Vahid Əziz: `O şeiri yazdığım gün intihar edəcəkdim` - MÜSAHİBƏ

Vahid Əziz: `O şeiri yazdığım gün intihar  edəcəkdim` -  MÜSAHİBƏ
  12 May 2014    Oxunub:22544
`60 yaşım tamam olanda dedim axı mən də yaşamalıyam`

AzVision.az şair Vahid Əzizin müsahibəsini təqdim edir:

Zamanım olmadı güləm doyunca
Darısqal günləri, ayları saydım.
Hərdən düşünürəm: “Şair olunca
Kaş ruhu olmayan daş yaranaydım”

- İndi necəsiniz, günləriniz necə keçir. Gülməyə zamanınız var?


- Günlər gah sıxıntılı, gah yaxşı keçir. Baxır səhər- səhər qarşına kim çıxır. Həmişə adamın günü yaxşı keçə bilməz axı. Çünki, onda adiləşir, standart olur.

- Daş olmağın həmin vaxtlar insandan üstünlüyü nədə idi ki?

- Məsələ ondadır ki, mən nə yazdığımı yazı prosesində bilmirəm. Nə yazacağımı da bilmirəm. Çox maraqlı bir melodiya, onlarla bərabər sözlər də gəlir. Ona qalsa, mən yaşda adam, şair gecə-gündüz sevgi şeirləri yazıram. Gərək evdə arvad ilə gündə qırğında olaq. Amma hamısı mənim özümün yaşadığım hisslər də deyil. Dünyada 7 milyarda yaxın insan var, hamı şair deyil ki. Hesablasan, Nizami dövründən üzü bu yana heç yüz min şair dünyaya gəlməyib. Bu, böyük rəqəmdir. Amma biz başqalarının dərdini yazırıq.

Ola bilər, sən bir şeiri oxuyasan, oradakı bir obrazda özünü görəsən. Əgər cavan bir qız mənim kitabımdan oxuduğu və ya efirdə dediyim şeiri götürüb telefonla sevdiyi kiməsə göndərirsə, kimsə roman, povest yazanda epiqraf götürürsə, demək orada özünü görür. Biz müxtəlif psixologiyalara girib, insanların ruhuna daxil oluruq. Roman var ki, 700-dən çox obraz var orada. Hansı obraz ki, zəifdir, görünür, müəllif o obrazın içinə girə bilməyib. Onun keçirdiyi hissləri yaşaya bilməyib. Amma romanda 50-60 personaj varsa, gərək yazıçı onların hamısının hisslərini yaşayıb, sonra yaza. Gör yazıçı bir-iki ilin içində nə qədər kataklizmlərdən keçir. Nə qədər istidən soyuğa, soyuqdan istiyə düşür. İçində hisslər yaşadır.

- Deyirsiniz, sizin şeirləri ona görə oxuyurlar ki, özlərini orada görürlər, tək olmadıqlarını hiss edirlər. Dərdlərinə şərik çıxanların olduqlarını duyurlar. Bəs Vahid Əzizin dərdinə kim şərik çıxır? Kimin şeirində dərdinizə şərik axtarırsınız?

- Mən allahın kargüzarıyam. Mənim ən çox sevdiyim şair Füzuli, Nizami, Nazim Hikmət, Rəsul Rza, Səməd Vurğun, Əli Kərimdir. Xarici ədəbiyyatdan isə Mayokovski, Yesenin, Federika Qarsia Lorka, Pablo Nerudadır. Bizim gözəl şairlərimizdən Ramiz Rövşən, Məmməd Araz, Musa Yaqub, Baba Vəziroğludur.



Yaxşı bir şeir oxuyanda çox sevinirəm. Uğurlu bir misra görəndə paxıllıq hissi keçirmirəm. Sadəcə, çox sevinirəm ki, nə gözəl oldu ki, mən onu tapdım. Demirəm ki, `heyif, onu mən yaza bilmədim`. Mənim üçün vaxtilə Füzuli dövrü olub, Nazim Hikmət dövrü olub, Rəsul Rza dövrü olub. İndi də mənim üçün həmyaşıdlarım örnəkdir, həm də cavan şairlər. Əgər cavan şairdən öyrənməsən, deməli, sən artıq marağını bitirmisən. Cavan şairdən öyrənirsən ki, görək, axı bu gənc şair dünyanı necə görür?

Bu gün poeziyamızda çox maraqlı gənclər var . Çox qəribə gəlir ki, gənc nəsil ilə yaşlı nəsil yola gedə bilmir. Bu, hər zaman olub. Gənc nəsil özündən yaşlı nəsli inkar etməsə, inkişaf edə bilməz. Bu inkar bəzən çox təbiidir. İnkar da inkişaf mərhələsidir. Məsələn, kimsə məni inkar edirsə, çox düz edir. O, gəncdir, inkişaf etmək istəyir, axtarışdadır. Cücə yumurtadan çıxanda qabığını deşməsə, çıxa bilməz.

- Yalvarsam da cavab vermir
Keçən illər, ötən aylar
Xatirələr heç nə demir
Ürəyindən nə xəbər var?


- Yaxşı oxumusan deyəsən məni. Ürək hələ işləyir, yaxşıdır. Ürək işləyir, sözün təmiz mənasında sevmək istəyir, sevilmək istəyir. Mən Türkiyədə yazdığım bir şeirimdə deyirəm:

Sevmək bedavaymış,
Sevilmək baha.
Sevmək əzabmış,
amma sevilmək çətin.
Sən sevirsən, amma sevildinmi? Bunu bilmək olmaz.

Və ya :

Onlar ömrünü bir yerdə yaşadılar
Amma bir yerdə qarıya bildilərmi?

Bunlar ayrı-ayrı şeylərdir. Fiziki mənada qocalırsan. Biri də var ki, bir yerdə qocalasan. Bir yerdə qarıya biliblərsə deməli, bir-birini duyaraq yaşayıblar.



- Bir də deyirsiniz ki:
`Hərdən istəyirəm bir xəta yapam,
Gizlədim yaşımı gözəl görəndə.
Yaşı gizlədə bildinizmi?


- Yaş fiziki məfhumdur. Amma sənin ürəyin və içindəki duyğular neçə yaşdadırsa, sən o yaşda göünürsən insanların gözünə. Məsələn, 70 yaşım var mənim, amma hərdən deyirlər ki, Vahid müəllim, sənə 50-55 yaş vermək olar.

-Hərdən axtarıram özümü tapam,
Payız bağlarında xəzəl görəndə...
Özünü tapan insan necə olur ki? İnsan özünü harada tapa bilər?


- İnsan özünü tapanda xoşbəxt olur. Özünü tapa bilirsə, deməli, artıq həyatın zirvəsindədir. Adam həmişə axtarışda olur. İndi hərə bir yerdə tapır da, özünü. Əgər adam ailədə, evdə, yaşadığı mühitdə rahatlıq tapa bilmirsə, hamıdan təcrid olunub, var-dövlətin, beşmərtəbəli villanın içində bomj kimi yaşayır.

- Bəzən insanlarda aqressiya görürük. Bu da özünü tapmamaqdandır?

- Aqressiyanın müxtəlif səbəbləri var. Sən bu aqressiyanı Azərbaycanda görə bilərsən, Avropada yox. Məsələn, Avropada qonşu ilə, tanımadığın adamla rastlaşırsan, o, sənə gülümsəyir. Burada bir xanıma baxıb gülümsəsən, deyəcək bunun başı xarabdır. Amma bəzən düşünürəm ki, sifətdən zəhrimarın tökülməyindənsə, gülümsəmək daha yaxşıdır. Avropanı gülümsəməyə öyrədən Deyl Karneginin təlimi oldu. Karnegi insanlara dedi ki, ən çətin zamanlarda gülməyi bacarın.

Düzdür, bir yandan baxanda bu, çox gözəldir. Digər yandan baxanda, bizdəki aqressiya Avropadakı gülüşdən daha təbiidir. O gülüşdə sünilik var. Bizdəki aqressiya insanın içindən gəlir. Bu gün Azərbaycanda insanların içindən aqressiyanı təbii şəkildə çıxarmaq lazımdır. İnsanların bir-birinə münasibəti yaxşı olmalıdır. İnsanlar içinə qapanıb özlərini fikirləşirlər. Adamın içindəki yük o qədər ağır olur ki, gözlərini çəkib içəri salır. Yük olmasa onun gözləri qabağa - insanlara baxar.

- Dərələyəzdən, Herherdən danışanda da sizin gözünüz gülür, üzünüz açılır.

- Biz oradan köçəndə mənim altı yaşım var idi. Bəzən deyirlər ki, Novruz baryamında kosa belə gələrdi, bunu edərdi. Mən bunun hamısını kəndimizdə görmüşəm. Anam rəhmətlik inəyi sağardı, mən də 3-4 yaşımda cüvəllağı bir uşaq idim, gəlib başımı soxub inəyin təmiz südündən içərdim. Nə bürüselyoz-zad?.. Hava da, təbiət də, insanların bir- birinə münasibəti də təmiz idi. Oradan–ora, buradan -bura köçdük. Həyatım çox keşməkeşli oldu. Dediyim kimi, türmədən savayı hər şeyi görmüşəm.




- Mən hönkürmək istəyəndə
Suya girmək istəyirəm
Mən hönkürmək istəyəndə
Yer süpürmək istəyirəm
Mən hönkürmək istəyəndə
Bərk tüpürmək istəyirəm...

Hönkürərək ağlamısınız heç ?


- Əlbəttə, ağlamışam.
Səbrim ölümlərdən saxladıb məni,
eşqim cünun kimi dağladıb məni,
nakişi olanlar ağladıb məni -
sonra danlayıb ki - "Kişi ağlamır".

Nakişi olan ağladanda adam pis olur. Ağladır səni, sonra danlayır ki, kişi ağlamır. Çox ağır şeydir. Olub. Mən çox kövrək adamam. Sentimental filmlərə baxa bilmirəm. Çox kövrəklik də bir şey deyil.

- Deyirlər ki, insan həyatda iki dəfə - bir uşaq vaxtı, bir də yaşlananda uşaq olur. Bəlkə kövrəklik də bundan qaynaqlanır ?..

- Bir dəfə mənə sual verdilər ki, niyə babalar nəvələrini çox istəyir? Dedim ki, ikisi də bir ağıldadır, ona görə. Adam uşaqlaşır, təbii ki. Gücdən düşürsən, zəifləyirsən, köməyə möhtac qalırsan. İnsan yumağa dönür. Uşaq zorla yeridiyi kimi, yaşlı adam da çətinliklə yeriyir.

- Gözəlliyi doya-doya vəsf etmisiniz...

- Hələ də yazıram gözəllərdən. Bəs necə. Elə olur ki, aylarla şeir yazmıram. Amma yazanda elə bir zərblə yazıram ki. Çünki onda mənə melodiya gəlir, oxuya-oxuya o şeirləri yazıram. Elə bir səs gəlir ki mənə, eşitsən, dəhşətə gələrsən... Sonra hamısı yox olub, gedir.

Sevgidə bədənin, vücudun hər toxuması günahkardır, təkcə göz deyil. Göz gördü, ürək qəbul etdi. Qan ürəkdən keçir, başlayır dövr etməyə. Deməli, artıq ürəkdən qanla bir yerdə vurur bütün toxumalara. Sevgidə bütün vücud günahkardır. Sevgi - ilahinin insana verdiyi ikinci ruhdur. Amma məsələ bundadır ki, hər kəs sevə bilmir. İkinci ruh da hərkəsdə olmur. İnsan sevə bilirsə, deməli, xoşbəxtdir.

O vaxt kişilikdən danışmazdılar
Çünki kişilərin çoxu kişiydi...


- Danışmazdılar. Çünki adam fikirləşir ki, kişidir də, təkcə formaca deyil, həmçinin məzmunca da kişidir. Bunun əxlaqı kişi əxlaqıdır, sözünü üstündə durandır. Dosta xəyanət edən deyil. Evə haram pul gətirmir. Amma dövran keçdi, mənəvi dəyərlər məhv oldu getdi.

Bir dəfə efirdə də dedim ki, qonşusu acından ölür, ona bir tikə çörək vermir, gedir həcc ziyarətinə. Sən elə qonşuna kömək et də, yetim, kasıb əlindən tutmaq həcc ziyarətindən daha yaxşıdır. Mənim üçün ən böyük xoşbəxtlik yanına bir iş üçün gələn insanın gedəndə gözlərində sevinc görməkdir.

