Ruhaninin Bakı səfərinin pərdəarxası

Ruhaninin Bakı səfərinin pərdəarxası
  28 Aprel 2014    Oxunub:1383
İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfərə gələcəyi ilə bağlı məlumat yayılıb. Ruhaninin səfər tarixi dəqiq açıqlanmasa da İran prezidentin ölkəmizə gəlişi yüksək qiymətləndirilir. Bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafında yeni mərhələ açacağı ehtimal edilir.

İran tərəfindən prezident səviyyəsində Azərbaycana səfərin sonuncu dəfə 2012-ci ildə olduğunu nəzərə alsaq bu dəfəki səfərin kifayət qədər mühüm əhəmiyyət kəsb etdiyini demək olar. ( O zaman İran prezidenti Mahmud Əhmədnejat idi -red).

Bu baxımdan Ruhaninin Bakı səfərindən gözləntilər böyükdür.

Maraqlıdır, Ruhaninin Azərbaycan səfərinin pərdəarxasında nələr dayanır? İran prezidentin ilk səfəri nə ilə bağlıdır?

Politoloq Qabil Hüseynli AzVision.az-a açıqlamasında Həsən Ruhaninin səfərini şərh edərkənd eyib ki, İran çoxsaylı sanksiyalara məruz qalır və Qərb dünyası ilə müəyyən problemlərini həll edərək sanskiyaların yaratdığı ictimai-siyasi və iqtisadi böhrandan çıxmağa cəhd edir:

“Bu yolda onun Qərb dünyasına açılması üçün, xüsusilə dünya bazarına çıxışı üçün Azərbaycanın misilsiz rolu ola biləcəyinə inanırlar. Bu səbəbdən də Azərbaycanla münasibətləri inkişaf etdirmək istəyirlər.

Azərbaycan prezidenti İrana səfəri zamanı həmin ölkə rəhbərliyinə müxtəlif təkliflər etmişdi. Bu təkliflər içərisində həm İran qazının Qərb bazarlarına çıxarılması məsələsi var idi, həm də birgə hərbi müdafiə sənayesinin və hərbi xarakterli məmulatların buraxılması məsələsi daxil idi. İqtisadi inteqrasiyanı dərinləşdirmək təklifi də bura daxil idi”.

Q.Hüseynli vurğulayıb ki, hər iki tərəf irəli sürülən təkliflər barədə düşünməli idi. Xüsusən də İran tərəfi, çünki bu ölkədə ən səlahiyyətli şəxs Həsən Ruhani deyil.

“Azərbaycan prezidentinin təklifləri kifayət qədər orjinal və gözlənilməz idi. Həmin məsələlər yəqin ki, İran tərəfindən araşdırıldıqdan sonra yüksək dəyərləndirilib və bu məsələnin məntiqi sonluğa çatdırılması üçün Ruhaninin Azərbaycana səfərinə ehtiyac yaranıb. Çünki İlham Əliyevin təklifləri və bu təkliflər altında yatan iqtisadi layihələr İran tərəfinin marağına səbəb olub”.

Politoloq qeyd edib ki, Azərbaycanla İranın münasibətlərinin yaxınlaşması Azərbaycanla Qərb dövlətləri arasında münasibətlərə xələl gətirməyəcək:

“İran qazının Azərbaycan vasitəsilə Qərb bazarına çıxarılması məsələsi var. Hətta ola bilsin ki, İran nefti də Bakı-Ceyhan xətti ilə Qərb bazarına çıxarılsın. Amma əsas məsələ təbii qazın ötürülməsidir. İran yəqin ki, Türkmənistanı da qabaqlamaq istəyir. Bilir ki, Türkmənistandan gələn TransXəzər qaz kəmərinin çəkilməsi uzun vaxt tələb edə bilər, yaxud da Rusiya və eləcə də İranın özü buna maneçilik törədə bilər. Belə olduğu təqdirdə Azərtbaycanla İran arasında hələ sovetlər birliyi dövründə çəkilmiş qaz kəməri layihəsinin mövcud olması İranın qısa müddətdə Azərbaycanın çəkəcəyi TANAP qaz kəməri layihəsinə qoşulmağa imkan verəcək. Bu da vaxtilə İranın bazarlarına yiyələnmiş Rusiyanın İran tərəfindən sıxışdırılıb çıxarılmasına gətirib çıxara bilər. Qərb heç zaman bu layihəyə etiraz eləməz”.

Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa isə hesab edir ki, Azərbaycan tərəfi İranla münasibətlərin normal səviyyədə saxlanılmasında maraqlıdır:

“Hesab edirəm ki, bəlkə də bizim bildiyimiz və bilmədiyimiz məqamlar var. Beynəlxalq siyasətdə baş verən çevik dəyişikliklər var. Ona görə də bu səfərlərin qarşılıqlı baş tutması ən azı əməkdaşlıq münasibətlərinin inkişafına kömək edir. İranla münasibətlərimiz nə qədər yaxşı olarsa, bu, regionda təhlükəsizlik baxımından da faydalı sayıla bilər. Azərbaycan prezidentinin səfəri də hər halda yerində və baş tutan görüşlərə görə faydalı səfər idi. Ümid edək ki, Həsən Ruhaninin də səfəri ndən sonra İran-Azərbaycan münasibətlərində ancaq yaxşılığa doğru dəyişikliklər baş verəcək”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti