"AzVision": Ermənistan niyə Azərbaycanı müharibəyə təhrik edir? – Video

      "AzVision":    Ermənistan niyə Azərbaycanı müharibəyə təhrik edir? –    Video
  08 Dekabr 2022    Oxunub:5270
Real TV-də efirə gedən AzVision verilişinin 7 dekabr tarixli buraxılışında bu suallara toxunulub:
- Ekoloqların etdiyini başqa qurumlar da təkarlaya bilərlərmi? Onlara nə mane olur?
- İrana bir ay əvvəl samballı cavab vermişdiksə, ikinci böyük təlim hansı zərurətdən doğmuşdu?
- Ermənilər Avropaya Rusiya ilə bağlı hansı mesajları verir və nəyə nail olmağa çalışırlar?
Verilişdən sitatlar:

○ Müasir Qərb dünyasında ekologiya – az qala din səviyyəsində, hətta dindən də müqəddəs sayılan bir inancdır. Siz Avropada xristianlığa rahatca şəkk gətirə bilərsiniz, buna görə heç kim heç nə deməyəcək. Amma eklogiyaya şəkk gətirsəniz sizi qır qazanında qaynadarlar! Əgər son onilliklərə qədər Qərb üçün müqəddəs nəsnə insan haqları idisə, indi ekologiya onu xeyli qabaqlayıb. Qısası, şəhadət verirəm ki, ekologiyadan başqa məbud yoxdur, Ekologiya və Təbii Sərvətlər nazirliyi də onun elçisidir!

○ Məntiq sadədir: əgər ekoloji problem yarananda Ekologiya və Təbii Sərvətlər Nazirliyi orada əməliyyat keçirə bilirsə, terror təhlükəsi yarananda DTX niyə keçirə bilməsin? Buna mane olmaq üçün sülhməramlıların mandatında heç nə yazılmayıb axı.

○ Sülhməramlıların missiyası nəzarət etdikləri ərazidə yaşayan erməni əhalinin etnik təmizlənməyə məruz qalmamasına, bir qədər dar mənada isə təhlükəsizliyinə təhdid yaranmamasına nəzarət etməkdir. Onlar siyasətə qarışa bilməzlər. Separatçılıq, qondarma dövlət qurumları yaratmaq isə siyasi məsələdir. Bunlar sülhməramlıların olmayan mandatından kənar tutulmalıdırlar.


○ Əslində Moskvanın təklif etdiyi variant Ermənistan üçün tamamilə məqbul, hətta məqbuldan da artıqdır. Məntiqlə bu halda Paşinyan Qərbə can atmamalı idi. Amma tam əksini edir – ermənilər üçün son dərəcə sərfəli, hətta göydəndüşmə olan rus variantını pozmaq üçün Avropa platformalarına qaçır. Orada müzakirə edilən variantla razılaşmaqla Rusiyanın təklifini sıradan çıxarır. Sonra isə yenə də özü Qərbdə razılaşdırılan formatların da işini pozur. Beləliklə, nə alınır?! Hər iki formatı pozan eyni adamdır: Nikol Vovayeviç Paşinyan!

○ Hər şeydən belə görünür ki, Paşinyan Azərbaycanı yeni müharibəyə, ən azından hərbi əməliyyatlara təhrik etmək istiqamətində çalışır. Çünki hazırda Ermənistan üçün yeganə uğurlu variant ancaq bu ola bilər. Onsuz da 3 aydır ki, bütün dünyada, xüsusilə Avropada ermənilər Azərbaycanın təcavüzü barədə şeypur çalırlar. Fransa hökumətinin parlamentin qərarını icra edərək, Azərbaycana qarşı sanksiyalar qoyması, hətta separatçı qurumu tanıması üçün bir güclü trigger lazımdır. Yeni hərbi əməliyyatlar bunu təmin edə bilər. Ardınca isə başqa mexanizmlər dövrəyə qoşulacaq.

○ Regionda ancaq və ancaq bir qırmızı xətt var, o da Azərbaycan-Türkiyə qardaşlığı, iki ölkənin öz milli maraqları uğrunda heç kimdən, heç nədən çəkinməmələridir. Zənimizcə, bu təlimlər İranın oktyabr təimlərinə cavab deyildi, çünki o cavab artıq verilmişdi. Bu təlimlər bir növ xəbərdarlıq idi ki, əgər İran Ermənistanın Azərbaycanı müharibəyə təhrik etmək niyyətindən xəbərdardırsa, bu zaman özü də qırmızı aftafasını əlində tutub, çırmanıb, çayı keçmək üçün məqam gözləyirsə, onda nə ilə qarşılaşacağını bəri başdan bilsin!


Teqlər: AzVision   Qarabağ   Sülhməramlı  





Xəbər lenti