Dünyada neftin qiymətinin artması Azərbaycana necə təsir edə bilər?

  Dünyada neftin qiymətinin artması Azərbaycana necə təsir edə bilər?
  11 İyul 2022    Oxunub:3107
Məlum olduğu kimi, hazırda bütün dünyada qlobal bahalaşma yaşanır. Bu özünü enerji daşıyıcılarının qiymətində də xüsusilə göstərməkdədir. Dünya bazarlarında xam neftin qiyməti durmadan artmaqdadır. Eyni zamanda, dünyada benzinə, dizelə və digər yanacaq növlərinə olan tələbat artdığı kimi, onun qiymətləri də yüksələn xətlə artmaqdadır.

Artıq birjalarda “Brent” markalı “qara qızıl”ın bir bareli 107,15 ABŞ dollarına, "WTI" markalı neftin bir bareli isə 102,73 ABŞ dollarına satılır. Təbii ki, bu da müxtəlif növ yanacaqların qiymətlərinin artmasına səbəb olur. Hətta Azərbaycan kimi neft hasilatçısı və ixracatçısı olan ölkəyə də təsirsiz ötüşmür. Bir sözlə, dünyada gedən bahalaşma prosesləri bizdən də yan keçmir.



Bir ildə dünyada neftin qiyməti 68 % artıb

Məlumdur ki, bu gün Azərbaycanda ancaq Aİ-92 markalı benzin istehsal edilir. Digər daha yüksək oktanlı benzinlər və yanacaq növləri ölkəyə xaricdən gətirilir. Bir sözlə, Azərbaycanın daxili bazarında Aİ-95 və Aİ-98 markalı benzin istehsal olunmadığı üçün, analoji benzin növləri ölkəyə idxal edilir. Bu da sirr deyil ki, idxal qiymətləri xarici bazarlardakı qiymət dinamikasından, habelə nəqliyyat xərclərindən asılı olaraq mütəmadi olaraq dəyişir.

Hələ dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə, 2020-ci ilin fevral-may ayları arasında Azərbaycanda Aİ-95 markalı benzinin bir litrinin pərakəndə satış qiyməti 1,50 manatdan 1,10 manata qədər azaldılıb. Hazırda isə idxal qiymətlərinə təsir göstərən ən böyük faktor ötən ildən etibarən neft qiymətlərinin dünya bazarlarında kəskin artımıdır. Belə ki, dünya bazarında “Brent” markalı neftin orta aylıq qiyməti 2021-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayına qədər 124 %, ötən 1 ildə isə 68 % artıb.

Təbii ki, bu, bir tərəfdən o deməkdir ki, büdcəyə və Dövlət Neft Fonduna daxilolmaları artırır. Amma hər zaman olduğu kimi, ayın görünməyən tərəfi də var. Bu da neft qiymətlərinin benzinin qiymətinə olan birbaşa təsiridir.

2021-ci ilin sentyabr ayından etibarən Azərbaycanda Aİ-95 markalı benzinin hər litri 1,60 manatdan satılır. Hazırkı qiymət səviyyəsi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 6,7 % və ya 0,10 manat çoxdur.



Qonşular yanacağı bizdən baha satır

Ancaq buna baxmayaraq, hazırda dünyada Aİ-95 markalı benzinin orta satış qiyməti hər litr üçün 1,47 ABŞ dolları təşkil edir. Bu da Azərbaycan manatı ilə götürsək bu markalı benzinin hər litri üçün 2,50 manat pul edir.

Müqayisə üçün uzaq getməyək. Elə qonşu ölkələrdə, Azərbaycanın da xam neft və neft məhsullarının ixrac etdiyi əsas bazarlardan biri olan Gürcüstanda Aİ-95 benzinin hər litrinin qiyməti 1,348 ABŞ dolları təşkil edir. Qardaş Türkiyədə bu markalı benzinin bir litri 1,506 ABŞ dolları, Rusiyada isə hər bir litri 0,962 ABŞ dollarına satılır. Hətta 44 günlük müharibədən sonra böhran və hələ də özünə gələ bilməyən Ermənistanda da Aİ-95 markal benzinin hər litri 1,274 ABŞ dollarına istehlak edilir. Bu da o deməkdir ki, Azərbaycanda Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti dünya ortalamasından 2,5 dəfə aşağıdır.

2021-ci ilin sentyabr ayından etibarən dünya bazarında neft qiymətləri təqribən 65 % artsa da, Azərbaycanda analoji markalı benzinin qiyməti stabil olaraq qalıb. Müqayisə üçün qeyd edək ki, Türkiyədə 2021-ci ilin sentyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 3,2 dəfə, 2022-ci ilin əvvəlindən etibarən isə 93,2 % artıb. 2022-ci ilin mart ayından etibarən Rusiyada Aİ-95 markalı benzinin qiyməti 77,8 %, Gürcüstanda 34,8 %, Qazaxıstanda 10 %, Türkiyədə isə 51,7 % artıb.

Hətta dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-da 2021-ci ilin sentyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 57,7 % artaraq hər litr üçün 1,33 ABŞ dollara yüksəlib. Bu, ölkənin tarixində ən yüksək qiymət səviyyəsidir. 2022-ci ilin mart ayından etibarən Avropanın neft hasilatçıları olan Norveç və Böyük Britaniyada Aİ-95 oktan benzinin satış qiyməti müvafiq olaraq 22,7 % və 25,3 % artıb.

