HİMARS-dan daha üstün: “TRLG-230” Vətən Müharibəmizdə necə tətbiq olunub
ROKETSAN şirkəti “TRLG-230” raketini ilk dəfə 2021-ci ildə İstanbulda keçirilən 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdirib. 230 millimetrlik “TRG-230” raketinə 55 kq.-lıq lazer başlığı əlavə edilərək hazırlanan “TRLG-230” raketinin baza versiyası 20-70 kilometr aralığında yüksək prioritetli hədəflərə qarşı intensiv və effektiv atəş gücü yarada bilir.
Bu ilin avqustunda keçirilən sınaqlar zamanı məlum oldu ki, raketin uçuş məsafəsi 150 km.-ə qədər artırılıb. Daha əvvəl 230 mm.-lik raketlər tuşlama sistemlərindən, xüsusilə GPS və koordinatlardan asılı idi. Hazırda isə raketlər lazerlə idarə olunur. Bu funksiyaya malik raketlər ilk dəfə Azərbaycan ordusu tərəfindən Qarabağ müharibəsində uğurla tətbiq edilib. Hazırda onlardan Ukrayna ordusu tərəfindən döyüş əməliyyatlarında uğurla istifadə olunur.
Vətən Müharibəmizdə tətbiqi
Azərbaycanın artilleriya hissələri Vətən Müharibəsində “TRLG-230” raketlərini X ankəndi, Əsgərən və Qubadlı ətrafında yerləşən düşmən hədəflərinə zərbələr endirməklə uğurla döyüş sınaqlarından keçiriblər. Yeri gəlmişkən bir neçə raket döyüş əməliyyatları zonasının hüdudlarından çox uzaqda yerləşən Mərkəzi Aran bölgəsindən buraxılıb və hədəflərə dəqiq zərbə endirib.
“TRLG-230” raketlərinin Vətən Müharibəsindəki hədəfləri arasında düşmənin artilleriya və hava hücumundan müdafiə sistemləri, RLS mövqeləri, toplaşma rayonları, maddi-texniki təchizat vasitələri, komanda və idarəetmə məntəqələri, rabitə qovşaqları olub.
Şirkətin perspektiv planları
ROKETSAN müasir müharibənin ən təsirli silahlarından olan lazer idarəli digər artilleriya raketlərinin də mənzilini artırmaq üçün səylərini davam etdirir. 150 km. mənzilli lazerlə tuşlanan yüksək dəqiqlikli TRLG raketləri ilə yanaşı, şirkət daha uzun atəş məsafələrinə malik ATMACA, YILDIRIM, BORA və KASIRGA raketlərinin təkmilləşdirilməsini də həyata keçirir.
Təkcə keçən il ərzində ROKETSAN 9 yeni məhsulunu IDEF’21 sərgisində ilk dəfə təqdim etdi. “MK-82” bombasının pilotun nəzarəti altında hədəfə çatmasını təmin edən LAÇIN tuşlama dəsti, “MAM-T” və SUNGUR sursatları, Türkiyənin ilk milli AKYA ağır torpedosu, 324 millimetrlik ORKA torpedosu, lazerlə idarəolunan METE mini-raketi, LEVENT yaxın məsafəli HHM kompleksi (YHSS) ROKETSAN-ın həmin sərgidə ilk dəfə təqdim etdiyi məhsullardan bəziləridir.
“TRG-230”
Yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində “TRG-230” raketi 20-70 km. məsafədə yüksək prioritet hədəflərə qarşı intensiv və effektiv atəş gücü yaradır. TRLG-230 raketləri çoxlüləli yaylım atəşli sistemlərilə uyğun interfeyslərə malik müxtəlif platformalardan buraxıla bilir.
Kompleksin xüsusiyyətləri
• Hər cür hava və ərazi şəraitində 7/24 istifadə
• Qısa atəş müddəti
• Dəqiq atəş bacarığı
• Aşağı mənfi təsirlər
• Nəqliyyat üzərində daşınması, saxlanması və istifadəsi
Potensial hədəfləri
• Yüksək dəqiqliklə hədəf aşkarlanması
• Artilleriya və Hava Hücumundan Müdafiə sistemləri
• RLS mövqeləri
• Cəmləşmə rayonları
• Logistika obyektləri
• Komanda, idarəetmə və rabitə sistemləri
• Digər yüksək prioritetli hədəflər
Nəticə
Türkiyə son illərdə müdafiə sənayesinin ən mürəkkəb sahələrindən olan raket istehsalında ciddi addımlar atmaqdadır. Yaylım atəşli reaktiv sistemlər üçün nəzərdə tutulan raketlər onun müttəfiqlərinin, o cümlədən, Azərbaycan Silahlı Qüvvələrinin silahlanması üçün mühüm əhəmiyyətə malikdir. Bu tip raketin seriya istehsalı Türkiyənin idxal edilən sursatlardan asılılığını aradan qaldırmaqla bərabər, müdafiə sənayesinə yeni maliyyə vəsaitləri də cəlb etməyə imkan yaradır.
Türkiyədə istehsal edilən silah və avadanlıqlar, o cümlədən, yaylım atəşli reaktiv sistemlərin yeni idarəolunan sursatları Azərbaycan üçün də maraqlı təkliflərdir. TRLG-nin gələn ildən kütləvi istehsalı gözlənilir.
Türkiyə şirkətlərinin əldə etdikləri nailiyyətlərlə kifayətlənmədiyini, daim daha üstün texnologiyaya can atdıqlarını nəzərə alsaq, “TRLG-230” raketlərinin yaxın zamanda daha uzaqmənzilli versiyalarının yaradılacağını gözləyə bilərik.
Son illər ərzində Türkiyə istehsalı olan YARS-lardan intensiv şəkildə istifadə edən Azərbaycanın artilleriya qoşunlarının silahlanmasına yaxın gələcəkdə “TRLG-230” raketlərinin qəbul edilməsi də gözləniləndir.
Raketlərin hədəfdən yayınması 10 metrdən 2 metrə qədər azaldılıb. Bu isə onları eyni sinfə aid olan ABŞ istehsalı HIMARS-dan 3.5 dəfə daha dəqiq olduğunu göstərir. Belə olan vəziyyətdə Türkiyə yeni raketləri üçün müştəri axtarmaq problemi ilə qarşılaşmayacaq.
Kompleksin bütün komponentlərinin Türkiyənin yerli şirkətlərinə aid olması TRLG-nin Ankaranın istədiyi ölkəyə ixracına təkbaşına qərar verməsinə də imkan yaradır. Bu isə silah bazarında mühüm əhəmiyyət kəsb edir.
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün