Fransada Makronla bağlı araşdırma başlanıldı

   Fransada Makronla bağlı araşdırma başlanıldı
  24 Noyabr 2022    Oxunub:1207
Fransa prezidenti Emmanuel Makronun 2017-ci ildə seçki kampaniyasını qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı istintaq başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb. Fransa Milli Maliyyə Prokurorluğu noyabrda üç müstəntiq hakimə həvalə edilən ilkin araşdırmaya başlayıb.

Onlardan biri 2017-ci ildə keçmiş baş nazir Fransua Fiyona qarşı ittihamlar irəli sürən Serj Turnyordur. Araşdırmaya görə Fiyonun rəy sorğularında Makronu qabaqlamaq şansının olmasına baxmayaraq seçki yarışından geri çəkilib.

Senatın hesabatından sonra mart ayında başladılan təhqiqat özəl konsaltinq şirkətləri tərəfindən çirkli pulların yuyulması və korporativ verginin ödənilməməsi ilə bağlı olub. Məlum olub ki, Amerikanın "McKinsey" şirkətinin Fransadakı ofisi son 10 ildə nəinki vergi ödəməyib, eyni zamanda 2018-ci ildən 2021-ci ilə qədər konsaltinq şirkətlərinin xidmətlərinə görə dövlət xərcləri orta hesabla iki dəfə artıb və bir ildə 1 milyard avroya çatıb. Məhz bu ilin mayında "McKinsey"in qərargahında aparılan axtarışdan sonra prokurorlar sırf maliyyə işinə “favoritizm” və “qanunsuz kampaniyanın maliyyələşdirilməsi” şübhələrini əlavə etmək qərarına gəliblər. İndi onlar Amerika firmasının hökumət müqavilələrinin verilməsində imtiyazlı mövqeyə malik olub-olmadığını araşdırmalıdırlar.

"Le Monde" qəzetinin yazdığına görə, bu firmanın məsləhətçiləri 2017-ci il prezident seçkiləri zamanı Makronun kampaniyası üzərində işləyiblər və iddialara görə, hətta "İrəli Respublika" partiyası və nazirliklərdə müəyyən vəzifələr tutublar. Prokurorluq qəzetin məlumatını şərh etməkdən imtina edib.

AzVision.az



Teqlər:





Xəbər lenti