Azərbaycanda sürücülər hansı benzinə üstünlük verir?

Azərbaycana Aİ-95 və Aİ-98 oktan benzini Xəzəryanı və Avropa ölkələrindən idxal edilir. Hazırda Aİ-95 və Aİ-98 markalı benzinin idxal qiymətləri pərakəndə satış qiymətlərindən daha yüksəkdir.

Əhalinin sosial müdafiəsini nəzərə alınaraq, idxal qiyməti ilə pərakəndə satış qiyməti arasındakı fərq uzun zamandır təchizatçılar tərəfindən qarşılanır. Ancaq dünya bazarında neft qiymətlərinin, habelə qlobal inflyasiyanın yüksəlməsi fonunda daşıma xərclərinin artması idxal maliyyələşməsinin yüksəlməsinə, nəticədə təchizatçıların bu istiqamətdə yükünün artmasına səbəb olur.

Yeri gəlmişkən, hazırda ölkədə istehlak olunan benzinin növlərinə görə ilk yeri “Aİ-92” benzini tutur. Bu markalı benzinin ölkədəki istehlakı 91 % təşkil edir. İstehlak payına görə ikinci yeri “Aİ-95” benizini tutur. Aİ-95 beznin payı 8,8 % təşkil edir. Sonuncu pillədə “A-98” benzini durur ki, onun da istehlak payı 0,2 % təşkil edir.

Ümumilikdə ölkə üzrə yanacaq istehlakının 9 %-ni Aİ-95 və Aİ-98 markalı benzin təşkil edir. Başqa sözlə, ölkədə əsasən bahalı avtomobilləri idarə edən az sayda sürücü Aİ-95 və Aİ-98 markalı benzindən istifadə edir.

Aİ-92 markalı benzin və dizel ölkə daxilində istehsal olunduğu üçün, bu növ yanacaqların pərakəndə satış qiyməti daxili bazarda dövlət tərəfindən tənzimlənir.



Azərbaycanda dizelin qiyməti dünyadakından 3 dəfə aşağıdır

Dünya bazarında neft qiymətlərinin kəskin artımı, habelə qlobal miqyasda inflyasiyanın yüksəlməsi fonunda emal xərclərinin artmasına baxmayaraq Azərbaycanda Aİ-92 markalı benzin və dizelin pərakəndə satış qiyməti əhalinin sosial müdafisəinin gücləndirilməsi məqsədilə 2021-ci ilin yanvar ayından etibarən stabil səviyyədə saxlanılır. Azərbaycanda dizelin pərakəndə satış qiyməti dünya ortalamasından 3,04 dəfə aşağıdır. Hazırda dünyada dizelin hər litri üçün orta satış qiyməti 1,43 ABŞ dolları təşkil edir. Azərbaycan dizeli dünyada ən ucuz satan 13-cü, MDB ölkələri arasında isə 2-ci ölkədir.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanda dizelin pərakəndə satış qiyməti Qazaxıstandan 7,43 %, Rusiyadan 102 %, Gürcüstandan 236 %, Türkiyədən isə 238 % daha ucuzdur.

2021-ci ilin yanvar ayından etibarən Türkiyədə dizel qiymətləri 3,8 dəfə, cari ilin əvvəlindən etibarən isə 2 dəfədən çox artıb. 2022-ci ilin mart ayından etibarən Qazaxıstanda dizel qiymətləri 12,4 %, Türkiyədə 57,8 % Gürcüstanda 59,8 %, Rusiyada isə təqribən 70 % artıb.

Neft emalı zavodunun emal gücü 7,5 milyon tona yüksələcək

Hazırda Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi və yenidənqurulması layihəsi davam etdirilir. Bu layihə çərçivəsində cari ildə "AVRO-5" standartına cavab verən dizel yanacağının, 2023-cü ilin ortalarından etibarən isə benzin yanacağının istehsalı nəzərdə tutulur. Modernizasiya layihəsi başa çatdıqdan sonra NEZ-in illik emal gücü 6 milyon tondan 7,5 milyona tona yüksələcək.

Hazırda Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilən modernizasiya və yenidənqurma işlərinin yekun mərhələsi icra edilir. Plana uyğun olaraq zavodun əsas texnoloji qurğularının istismara verilməsi prosesi həyata keçirilir.

Qeyd edək ki, hazırda SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsal gücünün artırılması, respublikanın “AVRO-5” s tandartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma endirilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam edir. Layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlığı proqramı həyata keçirilir. Proqram çərçivəsində NEZ-in 2022-ci il üzrə əsaslı təmirlə bağlı iş həcmi müəyyənləşdirilib və kompleks tədbirlər planı hazırlanıb.

Nəticədə 4 aprel 2022-ci il tarixdən etibarən NEZ əsaslı planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcək.

Əsaslı təmir müddəti ərzində respublikanın müvafiq mühərrik yanacaqları ilə fasiləsiz təmin olunması üçün SOCAR tərəfindən lazımi tədbirlər görülüb. Belə ki, NEZ-in strukturuna daxil olan keçmiş “Azərneftyağ” NEZ-in bir sıra qurğuları istismarını davam etdirəcək və müəyyən həcmdə kerosin, dizel və benzin istehsal olunacaq. Həmçinin ölkənin dizel və kerosin yanacaqlarına olan tələbatı NEZ-də formalaşdırılmış ehtiyatlar hesabına təmin edilir.









AzVision.az



Teqlər:





Xəbər lenti