Komandir səhvləri HİMARS-dan da betərdir

// Yanlış qərarlar rus əsgərinin axırına çıxır

   Komandir səhvləri HİMARS-dan da betərdir
  06 Yanvar 2023    Oxunub:3380
Ukraynanın Zaporojye vilayətinin Tokmak şəhərinə səfərbərliklə "xüsusi hərbi əməliyyata" çağırılan rus əsgərləri... vərəm dispanserində yerləşdirilibmiş. Əgər yanvarın 3-ü, gecə yoluxucu xəstəliklə mübarizə ocağına düşən HIMARS raketi olmasaydı, bu fakt qarışıq gündəmin digər xəbərlərinin içində itib-batacaqdı.
Rusiya Federasiyasının ordu rəhbərliyinin kobud səhvləri ucbatından məntiqsiz dislokasiya edilən şəxsi heyət ön cəbhədə vuruşan əsgərlərdən daha çox itkilərə məruz qalır. Məsələn, Rus Ordusunun cəbhə xəttindən cəmi 12,5 km. aralıda, Makeyevka yaşayış məntəqəsində yerləşən tikilidə cəmləşdirilən və silah-sursat anbarı ilə qonşuluqda yerləşdirilən digər bölmələri kimi.

Yanvarın ikinci günündə Ukrayna Ordusunun dəqiq zərbələri nəticəsində RF Silahlı Qüvvələri Makeyevkada ilin ən böyük birdəfəlik itkisini verib. Rusiya KİV-in yaydığı ilkin məlumatda 63, sonradan dəqiqləşdirilmiş informasiyada isə 89 nəfərin həlak olduğu qeyd edilsə də, Ukrayna hərbi komandanlığı ən azı 350 məhv edilmiş işğalçı barədə raport yaydı.

Neytral mövqe seçən "Meduza" şəbəkə kanalının insayd məlumatına əsasən, Makeyevkanın 19 №-li TPM (texniki-peşə məktəbində) yerləşdirilən Rusiya Silahlı Qüvvələrinin 14444-cı alayının 400 əsgəri məhv edilmiş, 300 yaralanmışdı.

Britaniya Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat idarəsinin 4.01.2023 tarixində Ukraynadakı münaqişəyə dair yaydığı rəsmi relizdə bu rəqəm təstiqlənməsə də, rus ordusunun komandanlığının səriştəsizliyi bir daha vurğulanmışdı.

Hans Kloss ©
UK Ministry Of Defence / Meduza və s. materialları əsasında
Xüsusi olaraq AzVision.az üçün




Teqlər: Müharibə  





Xəbər lenti