Platforma məşğulluğu: Tərəqqi, yoxsa 19-cu əsrə qayıdış?!

      Platforma məşğulluğu:    Tərəqqi, yoxsa 19-cu əsrə qayıdış?!
  26 Avqust 2022    Oxunub:3288
Platforma məşğulluğu artıq iş dünyasında inqilab edib və böyük gələcəyinin olacağı proqnozlaşdırılır. Amma bu sistemin mənfi tərəfləri də az deyil. “Gig” iqtisadiyyatı ştatlı işçinin deyil, müvəqqəti iş görən podratçının cəlb edilməsinə əsaslanır. İngilis dilindən tərcümədə “gig” - konsert deməkdir, “gig” işçiləri isə bir növ qastrola gedənlərdir: gəldi, etdi, getdi.
“Gig” iqtisadiyyatının mərkəzində informasiya platformaları dayanır. Bu platformaların çoxu hamıya tanışdır: məsələn, Uber, Volt və s. İnformasiya platformalarının işi tələb və təklifi birləşdirməyə imkan verən nəhəng məlumat toplusuna əsaslanır. Platformalar bilir ki, sizə ingilis dilini və ya mahnı oxumağı kim öyrədə, kranı kim düzəldə, mebeli kim quraşdıra, kim foto çəkə, ya da sizi getdiyiniz yerə apara bilər.

Gig iqtisadiyyatı istehlakçıya birdəfəlik dövri xidmətlər göstərməklə məhdudlaşmır. Platformalar həm də b2b seqmentində işləyir və şirkətə qeyri-profil layihələri üçün icraçılar tapmaq, başqa şəhər və ya ölkədə layihələr reallaşdırmaq imkanı verir.

Platforma məşğulluğunun üstünlüyü onun müvəqqəti olmasıdır: istehlakçı məhsulu və ya xidməti mümkün olanda deyil, lazım olanda alır, işçi də öz iş qrafikini tam idarə edir. Buradan belə bir nəticə çıxarılır ki, o, istədiyi qədər qazana bilər. Ancaq bu həmişə doğru deyil.


Platforma məşğulluğunun üstünlükləri haqqında danışarkən, belə bir məqam çox vaxt diqqətdən kənarda qalır: gig işçilərinin əksəriyyəti xidmətləri yüksək ixtisas tələb etməyənlərdir və onların birdəfəlik qazancı çox azdır. Hətta repetitorlar, yaradıcı işçilər və ya İT mütəxəssisləri üçün də hər şey o qədər də sadə deyil. Bunun bir neçə səbəbi var. Bütün mərhələlərdə yüksək rəqabət səbəbindən yekun qazanc aşağı olur. Gig işçiləri müstəqil iqtisadi vahidlər kimi qəbul edilir. Buna görə də onlar iş şəraitinin yaxşılaşdırılması və ödəniş üçün platformalarla kollektiv müqavilələr bağlaya bilmirlər, çünki bu fəaliyyət kartel razılaşması kimidir. Avropalı qanunvericilər yalnız 2021-ci ilin sonunda işçiləri olmayan müstəqil podratçıların kollektiv müqavilələr bağlaya bilməsi üçün rəqabət qanununa dəyişiklik edilməsi haqda düşündülər. İşəgötürən deyil, vasitəçi olan platforma öz podratçısına iş üçün zəmanət verməyə borclu deyil, ona görə də o heç vaxt gəlirindən əmin ola bilməz. Xəstəlik və qəza sığortası kimi ödənişlər gig iqtisadiyyatında yoxdur. Platforma sərbəst çalışan işçiyə sosial təminatlar vermir, çünki sığorta fondlarına nə qədər ödəyib-ödəməyəcəyinə işçi özü qərar verir.

