Ekspert: `İsrail başa düşür ki, Azərbaycan Qafqazın lideridir`
Beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert olan Arye Qut bildirib ki, İsrailin xarici işlər naziri Aviqdor Liberman artıq beşinci dəfədir Azərbaycana səfər edir: “Azərbaycan-İsrail münasibətləri çiçəklənir və yüksək inkişaf səviyyəsindədir. İsrail başa düşür ki, Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir. Azərbaycan regionun lider dövləti kimi özünü tam təsdiq etmişdir. Onun iştirakı olmadan Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihəni həyata keçirmək mümkün deyildir. İsrail Azərbaycanın çoxşaxəli xarici siyasətində əhəmiyyətli yer tutur”.
A.Qutun fikrincə, Azərbaycan xarici siyasətdə müstəqil davranışı ilə sübut etmişdir ki, dünyanın heç bir ölkəsi ona diqtə edə bilməz.
Azərbaycanda yaşayan 20 minlik yəhudi icmasına mehriban və səmimi münasibət bəslənilməsində Azərbaycan Prezidenti İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu yüksək qiymətləndirən ekspert deyib: “Azərbaycanda antisemitizm yoxdur və heç vaxt olmayıb. Azərbaycan tolerantlıq siyasəti yeridir və ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, həqiqi sivilizasiyalararası dialoq nümunəsi, bütün xalqların və dini konfessiyaların nümayəndələrinin dinc, yanaşı yaşadıqları ölkədir”.
İsrail analitikinin fikrincə, Azərbaycan-İsrail münasibətləri hər iki ölkə və xalq üçün mühüm strateji xarakter daşıyır: “İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biri, Azərbaycanın neft-qaz, telekommunikasiyalar, kənd təsərrüfatı sahələrinin ən qabaqcıl texnologiyalarla təchiz edilməsində onun mühüm strateji tərəfdaşıdır”.
Ekspertin fikrincə, Azərbaycan, heç şübhəsiz, Cənubi Qafqaz regionunun geosiyasi və geoiqtisadi lideridir, özü də təkcə zəngin neft-qaz ehtiyatları sayəsində deyil: “Həqiqətən də Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan digər ölkələrdən fərqli olaraq, bu sahədən əldə etdiyi gəlirləri daha geniş məqsədlərə yönəltmişdir. Postsovet Azərbaycanı Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynadığını isbat edib”.