"Titanik"dən sağ çıxan olimpiya çempionunun inanılmaz həyatı

"Titanik"dən sağ çıxan  olimpiya çempionunun  inanılmaz həyatı
  22 Noyabr 2022    Oxunub:3360
1912-ci il aprelin 15-də "Titanik" gəmisinin Atlantik okeanda aysberqlə toqquşaraq batması nəticəsində göyərtədə olan 2224 sərnişin və ekipaj üzvündən 1513-ü həlak olmuşdu. Birinci dərəcəli kabinələrdə olan sərnişinlərin sağ qalma şansı daha yüksək idi. Lakin bəzi sərnişinlər sağ qalsalar da, əvvəlki sağlamlıqlarını bərpa edə bilmədilər...
Gəminin sərnişinlərindən biri Riçard Norris Villiams perspektivli gənc tennisçi idi. Əslində, onun bir çox insanın üçüncü dərəcəli kayutalarda belə səyahət etmək istədiyi "Titanik"də sərnişin olmaq arzusu yox idi. O, tennisdə özünü təkmilləşdirmək və beynəlxalq turnirlərdə iştirak etmək üçün Nyu-Yorka getmək və Harvarda təhsil almaq istəyirdi. Ancaq xəstəliyi taleyində fərqli bir dönüş yaratdı.

O, gözlənilmədən qızılcaya tutuldu. Bu da fevral ayına planlaşdırılan səfərinin gecikməsinə səbəb oldu. Buna görə də Riçard atası Çarlz Uilyamsla birlikdə Nyu-Yorka səfər etmək üçün aprel ayında "Titanik"in bahalı kayutalarından birinə bilet aldı...

"Titanik"ə mindikdən dörd gün sonra, aprelin 14-də ata və oğul kapitan Edvard Smitlə şam yeməyi yeyib, öz kabinələrinə çəkildilər. Bu, dünyanın ən dəbdəbəli transatlantik gəmisində sonuncu şam yeməyi oldu.


Qısa müddət sonra gəmi aysberqə çırpılanda onların hər ikisi yatmışdı. Sarsıntı və səs-küylə oyandıqları zaman 1997-ci ildə çəkilmiş Titanik filminin mövzusu olacaq səhnə baş verirdi.

Riçard sıxılmış qapını açmağa çalışan xidmətçini itələyərək, qapını sındırdı. Xidmətçi "White Star" şirkətinə şikayət edəcəyini bildirsə də, bu, heç vaxt baş vermədi... Britaniyanın fəxri olan gəmi ikiyə bölünməzdən əvvəl Riçard və Çarlz xilasedici jilet geyinmişdilər. Titanik batsa belə, boğulmazdılar. Ancaq buzlu suda uzun müddət sağ qalmaq mümkün deyildi.

Ata və oğul gəmi ikiyə bölünənə qədər birlikdə idilər. "Titanik" batarkən ata oğlunu sakitləşdirirdi. O, 30 il əvvəl başqa bir gəmi qəzasından sağ çıxmışdı. Çarlz "Titanikin" də əvvəlki gəmi kimi qəzadan sonra 10-15 saat suda qala biləcəyini düşünürdü. Lakin "White Star"ın heç vaxt batmayacağına inandığı gəmi aysberqə çırpıldıqdan sonra cəmisi 2 saat 40 dəqiqə davam gətirə bildi.

Çarlz oğlu qədər şanslı deyildi. O, gəmi batarkən suya qərq oldu və həyatını itirdi. Riçard indi yalnız qalmışdı. Buzlu sudakı ayaqlarını hiss etmirdi. O, bütün gücü ilə çevrilmiş xilasedici qayığa doğru üzdü. 4 saat sonra "Titanik"in sərnişinlərini xilas etməyə gələn "Karpatiya" gəmisi onu da göyərtəsinə aldı.


Ayaqlarını don vurmuş Riçard heç nə hiss etmirdi. Gəminin həkimi ayaqlarının kəsilməsini təkid etsə də, tenisçi bununla razılaşmırdı. "Mənə ayaqlarım lazım olacaq" deyirdi.

Riçard gəmini gəzir, məşqlərlə zədəsini aradan qaldırmağa çalışırdı. Bu cəhdlər onu yaxın günlərdə tennis dünyasının ən tanınmış iki adından biri edəcəkdi. O, "Titanik"dən sağ çıxan yeganə tennisçi deyildi. Karl Houell Behr də sağ qalmağı bacarmışdı.


Qəzadan iki ay sonra Riçard turnirdəki rəqibini məğlub etdi və ABŞ Milli Çempionatından medalla qayıtdı.

1914-cü ildə Riçard Karl Behrlə qarşılaşdı. Məhz bu turnir zamanı öyrəndi ki, Behr də onun kimi "Titanik"dən sağ çıxıb. Uilyams veteran oyunçu üzərində qələbə çalaraq, daha bir medal qazandı.
1924-cü ilin Paris Olimpiya Oyunlarında Qarışıq Cütlüklərdə Hazel Hotchkiss Wightman ilə birlikdə qızıl medala sahiblənəndə o, artıq gəmi qəzasından sağ çıxan Olimpiya çempionu kimi məşhur idi.

Villiams və Behr təkcə gəmidə və ya kortda deyil, həyatları boyu bir çox yerdə görüşüblər. Behr 1913-cü ildə Villiamsın bacısının dostu olan və eyni zamanda "Titanik"dən sağ qurtulan Helen Monypeny Nevsom ilə evlənib.

Riçard Uilyams 2 iyun 1968-ci ildə unudulmaz macəra və nailiyyətlərlə dolu həyatı ilə vidalaşıb.

O, Titaniklə bağlı unudulmaz xatirələrini "Xatırlanmalı bir gecə" kitabının müəllifi Uolter Lorda danışıb. Xatirələr daha sonra məşhur kanadalı rejissor Ceyms Kemeronun filmində əbədiləşdirilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti