"Qızıl ördəy"i qazananlar - Taliban Qətər stadionlarını necə tikib?

   "Qızıl ördəy"i qazananlar -    Taliban Qətər stadionlarını necə tikib?
  26 Noyabr 2022    Oxunub:5197
Son günlər bütün dünyanın diqqəti Qətərə yönəlib. Dörd ildə bir dəfə baş tutan futbol üzrə dünya çempionatı ilk dəfədir ki, bu kiçik ərəb ölkəsində və fərqli mövsümdə keçirilir.
Çempionat yeni başlayıb, məşhur nəşr olan "The Telegraph" isə diqqəti oyunlardan çox rəsmi Doha ilə bağlı qalmaqala səbəb olacaq siyasi proseslərə cəlb edib. Nəşrin dərc etdiyi məqalədə qeyd edilir ki, ölkə rəhbərliyi bu mühüm yarış üçün hazırlanacaq infrasturktur, xüsusən də stadionların tikintisinə aid avadanlıqların tədarükünü Talibana həvalə edibmiş. Məlum olub ki, uzun illər terrorçu təşkilat kimi tanınmış bu hərəkat rəsmiləri Qətər tikintilərindən, dünya çempionatından milyonlar qazanıblar.

Qətərdə Əfqanıstan üzrə danışıqların yeni mərhələsi keçirilir
Bununla bağlı Talibanın Doha ofisindəki mənbə nəşrə bir sıra diqqət çəkən açıqlamalar da verib. Qeyd edilir ki, yüksək vəzifəli Taliban məmurları əvvəlki illərdə onlara ödənilən və sülh danışıqları ilə əlaqəli olan pulları on il ərzində tunirin infrastrukturunun qurulması üçün ağır avadanlıq almağa və digər məsələlərə yönəldiblər.

Taliban rəhbərliyinin böyük bir kontingenti 2013-cü ildən Qətərin paytaxtı Dohada qalır. Onlar son illər burada ABŞ, BMT ilə uzunmüddətli sülh danışıqları aparıblar.

Qeyd edilir ki, Talibanın Dünya Çempionatının təşkili ilə bağlı infrastrukturun qurulmasına böyük sərmayə yatırması onlar üçün müəyyən rəmzi məna daşıyan "qızıl ördəy"ə çevrilib.

"Taliban rəsmilərinə məhz bu fəaliyyətlərinə görə artıq milyonlarla vəsait ödənilib”, – 2021-ci ildə Taliban Əfqanıstanı ələ keçirənədək Dohada yaşamış mənbə jurnalistə deyib.

O da vurğulanır ki, hətta Dohadakı talibançıların hər birinin altı-on arası ağır texnikaları olub və onlar uzun müddət oturduqları yerdə hər bir avtomobil üçün ayda 10.000 funt-sterlinq qazanırlarmış.

Talibanı təmsil edən iki yüksək vəzifə daşıyan mənbə isə əvvəlki illərdə sülh danışıqları zamanı sözügedən məmurlara Qətərdə daimi qalmaq üçün necə yüksək məbləğlər ödənildiyini və daha sonra bu pulların kütləvi şəkildə ağır tikinti texnikalarına yatırıldığını təsvir ediblər.

"Məlum məsələdir ki, Qətər hakimiyyəti Qərblə sülh danışıqlarını təşviq etmək səyləri çərçivəsində Talibanın Dohadakı siyasi ofisinin üzvlərinə aylıq xeyli miqdarda pul ödəyib ki, bu da ABŞ və BMT-nin razılığı ilə reallaşıb. Həmçinin bura gələn məmurlar, dəbdəbəli yolsuzluq avtomobilləri, pulsuz tibbi xidmət və müntəzəm olaraq qidanlanma kimi digər vacib ehtiyaclarla təmin olunublar", - müəlif yazıb.

"The Telegraph" onu da yazıb ki, pullar əvvəlcə nağd şəkildə ödənilirmiş, sonradan isə birbaşa Taliban rəsmilərinin bank hesablarına köçürülməyə başlayıb. Bu amil isə ABŞ-la yanaşı elə Qətərin də bəzi səlahiyyətlilərinin məlum xərclərin izinə düşməsini, araşdırmasını çətinləşdirib.

Qətərlilər iddia ediblər ki, aylıq ödənişlər, ümumi məbləğin necə və hara xərclənməsi ABŞ ilə “razılaşdırılmış formada izlənilib”.

Bir çox mənbə iddia edir ki, Dohadakı Taliban vasitəçisi, 1996-2001-ci illərdə Əfqanıstanın neft və mədən naziri işləmiş Hacı Əhməd Can Dünya Kuboku üçün stadionların və infrastrukturun tikintisinə cavabdeh olan tikinti şirkətlərinə avtomobillərin icarəyə verilməsinə nəzarət edib.

Əfqanıstanın Dohadakı yüksək rütbəli diplomatlarından biri isə bu iddia ilə bağl deyib: "Dohadakı Əfqanıstan səfirliyində heç kimə sirr deyildi ki, Talibanın danışıqlar qrupu və siyasi ofisi Qətər rejimindən yaxşı pullar alırdı. Bəli, onlar bu maaşları Dünya Kuboku üçün tikinti avadanlıqlarına yatırırdılar".

O da qeyd edilir ki, Talibanın "Haqqani şəbəkəsi" hətta digər ərəb dövlətlərində yaşayan əfqanlardan da pul və ianələr toplayıblar. Onlara pulların Qətərdə keçiriləcək Dünya Kubokunun reallaşması üçün nəzərdə tutulmuş layihələrə yatırılacağı vəd edilib.

Müəllif həmçinin vurğulayıb ki, tikinti işləri ilə bağlı Talibana aid edilən proseslərin qeyri-qanuni və ya qanuni olması mövzusu ilə yanaşı başqa mübahisələr də yaranıb. Burada kütləvi şəkilə əmək hüquqlarının pozulmasında açıq suallar yaranıb.

Məsələn, məlumat yayılıb ki, Qətər stadionlarında işləyən və ümumilikdə infrastrukturun qurulması proseslərinə cəlb edilən 6000-dən çox miqrant işçi ölüb. Bu iddia Doha hökuməti tərəfindən rədd edilib. Əvəzində qeyd edilir ki, 12 illik tikinti işləri zamanı cəmi üç stadion işçisi ölüb...

Tural Tağıyev
AzVision.az

Teqlər:   Qətər   Taliban   ABŞ   Tikinti   Stadion  







Xəbər lenti