Platformalar işəgötürən hesab edilməmək üçün fəal mübarizə aparırlar. “Uber” bir neçə il Britaniya məhkəməsində nəqliyyat şirkəti olmadığını və yalnız məlumat xidmətləri göstərdiyini sübut etməyə çalışıb. Lakin sonda sürücülər bu qalmaqallı məhkəmədə qalib gəldilər. Sonradan Hollandiya məhkəməsi də “Uber”in taksi xidməti göstərdiyini təsdiqlədi. “Gig” işçilərinin statusu Portuqaliyada da diqqət çəkib. ABŞ-da isə “Uber” və “Lyft” şirkətlərinin taksi sürücüləri tətil etdilər və 2020-ci ilin noyabrında qəbul edilmiş platformaları müqavilə qanunundan çıxaran maddə konstitusiyaya zidd elan edildi.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, platforma üzərindən aparılan xidmətlərin əksəriyyəti transmilli şirkətlər tərəfindən həyata keçirilir. Çatdırlma və taksi xidməti sahəsində fəaliyyət göstərən aqreqator şirkətlər yalnız bizim ölkə üçün problem yaratmırlar: "Avropa İttifaqı ölkələrinin çoxu bir müddət əvvəl qanunlar qəbul edərək həmin şirkətləri xidmətə cəlb etdikləri şəxslərlə əmək müqaviləsi bağlamağa məcbur ediblər. Yəni onların fəaliyyətini tənzimləyən milli normalar hazırladırlar və qaydalar müəyyən olundu. Bu, bizə gəlib çatmayıb. Transmilli şirkətlər gəlirlər əldə etsə də, heç bir məsuliyyət daşımır, istədikləri şəkildə vergidən yayınırlar. Ən pisi də odur ki, xidmətə cəlb etdikləri insanların hüquqları pozulur, onlarla müqavilələr bağlanmır və sığortadan kənarda qalır, o cümlədən, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarında icbari sığortaya cəlb edilmirlər. Şirkətlər insanların əməyinin mühafizəsi və təhlükəsizliyinə cavabdehlik daşımırlar. Bədbəxt hadisə baş verəndə heç nə etmirlər. Əmək müqaviləsi olmadığı üçün sosial ödəmə həyata keçirilmir və şəxslər qeyri-formal əmək bazarının iştirakçısına çevrilir".

Sahib Məmmədov

“Gig iqtisadiyyatı”nın problemləri təkcə podratçılara deyil, müştərilərə də təsir edir. “Gig” işçisi müştəriyə münasibətdə qeyri-peşəkar və ya təhlükəli davrandığı halda, platforma yalnız reputasiya ballarına görə məsuluyyət daşıyır.

Gig iqtisadiyyatında məşğulluq "iş təhlükəsizliyi", "sabit əmək haqqı" və "pensiya" kimi anlayışları rədd edir. Bununla belə, bu heç kimi qorxutmur. Gənclərdən danışsaq, indi qazanc və sabit məşğulluq təminatı onlar üçün az əhəmiyyət kəsb edir, onlar özlərini axtarırlar. Müraciət edənlər nə qədər gənc olsalar, onlar üçün pul deyil, işin mənası bir o qədər önəmli olacaq. İşçinin öz xərcləri və ya sərf etdiyi vaxt platforma tərəfindən kompensasiya edilmir. İstehsal vasitələrini (velosiped, kompüter, smartfon, proqram təminatı) işçi özü təmin etməlidir. İkincisi, rəqabət üstünlüyü əldə etmək üçün öz ixtisasını təkmilləşdirməlidir.

Reytinq sistemi sifarişlərin tapılmasında uğur qazanmağa təsir edir, lakin işçi yüksək nəticə əldə etmək üçün daha çox çalışmağa, bəzən onun günahı olmadan baş verən problem və dəyişikliklərə vaxt sərf etməyə məcbur olur.


İşçilər yalnız sifarişin yerinə yetirilməsinə görə haqq aldıqları üçün onlara sifarişlər arasındakı vaxta, nahar fasilələrinə, sifariş axtarmağa və onu gözlədiyi vaxta görə (məsələn, kuryerdən danışırıqsa və o, restoranda yeməyin bişirilməsini gözləməlidir) pul ödənilmir. Əvvəlki sifariş yerinə yetirilənə qədər yeni sifariş qəbul edə bilməz. Əvvəlki mərhələnin səhvlərinə görə vaxt itkisi də kompensasiya edilmir.

Əlbəttə, “gig iqtisadiyyatı” məşğulluğa müasir yanaşmadır, ancaq yalnız məlumat bazası baxımından. Sosial baxımdan bunu 19-cu əsrə qayıdış da adlandırmaq olar. Vaxtilə evlərində 12-14 saat tikiş tikən, paltar yuyan qadınlar gördükləri işə görə pul alırdılar, onlara iş verənlərin isə heç bir öhdəliyi və məsuliyyəti yox idi. Odur ki, platforma iqtisadiyyatının gələcəyin uğurlu modelinə çevrilməsi üçün aradan keçən əsr yarımda əməyin tənzimlənməsi sahəsində əldə olunmuş nailiyyətlər tapdanmamalıdır.

İqtisadçı-ekspert Elman Sadıqov bildirib ki, platforma məşğulluğu dünyada daha çox "share economy" (“paylaşım iqtisadiyyatı”) adlandırılır. Belə məşğulluq zamanın tələbindən irəli gələn məsələ olsa da, paradoksaldır. Platforma məşğulluğunun tam şəkildə mənfi və ya müsbət olduğunu demək doğru çıxmaz: "Biz yeni məşğulluq formasını soyuq baş və məntiqlə təhlil etməli, sonra onun tənzimlənməsinə çalışmalıyıq. "Share economy" əlavə iş yeri formalaşdırmaq üçün yaxşıdır. Oradakı insanların əksəriyyəti işləyən şəxslərdir, sadəcə, gəlirləri xərclərinə uyğun gəlmir və əlavə vaxtlarını dəyərləndirirlər. Əlavə insanların gəlməsi isə rəqabət mühiti formalaşdırır və qiymətlər aşağı düşür”.

Elman Sadıqov

Bu, məsələnin yaxşı tərəfədir. Amma digər tərəfdən, həmin sahələrdə qeyri-formal məşğulluq formalaşır. İnsanların gəlirləri vergi tutulması və büdcə daxilolmalarından kənarda qalır. Dövlətin buna göz yummasının səbəbləri var. Qeyri-formal məşğulluğun bağlanılması iqtisadiyyatı “qurudar”, dövriyyə aşağı düşər.

- "Share economy" iqtisadiyyat və günümüz üçün yenidir. Yeni sahədə dayaz fikirlərdən uzaq olmalı, daha dərin analiz və təhlil aparmalıyıq. Əks halda bunu məhv edə bilərik. Çünki bəzən tənzimləmə işin məhvinə səbəb olur. Bir sahəyə həddindən artıq müdaxilə olunduqda iflasa uğrayır. Platforma məşğulluğu elə tənzimlənmədir ki, qaş düzəldən yerdə göz çıxarmayaq. Elə tənzimləmək lazımdır ki, insanların rifahına daha çox xidmət etsin, vəziyyətini yaxşılaşdırsın, təminatlarını artırsın,- iqtisadçı vurğulayıb.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov da deyir ki, bizdə özünəməşğul insanların əksəriyyəti kölgə iqtisadiyyatındadır: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırda onların bir qismini özünəməşğulluq proqramlarına cəlb edir, lakin onlara bir il ərzində işlərini leqallaşdırmaq tapşırılır. Bunun üçün hökümətə təkliflər verilib. Həddindən artıq asanlaşdırılmış mexanizmlər qurulmalı, simvolik vergilər müəyyən olunmalıdır. Bununla bağlı patent vergi sistemi və digər reformalar tətbiq edilməlidir. İnsanlar muzdlu işçi kimi əmək müqaviləsi və ya mülki müqavilə əsasında işləməlidir. Bu, təmin edilmir. Nəticədə qeyri-formal məşğulluq yüksək səviyyədə qalır. Burada itirən həm insanlar, həm də dövlətdir".

Ekspertin fikrincə, məsələnin yoluna qoyulması üçün yeni əmək müqaviləsi qəbul olunmalı, məsafədən iş və s. kimi məsələlərin hamısı tənzimləməlidir. Amma hələ ki bunların hamısı qalır.

Aytən Zəhra Bağırzadə
Nadir Quliyev

AzVision.az


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.13:
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi


Teqlər: Platforma-məşğulluğu   Əmək-hüququ  





Xəbər lenti