Nazirliyin TQDK-ya cavabı
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Nazirliyin göndərdiyi 154 səhifəlik cavabda III sinif üzrə 14 dərsliyə rəy verilib. Cavablar 2 sütunda qeyd olunub. Belə ki, birinci hissədə TQDK-nın qeydləri, ikinci hissədə isə nazirliyin ona cavabı qeyd olunub. “Azərbaycan dili 3” dərsliyinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin göndərdiyi cavabda yekun rəydə dərsliyin 35-ci səhifəsində göstərilmiş irada münasibət bildirilməyib. Təhsil Nazirliyi “Riyaziyyat 3” və “Həyat bilgisi 3” dərsliyinə göndərdiyi cavabda yekun rəydə göstərilmiş bütün iradlara münasibət bildirilib.
“Azərbaycan dili” dərsliyi üzrə cavabda qeyd olunur ki, rəyçilərin irəli sürdüyü iradlar heç bir konkret fakta əsaslanmayıb: “Rəyçilərin mətnlər haqqında dedikləri tamamilə əsassızdır və subyektiv fikirdən başqa bir şey deyil. Rəyçilər bilməlidirlər ki, 3-cü sinif dərsliyi Təhsil Nazirliyi tərəfindən komplekt şəkildə təsdiq olunub və komplektə daxil olan kitablar məzmun və metodika baxımından bir-birini tamamlayır. Müasir türk dili dərsliyi yalnız mətnlərdən ibarətdir. Mətnlərə qoyulmuş sual və tapşırıqlar iş dəftərində, bu mətnlərlə işləmə metodikası metodik vəsaitdə verilir. Metodik vəsaitə məhəl qoymadan, iş dəftərindəki çalışmaları nəzərdə keçirmədən yalnız dərslik haqqında fikir yürütdükdə bu cür iradlarla dolu bir rəy alınır”.