“Rusiya estafeti İrana ötürüb” - Murat Beyşenov

   “Rusiya estafeti İrana ötürüb” -    Murat Beyşenov
  15 Yanvar 2023    Oxunub:2882
“Cənubi Qafqazda, təbii ki, Türkiyə, Rusiya və İran kimi oyunçuların maraqları var. Bu siyahıya Fransa və ABŞ-ı da daxil etmək olar. ABŞ-ı bir qədər az, Fransanı çox dərəcədə”.
Bunu AzVision.az -a müsahibəsində Qırğızıstanın müdafiə nazirinin keçmiş birinci müavini Murat Beyşenov deyib. Onun sözlərinə görə, KTMT-nin sonuncu İrəvan sammiti vəziyyətin çətin olduğu göstərib.

“İndi KTMT-nin gələcək taleyi həll olunur. Ermənistanın baş naziri Nikol Paşinyan KTMT tarixində ilk dəfə olaraq təşkilatın sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina etdi. Sammitdə Azərbaycanla münaqişədə Ermənistana kömək göstərmədiyinə görə Rusiyaya qarşı da kəskin ittihamlar səsləndi. Bütün bunlar deməyə əsas verir ki, KTMT-də mövcud vəziyyət heç də asan deyil. Qırğızıstan təlimləri ləğv etdi, Qazaxıstanın təşkilatda xüsusi mövqeyi var. Rusiya prezidenti Vladimir Putin isə tarazlığı saxlamağa çalışır ”, - M.Beyşenov bildirib.

Azərbaycan ilə İran arasındakı gərginliyə toxunan ekspert deyib ki, iki ölkənin mədəniyyət və din də daxil olmaqla xeyli ortaq cəhətləri var: “İranda çoxlu sayda azərbaycanlı yaşayır və onların ana dilində təhsil alması qadağandır. Bu onu deməyə əsas verir ki, İran separatizmdən qorxur. Təəssüf ki, bu ölkənin hakimiyyəti Ermənistanı dəstəkləyir. İran müdaxilə edərsə, yaxın gələcəkdə Ermənistan-Azərbaycan münasibətlərində sabitlik olmayacaq.

Təəssüf ki, İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. Buna cavab olaraq Türkiyə və Azərbaycan da təlimlər keçirirlər. Amma hər halda, mənə elə gəlir ki, baş verənlərin əsas səbəbi Rusiyadır. O, münaqişənin həllində müstəqil vasitəçi olmaq üçün Azərbaycanla Ermənistan arasında münasibətləri sona qədər qura bilmədi. Ona görə də müəyyən vaxt qazanmaq üçün estafeti İrana verdi”, - M.Beyşenov bildirib.

Seymur Məmmədov
AzVision.az



Teqlər: Rusiya   İran  





Xəbər lenti