin doğulması, daha sonra isə məhvi ilə əlamətdar oldu. Onlardan 704-ü dağıldı. 2018-ci ildə isə kripto bazarı rekord sayda - 751 iflasla müşayiət olundu.

Son illər kriptovalyuta layihələrinin ölüm nisbəti sıfıra can atır. Çünki kriptovalyuta sənayesi mövcudluğunun ilk illərində olduğu kimi ehtiyatsız deyil. Lakin analitiklər əmindirlər ki, bazar iştirakçıları sevinməyə tələsməməlidir. 2023-cü ildə onlar kriptovalyuta layihələrinin kütləvi şəkildə iflasının üçüncü dalğası ilə üzləşəcəklər ki, bu da çox güman ki, 2022-ci ilin kriptovalyuta sənayesi üçün son dərəcə uğursuz olmasıyla bağlıdır.

Nadir Quliyev
AzVision.az



Teqlər: Kriptovalyuta  





Xəbər lenti