Yadımdadır ki, bir dəfə səhər- səhər bulvara gəzməyə getmişdim. Bir də gördüm ki, skamyanın üstündə bir oğlan bəxtəvər- bəxtəvər yatıb. Bunun yanından keçdim, cibimdə də 23 manat pul var idi. Fikirləşdim ki, indi bu yuxudan duracaq, çörək yemək istəyəcək. Bunu oyadıb pul verə bilmərəm. Ya başının altına qoyum, ya da əlinin içinə. Birtəhər pulu bunun üzü ilə əlinin arasına qoyurdum ki, ayıldı. Diksindi. Dedim, pulu götür, get çörək al, ye. Bu çaşdı qaldı. Mən də çıxdım getdim. Həmin gün özümü çox xoşbəxt hiss etdim. Ən azı, fikirləşdim ki, bir gün bir adamın ac qalmasına imkan vemədim. İnsan tək özünü düşünüb, yaşaya bilməz axı. Haram şey yesən, o, mədədə həzm olunmayacaq. Haçansa yaraya, xərçəngə çevriləcək.

- `Ümid məhv oldusa, ölməyə nə var` yazan şair bu məqamı hiss edibmi?



- Ümidin ölməyinə az qalanda yadıma Nazim Hikmətin “Böyük insanlıq” şeiri düşüb. O məqamda mənim elə vaxtlarım olub ki, intihar etmək istəmişəm. Hətta mənim “Əzizim” şeiri var ki, Flora Kərimova oxuyur. Mən o şeiri yazanda 20 ildən çox idi ki, şeir yaza bilmirdim, o gün intihar etməli idim. 1996-cı il iyun ayının 6-da .

- Niyə ?

- Problemlər var idi. Hər şey məni sıxmışdı. 52 yaşımdan məni pensiyaya çıxarmışdılar. Anası, arvadı erməni olan bəziləri yaşamağa imkan vermirdilər. Azərbaycanda vəzifəli adamlar var ki, erməniyə vurduğun şapalağa görə səndən qisas alırlar. O qisas məndən də alındı. Birdən-birə bax, o şeir gələndən sonra mən həyata qayıtdım.

Mənim eyiblərim, səhvlərim çox olub. Əsas eyibim isə o olub ki, siyasətim, bicliyim olmayıb. İnanmışam adamlara. Səxavətli olmuşam. Bir məsəl var e, deyir, tamahkarı yalançı aldadar. Ona görə ki, tamahkar öz mənəvi dünyasında təsəvvür etməzdi ki, insan bu qədər alçaq olar, belə yalanlar danışar. Cəmiyyətin evini yıxan yalan və özündən müştəbehlikdir. Bu gün Azərbaycanın bəlası odur ki, ziyalı sözünü eşitmirlər. Neftimiz var, inkişafımız var, amma daha da çox və yaxşı ola bilərdi bu inkişaf.

- 52 yaşından təqaüddəsiniz, yenidən vəzifə versəydilər qəbul edərdiniz?



- İndi daha yox yadırğamışam. Amma 52 yaşımda məni zorla pensiyaya çıxardılar. Bir adam maraqlanmadı ki, Vahid Əziz, 52 yaşında pensiyaya çıxmısan, ölmüsən, yoxsa qalmısan, acsan, yoxsa toxsan? Təqaüdə çıxsam da, təqaüd almırdım , 60 yaşım tamam olanda dedim axı mən də yaşamalıyam. Getdim, xəsətliyim var idi, ikinci dərəcəli əlillik qurupu verdilər, təqaüd aldım. İndi dövlət qulluqçusu kimi təqaüd alıram.

- Sizdən sonrakı nəsil yazarlarla görüşürsünüzmü, kiminlə əlaqəniz var?

- Qulu Ağsəsi, Salam Sarvanı görürəm, rastlaşırıq. Seymur Baycandan narazılıq edirlər. Amma bir şey var da, ona qulaq asın, görün niyə narazılıq edir? Bu, dəli deyil axı, ağıllı adamdır.

- Müğənnilər müəlliflik hüquqlarınızı qoruyurlarmı?

- Bu gün mənim sözlərimə olan mahnıları ermənilər oxuyub, çıxır öz adlarına. Amma niyə də çıxmasınlar? Tədbirlərdə minlərlə adam qarşısında Eyyub Yaqubov “Bakım mənim” mahnısını oxuyur, bir kəlmə demir ki, sözləri Vahid Əzizindir. Brilyant Dadaşova dünyanı gəzən “Bayatılar” mahnısını oxuyur, bir dəfə demir ki, sözləri kimindir. Axı mənim müəlliflik hüququmu niyə pozursan? Sən bunu de ki, sabah da erməni köpəkoğlu öz adına çıxanda xaricdə oturan desin ki, bu, Azərbaycan mahnısıdır.

Şahanə Rəhimli



Teqlər:  





Xəbər lenti