97 yaşlı almana ölüm lagerində işlədiyi üçün iş kəsildi

  97 yaşlı  almana ölüm lagerində işlədiyi üçün iş kəsildi
  20 Dekabr 2022    Oxunub:1595
Almaniyanın Şlezviq-Holşteyn Regional Məhkəməsi Ştuttxof həbs düşərgəsində işləmiş 97 yaşlı İrmqard Furçnerə iş kəsib.
O, digər konslager işçiləri kimi on mindən çox məhbusun ölümündə günahkar sayılıb. Hakim ahıl almana iki il şərti cəza kəsib. Almaniyanın DPA agentliyi məhkəmənin qərar çıxarması ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

2021-ci il sentyabrın 30-da başlayan məhkəmə prosesi zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs 1943-cü ilin iyunundan 1945-ci ilin aprelinə qədər Dansiq (indiki Polşa Qdanskı-red.) yaxınlığındakı Ştutxof həbs düşərgəsinin komendantlığında azad mülki işçi kimi çalışıb. O bununla da sistemli şəkildə SS-ə məhbusların öldürülməsində yardım etmiş sayılır. Yəni cinayətə şərik olub.

Auşvitzdəki 7 cırtdan: Liliputlar ölüm düşərgəsindən necə sağ çıxa bildilər?
Qeyd edək ki, təqsirləndirilən almanın cinayəti törədən zaman 18-19 yaşı olduğu üçün proses yetkinlik yaşına çatmayanların işləri üzrə məhkəmənin qaydaları ilə keçirilib.

Hökm prokurorluğun irəli sürdüyü tələblə üst-üstə düşüb. Hansı ki, 15 ittihamçı onunla razılaşıb. Onlardan yalnız birinin şərti cəza qərarı xoşuna gəlməyib. Öz növbəsində Furxnerin iki vəkili bəraət istəyib. Qeyd edilib ki, onların katibə işləmiş müştərisinin konslagerdə məhbusların məhv edilməsindən xəbəri olması sübut olunmayıb.

97 yaşlı müttəhim son ifadəsində qısa danışıb: "Bütün bunların baş verməsinə görə təəssüflənirəm və o zaman Stuttxofda olduğum üçün də təəssüflənirəm. Daha deməyə sözüm yoxdur".

Qeyd edək ki, tarixçilər İkinci Dünya Müharibəsi illərində Ştutxof düşərgəsində 100 mindən çox məhbusun dəhşətli şəraitdə saxlanıldığını iddia edirlər. Bildirilir ki, 65 mindən çox insan yoluxucu xəstəliklərdən, zəifləmədən, zorakılıqdan ölüb və ya qaz kamerasında boğulub, güllələniblər. Bütün bu qeyri-insani əzablarla bağlı konslagerdən sağ çıxmış məhbuslar 40 məhkəmə iclası zamanı danışıb. Onlar da məlum prosesdə ittihamçı kimi çıxış ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya   Məhkəmə   Məhbus   Konslager  





Xəbər lenti