“T(ovuzquşu)-72Б”: Tanklar niyə “quyruq” çıxarıb – FOTOLAR

      “T(ovuzquşu)-72Б”:    Tanklar niyə “quyruq” çıxarıb –    FOTOLAR
  21 Noyabr 2022    Oxunub:3588
Rəsmi olaraq Ukrayna ərazisində gedən müharibədə "iştirak etməyən" Belarus bunu bacardığı digər üsullarla gerçəkləşdirir. Onun hərbi sahədəki manipulyasiyaları isə ara-sıra sosial şəbəkələrə sızır. Məsələn “T-72Б” tanklarını ABŞ istehsalı FGM-148 “Javelin” tank əlehinə idarəolunan raket sistemlərindən qorumaq üçün gülməli "təkmilləşdirmə" tədbirləri kimi.
Ukraynada gedən hərbi əməliyyatların təcrübəsini nəzərə alan beloruslar ordunun əsas döyüş tankında aparılan dəyişiklikləri passiv müdafiə istiqamətinə yönəldərək, gövdə və qüllə üzərində kumulyativ zərbəyə qarşı barmaqlıqlar quraşdırıblar. Maraqlısı odur ki, eyni həll 2021-ci ildən Rusiya tanklarında da tətbiq edilib, fəqət, gözlənilən effekti verməyib. Kiyev və Xarkov yaxınlığında yüzlərlə "manqallı" zirehli texnika öz sonunu tapıb, “Javelin” və NLAW kimi zərbəni tankın üst qismindən vuran TƏİR-lər isə öz üstünlüyünü göstərmişdi.


Amma belaruslar öz hərbi-siyasi müttəfiqlərindən azacıq "irəli" getməyə müvəffəq olublar. Onlar tankın arxa qisminə boru qaynaq edərək, üzərinə 125 mm-lik mərmi konteyneri asmaqla, "quyruqlu" T-72Б hazılayıblar. Konstruktorların fikrincə, konteynerdə yandırılan taxta parçaları və dizel yanacağı tanka tuşlanan raketin istilik siqnaturasını aldada biləcək və o, zirehli maşının isti mühərrik bölümünə deyil, arxasındakı boş torpağa (ya da ki adətən tankın arxasında gizlənən/hərəkətdə olan şəxsi heyətə) dəyəcək.


Aydın məsələdir ki, Ukrayna ərazisində gedən döyüşlər zamanı Rusiyanın Silahlı Qüvvələri qərb koalisiyası tərəfindən göndərilən müxtəlif tank əleyhinə sistemləri qənimət olaraq ələ keçirib. Amma Belarusun Müdafiə Nazirliyinin FGM-148 “Javelin” istifadə etməklə, "quyruqlu" tank üzərində sınaq atışları keçirməsi barədə hələlik heç bir yoxlanılmış məlumat yoxdur. Odur ki, dəmir yolu ilə Moqilyov (Ureçye / Belarus) - Şimali Qafqaz (Uspenskaya / Rusiya) marşrutu ilə Belarusdan müharibə zonasına, Donetskə göndərilən ilk "təkmilləşdirilmiş" tankların məhvi barədə məlumatı gözləməli olacağıq.

Hans Kloss
Xüsusi olaraq üçün AzVision.az üçün




Teqlər: Müharibə  





Xəbər lenti