Liderlərə sui-qəsdlər: Hamıda hİTler bəxti olmur...

  Liderlərə sui-qəsdlər:  Hamıda hİTler bəxti olmur...
  07 Noyabr 2022    Oxunub:2245
Pakistanın keçmiş baş naziri İmran Xana qarşı sui-qəsd tarixdəki digər anoloji hadisələri yada salır: ABŞ prezidenti Con Kennedi xalqı salamlayarkən güllələnmiş, Birinci Dünya Müharibəsi sui-qəsdlə başlamış, Hitleri dəfələrlə öldürməyə çalışmışdılar. Turqut Özal hətta güllələndikdən sonra çıxışına davam etmişdi...
Dünyanın əksər ölkələrində siyasətçilər xüsusi həssaslıqla qorunur. Buna baxmayaraq, tarixdə bir çox siyasətçiyə qarşı uğurlu və ya uğursuz sui-qəsd cəhdləri olub. Bunlardan ən məşhuru Avstriya-Macarıstan İmperiyasının vəliəhdi Frans Ferdinandın öldürülməsidir. Hersoq Ferdinandın 28 iyun 1914-cü ildə serb terrorçusu Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi bütün dünyanı saran muharibənin başlanması üçün bəhanə oldu.

ABŞ prezidentləri də dəfələrlə qətlə yetiriliblər. ABŞ-ın 35-ci prezidenti Con Kennedi 1963-cü il, noyabrın 22-də Texas ştatının Dallas şəhərində parad zamanı Harvey Li Osvald tərəfindən güllələnib.


Vitse-prezident Lindon Conson Kennedi vurulan zaman prezidentin olduğu maşının üç avtomobil arxasında idi. O, Con Kennedinin öldürülməsindən dərhal sonra, saat 14:39-da and içərək ABŞ-ın 36-cı prezidenti olub.

Conson and içərkən ərinin qanı hələ də üzərində qalan birinci xanım Jaklin Kennedi mərasimə qatılanların arasında olub. Prezidenti güllələyən Li Harvi Osvald ABŞ ordusundan tərxis olunmuş və ölkəsini sevməyən keçmiş hərbçi kimi tanınırdı. Sui-qəsdi törətdikdən təxminən 90 dəqiqə sonra o, şübhəli davranışına görə həbs edilib.

Sui-qəsddən bir neçə dəqiqə sonra Lindon Conson yeni prezident kimi and içir. Kennedinin həyat yoldaşı Jaklin Kennedi (sağda)

Tarixdə ən çox sui-qəsd cəhdinə məruz qalan liderlərdən biri də nasist partiyasının lideri Adolf Hitler olub. Hitler siyasi karyerasında 200-dən çox məlum sui-qəsdin hədəfi olub. Bunlardan ən məşhurlarından biri sonradan Hollivud filminin mövzusu olan "İyul çevrilişi" planı idi. 1943-1944-cü illərdə alman ordusunda anti-Hitler dəstələrinin təşkil olunduğu haqda söz-söhbət yayılırdı. Zabitlər Hitlerə qarşı həyata keçirəcəkləri çevrilişin adını “Valkiriya” qoymuşdular.


20 iyul 1944-cü ildə general Claus Qraf Şenk fon Stauffenberg Şərqi Almaniyanın Rastenburq şəhərində Hitlerin qərargahına içində bomba olan çanta qoyaraq, hadisə yerindən uzaqlaşmışdı. Bombanın Hitlerin otağında partlaması nəticəsində 4 nəfər həlak olsa da, fürer sağ qaldı. Hadisədən sonra Hitlerin əleyhdarı kimi tanınan 180-200 nəfər edam edildi.



Türkiyədə siyasətçilər də zaman-zaman sui-qəsd təhlükəsi ilə üzləşiblər. 1988-ci ilin 18 iyununda Ana Vətən Partiyasının Ankaradakı Atatürk İdman Salonunda keçirilən növbədənkənar qurultayında baş nazir Turqut Özal çıxış edərkən təxminən 20 dəqiqə sonra iki atəş səsi eşidilib. Hücum edənin tapançasından çıxan güllələr Özalın qarşısındakı mikrofondan keçərək sağ əlinin baş barmağını yaralayıb. Hadisədən sonra çıxışına davam edən Özal bu ifadələri işlədib: “Allahın verdiyi canı ondan başqa heç kim ala bilməz və biz ona təslim olduq”.

Özalın vurulmasından sonra güllələrin dəydiyi mikrofon dayağı bu gün Malatyada nümayiş etdirilir.

Sui-qəsdi törədən Kartal Demirağ həbsxandan qaçıbmış. O, 1989-cu ildə ömürlük, sonra isə 20 il həbs cəzasına məhkum edilib. Amma Özalın da təsdiqlədiyi şərti azadlığa buraxılma qanununun sayəsində 4 ildən sonra azadlığa buraxılıb.

1971-1972-ci illərdə baş nazir vəzifəsini icra edən Nihat Erim 1980-ci il iyulun 18-də İstanbulun Draqos şəhərində solçu təşkilatlar tərəfindən öldürülüb. Erim Türkiyə Cümhuriyyəti tarixində baş nazir vəzifəsini icra edən və sui-qəsd nəticəsində həyatını itirən yeganə şəxs olub.



Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe 2022-ci il iyulunda Nara şəhərində çıxışı zamanı güllələnib və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ancaq onun həyatını xilas etmək mümkün olmayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti