Avropada qaz niyə ucuzlaşıb - Ekspert rəyi
Avropadakı yeraltı qaz anbarlarında doluluq 83,33%-dir. Bu son beş il ərzindəki orta göstəricidən 13,46 faiz bəndi çoxdur. Anbarlarda ümumilikdə 90,2 milyard kubmetr qaz var.
Avropada qazın qiymətinin ucuzlaşlması yalnız isti havalara görədirmi?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Avropada qazın qiymətinin azalması G7 ölkələri tərəfindən Rusiyadan idxal edilən neftə "qiymət tavanı"nın müəyyənləşdirməsi, eyni zamanda Avropanın mərhələli şəkildə alternativ enerji mənbələrindən istifadə etməsi ilə əlaqədardır. O, Aİ-nin Rusiyadan kənar mənbələrdən qaz idxal etməsinin də qiymətlərə təsir etdiyini vurğulayıb.
“Məsələn, ABŞ-dan Avropaya sıxılmış qaz idxalında artımlar var. Avropada enerji ilə bağlı qənaət sisteminin tətbiq edilməsi də qiymətlərə təsir göstərib. Bu, tələbin tənzimlənməsi baxımından vacib idi. Ona görə də qiymətlərin azalacağı gözlənilən idi. Lakin enerji təminatı Avropa üçün vacib elementlərdən biridir. Bu kontekstdə növbəti dövrlərdə də Aİ ölkələri üçün enerji idxalının diversifikasiyası əsas prioritet olaraq qalacaq”,- V.Bayramov bildirib.
Deputat əlavə edib ki, Avropa mərhələli şəkildə yeni reallığa və bu fonda enerji idxalındakı dəyişikliklərə adaptasiya olur: “Bu isə Avropa İttifaqına imkan verəcək ki, növbəti dövrlərdə qazın qiymətindəki kəskin artımların qarşısını müəyyən qədər ala bilsin”.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban Avropada qazın qiymətinin 696 dollara qədər ucuzlaşmasını anomal istilərlə əlaqələndirib. Onun sözlərinə görə, Avropada 1925-ci ildən bəri builki kimi mülayim qış olmayıb. Polşada 19, Belarusda 16 dərəcə, İspaniyanın Şimalında isə 25 dərəcə temperatur müşahidə edilir.
“Bunun nəticəsində Avropa yeraltı anbarlardan qaz götürmür. Təlabat azaldığından qazın qiyməti 1200 dololardan 696 dollara qədər ucuzlaşıb. Lakin bu müvəqqəti xarakter daşıyır. Yanvarın 8-dən havaların soyuması proqnozlaşdırılır ki, bu da temepraturun 10-20 dərəcə aşağı düşməsi və qazın qiymətinin qalxması ilə nəticələnəcək”.
Avropada anbarların 83 faiz dolu olmasına diqqət çəkən ekspert qaz təlaşının artıq arxada qaldığını qeyd edib: “Avropada istilik mövsümü marta qədərdir. Ondan sonra iqlimdən asılı olaraq yeraltı qaz anbarlarının doldurulmasına başlanılır. Bu zaman qaza təlabat artacaq. İstənilən halda cari il üçün qaz qiymətləri 1000 dollardan aşağı proqnozlaşdırılmır. Neft üçün cari ildə qiymətin 75 dollara qədər ucuzlaşması və 110 dollara qədər bahalaşması bu ilin 4-cü rübü üçün gözləniləndir. Qazın qiymətinin isə əsasən mart-may ayları və avqust-oktyabr aylarında artması proqnozlaşdırılır”.
Aytən Zəhra
AzVision.az