Yaddaşla necə yadlaşmayaq? Beyini məşq etdirməklə!

      Yaddaşla necə yadlaşmayaq?    Beyini məşq etdirməklə!
  12 Sentyabr 2022    Oxunub:3445
Sizə elə gəlirmi ki, yaşlandıqca daha unutqan olursunuz? Bu normal, həm də qaçılmaz bir prosesdir. Çox vaxt birinci sinifdə kiminlə parta arxasında oturduğumuzu asanlıqla xatırladığımız halda, yeni qonşumuzun adını heç cür yada sala bilmirik. Ancaq burada təəccüblü heç nə yoxdur.
İnsanın iki növ yaddaşı var - uzunmüddətli və qısamüddətli. Birincinin imkanları praktiki olaraq qeyri-məhduddur. O, ömür boyu alınan məlumatları saxlayır. Qısamüddətli yaddaş isə məhdud olduğuna görə unutmağa meyllidir.

İnsan beyninin ən səmərəli dövrü təxminən 25 yaşdır, sonra isə effektivlik aşağı düşür. İlk vaxtlar insan bunu çətinliklə hiss edir, 50-60 yaş arası isə yaddaş zəifliyi getdikcə daha sıx baş verir. Yaşlandıqca yeni nəsə öyrənmək çətinləşir.

Mütəxəssislər 60 yaşdan yuxarı insanların yarısının yaşla bağlı yaddaş pozğunluğundan əziyyət çəkdiyini deyirlər. 70 yaşdan sonra bu proses artıq insanların 70%-ni əhatə edir. Əksəriyyətimiz bunu labüd hal kimi qəbul edirik. Amma elə deyil. Yaddaşımızın yaxşı olub-olmaması əsasən özümüzdən asılıdır.

Beyin əzələ kimi davranır, ondan istifadəni dayandırsaq (və ya nadir hallarda istifadə etsək) funksionallığını itirəcək. Nə vaxtsa qolunuz və ya ayağınız qırılıb? Əgər belə bir şey olubsa, gips söküldükdən sonra itirilmiş gücünüzü və elastikliyinizi yenidən bərpa etmək üçün reabilitasiyaya getdiyinizi xatırlamalısınız. Yaddaş da belədir: onu müntəzəm məşq etdirsəniz, uzun müddət sizə sədaqətlə xidmət edəcək.

Yaddaşda hüceyrə səviyyəsində iz yaradılması sinir sonluqlarının formasının dəyişməsi və yeni zülalların əmələ gəlməsi ilə müşayiət olunur ki, bu da hər yaşda mümkündür. Yaddaşınızı məşq etməklə beyninizi yaxşı vəziyyətdə saxlayırsınız. Yaddaş təlimi gələcəkdə mümkün xəstəliklərin qarşısının alınması üçün əla profilaktikadır.

Krossvord həll edir, mütaliəni sevir və ya xarici dil öyrənirsiniz? Bu fəaliyyətlər yaddaş təlimi üçün idealdır. Ciddi konsentrasiya tələb edən müxtəlif strategiya oyunları - məsələn, şahmat da yaxşıdır. Yaddaşın inkişafı həm də yaradıcı fəaliyyətlə bağlıdır. Bu zaman istedadın olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Karandaş və kağız götürüb, nəsə çəkməyə çalışın. Ya da məsələn, bir şarf toxuyun. Hər gün yeni məlumatlar əldə etməyə səy göstərin. Hər bir xırda şey kömək edir.

Maraqlıdır ki, beyni qanla effektiv şəkildə qidalandırmağa və yaddaşı yaxşılaşdırmağa kömək edən maddələr planetin ən qədim ağacının tərkibindədir. “Ginkgo biloba” ağacı Yer üzündə təxminən 200 milyon il əvvəl meydana gəlib. Bu ağacın yarpaqlarında flavonoidlərin, terpenlərin və ginkqolidlər adlanan üzvi turşuların unikal kompleksi var. Bu “kokteyldən” ənənəvi Çin təbabətində uzun əsrlər boyu yaddaş və konsentrasiyaya faydalı təsir göstərən güclü antioksidant kimi istifadə olunur.
Beyin demək olar, daim ac olur və müntəzəm qida maddələri, mayelər, vitaminlər, ən əsası, qlükoza ehtiyacı hiss edir (demensiya çox zaman beynin qlükozanı səmərəli şəkildə emal etmək qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması ilə özünü göstərir və bəzi nevroloqlar hətta Alzheimer xəstəliyini 3-cü tip diabet hesab edirlər).

Yaddaşı kifayət qədər yaxşı yuxu, müntəzəm fiziki fəaliyyət, Aralıq dənizi pəhrizi (balıq, təzə tərəvəz və meyvələr, zeytun yağı, qoz-fındıq), həmçinin qırmızı şərab (gündə maksimum 200 mililitr) yaxşılaşdırır. Mütəxəssislər mütəmadi olaraq xüsusi komponentləri olan qaragilə yeməyi məsləhət görürlər. Bu maddələr qocalmış neyronların, daha doğrusu, neyronlar arasında əlaqəyə cavabdeh olan neyromediatorların daha aktiv şəkildə qarşılıqlı əlaqəsinə səbəb olur.

Nadir Quliyev
AzVision.az




Teqlər: Elm  





Xəbər lenti