Türk dövlətlərini hansı gələcək gözləyir – Astanadan baxış (MÜSAHİBƏ)

   Türk dövlətlərini hansı gələcək gözləyir –    Astanadan baxış (MÜSAHİBƏ)
  06 Yanvar 2023    Oxunub:6970
Türk dövlətləri və xalqları tarixən olduğu kimi, günümüzdə də dünya sivilizasiyasına töhfələrini verirlər. Bu, insan həyatının bütün sahələrinə aiddir: siyasətdən, iqtisadiyyatdan tutmuş mədəniyyətə, elmə və s. qədər. Ən azı son iki min ildə bəşər sivilizasiyasının salnaməsi türklərin tarixi və mədəniyyəti ilə birbaşa bağlıdır. Lakin bu töhfə müxtəlif səbəblərdən həmişə bərabər olmayıb və bunun rasional izahı var.
Qazaxıstanın R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Yerkin Baydarov AzVision.az-a müsahibəsində deyib ki, bu istiqamətdə maneələr qismən müasir türk dövlətlərinin mürəkkəb siyasi-mədəni inkişaf prosesi ilə əlaqədardır.

- Maneələrə səbəb nədir?
- Bəzən türk köçəri və oturaq mədəniyyətləri arasında qarşıdurma qarşılıqlı yadlaşma meyllərinin artmasına səbəb olur. Türk ölkələri ideoloqlarının belə bir qarşılıqlı yadlaşma təcrübəsini təşviq etməsi çox zaman paradoksal və qeyri-praqmatik görünür. Türk sivilizasiyası məkanında mifoloji ibtidai millətçilik dalğasının yayılması bəzən türk ölkələrinin və xalqlarının qarşılıqlı əlaqəsinin dialoq xarakterinə mane olur.

- Bu gün türkdilli dövlətlər hansı tarixi yazırlar?
- Hər bir müasir türk ölkəsi öz tarixini yazır. Buna baxmayaraq, son illər türk ölkələrinin inteqrasiyası onu göstərir ki, türk ziyalıları bizi həm tarixin, həm də ortaq köklərin birləşdirdiyi fikrini xalqlarımıza çatdırmaqda maraqlıdırlar. Bu baxımdan Beynəlxalq Türk Akademiyasının (Astana) türk dövlətlərinin məktəb proqramına ümumi türk tarixi, eləcə də türk dünyasının coğrafiyası və ədəbiyyatı dərsliklərinin daxil edilməsi təşəbbüsü müsbət fakt kimi qeyd edilməlidir. Qərarı bu ilin yayında beş türk dövlətinin (Türkiyə, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Qırğızıstan) təhsil nazirləri imzalayıb. Bu vaxta qədər Azərbaycan, Türkiyə və Qazaxıstan məktəblərində ümumi türk tarixi seçmə fənn kimi tədris olunurdusa, artıq Özbəkistan və Qırğızıstanda da məktəb fənni kimi öyrəniləcək. Bu kitablar sayəsində məktəblilər türk xalqlarının tarixini, həmçinin müstəqil türk ölkələrinin coğrafiyasını daha ətraflı öyrənəcək, qardaş xalqların ortaq mədəni dəyərləri haqqında aydın təsəvvürə malik olacaqlar.
“Türklərin güclənməsi dünyada balans yaradacaq” – MÜSAHİBƏ+VİDEO

Bu və bu istiqamətdə qəbul edilmiş digər mühüm qərarlar sayəsində ümid edə bilərik ki, türkdilli ölkələrin tarixinə yeni kəşflər daxil ediləcək ki, bu da bizə ortaq tariximizə yeni nəzər salmağa, tariximizi, türklərin dünya tarixinə və bəşəriyyətin mənəvi xəzinəsinə verdiyi töhfələri yenidən qiymətləndirməyə imkan verəcək.
Ona görə də, bu gün türk dövlətlərinin intellektual insanlarına böyük ümidlər bəslənir, çünki türklərin tarixinin ölkələrimiz üçün ortaq tarix, yoxsa sadəcə ayrı-ayrı türk dövlətlərinin tarixi olması daha çox onlardan asılıdır.

- Sizcə, yaxın gələcəkdə türk ölkələrinin dünya sivilizasiyasına töhfəsi nə ola bilər?
- İki min ildən artıq bəşər tarixi türklərin iştirakı olmadan keçməyib. Burada Çin sivilizasiyasının “beş min illik tarix arxada qalıb, bir o qədər də irəlidədir” yanaşması yada düşür. Odur ki, türk ölkələrinin və xalqlarının dünya sivilizasiyasına verdiyi töhfənin gələcəkdə də davam edəcəyi və heç kəsin bu prosesi dayandırmayacağı şübhəsizdir.

Lakin aydın şəkildə başa düşməliyik ki, cəmiyyətin bütün sahələrinin modernləşdirilməsində müəyyən problemlərin mövcud olduğu türk ölkələrində (Orta Asiya və Qafqaz) siyasi və iqtisadi islahatlar aparılmadan bu töhfə mümkün deyil. Onlardan biri keçmişdə, erkən və klassik orta əsrlər türk dövlətlərinin inkişafında mühüm rol oynamış elm və təhsildir.

Müasir meynstrim elm və təhsil qarşısında duran yeni məqsəd və vəzifələri konkret dəyişikliklərə uyğunlaşdırmağa imkan verir. Ona görə də, elm və təhsilin rolunun yenidən nəzərdən keçirilməsinin hazırkı tendensiyası Mərkəzi Asiya və Qafqazdakı türk toplumlarının sosial transformasiyasının strateji hədəfinə çevrilməli olan modernləşmə prosesini nəzərə alaraq, onları yeni həyatın axarına fəal şəkildə daxil etməkdir. Məsələn, müasirləşmə dəyərlərinin milli-mədəni identiklik ilə birləşməsi, elm və təhsilin köməyi ilə müasir sivilizasiyaya daxil olmağın yollarının optimist ssenarisini həyata keçirmək istəyi bir sıra Asiya ölkələrinin modernləşməsi prosesində öz həyat qabiliyyətini sübut edib. Şərqi və Cənub-Şərqi Asiyada - Çin, Yaponiya, Cənubi Koreya, Sinqapur, Malayziya kifayət qədər qısa müddət ərzində sosial-iqtisadi inkişafda nəhəng sıçrayış ediblər.

Dünyanın qalan hissəsindən tarixən formalaşmış təcridolunmadan çıxmaq istəyi, texnoloji tərəqqinin nailiyyətlərindən geri qalma müasirləşmənin davamlı mədəni motivasiyasına çevrilib. İqtisadiyyatda bu, müasir sənaye sahələrinin, yüksək texnologiyalı sənayenin inkişafı, elmi tədqiqatların fəal dəstəklənməsi ilə nəticələndi.

Bu yerdə Avrasiya türk xalqlarının görkəmli maarif xadimi İsmayıl Qaspıralıdan sitat yerinə düşər: “Elmi və müasir texnologiyası olmayan xalq digər sivil xalqların təzyiqi altında tədricən yox olacaq. Buna “yaşamaq uğrunda mübarizə” deyilir. Bu qansız savaşın aləti peşə, sənaye, bilik və elmdir”.
Görkəmli humanistin bu sözləri türk ölkələrində unudulsa və ya diqqətdən kənarda qalsa, gələcəkdə türk ölkələrinin və xalqlarının dünya sivilizasiyasına töhfəsi baş tutmaya bilər.

- Türk Dövlətləri Təşkilatının gələcəyini necə görürsünüz?
- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Türk Dövlətləri Təşkilatına (TDT) çevrilməsi bir daha göstərdi ki, müasir türk dövlətləri bir-birinin dəstəyinə ehtiyac duyurlar. Türk ölkələrinin və xalqlarının etnik-mədəni birliyi boş söz deyil. Bunu türk oykumeni vətəndaşlarının çoxu kimi, türk dövlətlərinin rəhbərləri də yaxşı bilirlər.

Türk Dövlətləri Təşkilatının gələcəyi mənə dualist görünür. Əgər ölkələr liderlik ambisiyalarını öz üzərlərinə çəkməkdən qaça bilsələr və bir-birlərinin maraqlarını nəzərə alsalar, ən “qədim” və “ən mədəni” türk kimliyi adı uğrunda rəqabətə girişməsələr, onda Təşkilatın gələcəyi yaxşı olacaq.

Odur ki, bütün türk dövlətləri bərabər hesab edilməlidir. Bunun qarşısını almaq mümkün olmasa, ömrü qısa olacaq və bəşəriyyətin salnaməsində sadəcə növbəti tarixi sətirə çevriləcək. Eyni zamanda, TDT-ni qarşıda türk birliyi əleyhdarlarının təşkil edəcəyi müxtəlif geosiyasi “tələlər” gözləyir.

Türk Dövlətləri Təşkilatı buna hazır və öz “oyun qaydalarını” tətbiq etmək yolunda onları maneə olaraq görənlərə qarşı çox diqqətli olmalıdırlar. Türk dövlətləri və xalqları bir-biri ilə çoxtərəfli əməkdaşlığı təkcə tarixi-mədəni parametrlər baxımından yaxın olduqlarına görə deyil, həm də səmərəli və faydalı olduğuna görə davam etdirməlidirlər.

Öz ölkəmlə bağlı deyə bilərəm ki, Qazaxıstan türk dünyası üçün Şərqə açılan pəncərədir, Türkiyə isə türk dünyasının ən qərb hissəsi kimi Qərbə açılan pəncərədir və qohum dövlətlər arasında sıx əməkdaşlıq qaçılmazdır. Əsas odur ki, bir-birimizin maraqlarını nəzərə alaq...

Seymur Məmmədov
AzVision.az



Teqlər: Türklər-və-dünya  





Xəbər lenti