Sanksiyalar Rusiyanın qonşularına nə vəd edir - VİDEOKAST

// Region ölkələri üçün həm yeni risklər, həm də yeni imkanlar yaranır

Sanksiyalar Rusiyanın qonşularına nə vəd edir -  VİDEOKAST
  13 Mart 2022    Oxunub:6203
Ukraynaya müdaxilə səbəbindən Rusiyanın Qərbin bütün iqtisadi-maliyyə mexanzimlərindən təcrid edilməsi bu ölkənin xarici iqtisadi əlaqələrinin istiqamətlərində və strukturunda ciddi dəyişikliklərı səbəb olacaq. Millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Rusiyanın Xəzəryanı ölkələrlə maliyyə-iqtisadi əməkdaşlığında yarana biləcək riskləri və imkanları AzVision.az-ın "Videocast" layihəsində şərh edib.

- Yeni iqtisadi reallıqlar fonunda Moskva özünün əsas regional tərəfdaşları olan Xəzəryanı dövlətlərlə münasibətləri necə quracaq?
- Xəzəryanı ölkələrlə əlaqələrin gücləndirilməsi Rusiya üçün prioritet olacaq. Nəzərə alsaq ki, Xəzərin statusu müəyyənləşib və praktik olaraq Xəzəryanı ölkələr Rusiyaya qarşı sanksiyalara qoşulmayıblar, bu da Rusiyanın Xəzəryanı ölkələrlə əməkdaşlığı gücləndirməsi və yeni iqtisadi əlaqələr qurması baxımından önəmlidir. Amma bununla belə, sanksiyaların əhatə dairəsi, eləcə də hansı ölkələrin sanksiyalara qoşulması, sanksiyalara qoşulmayan ölkələrə qarşı Qərbin, xüsusilə də inkişaf etmiş dövlətlərin münasibəti də bu əlaqələrin qurulmasında həlledici olacaq. Tətbiq edilən sanksiyaların genişliyi fonunda bu amilin digər tərəfdən də qonşu, eləcə də hətta Xəzəryanı ölkələrlə ticari əməkdaşlığa təsiri mümkündür. Amma təbii ki, Rusiya üçün yalnız Xəzərin sahilində yerləşən keçmiş SSRİ respublikaları deyil, eyni zamanda İran da əməkdaşlıq baxımından vacib ölkələrdən hesab olunur.

Rusiya Xəzəryanı ölkələrlə əməkdaşlığı artırmağa və xarici ticarətdə daha çox rubldan istifadə etməyə çalışacaq. Çünki dollar qıtlığı fonunda xarici ticarətdə rubldan istifadə olunması Rusiya üçün daha cəlbedicidir. Ona görə də, bu baxımdan yaxın qonşular, o cümlədən də Xəzəryanı ölkələrlə iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi Rusiya üçün prioritet olacaq və növbəti dövrlərdə bu prioritetliyini qoruyub saxlayacaq.

- Rusiyanın Xəzəryanı dövlətlərlə ticarət dövriyyəsini aparması üçün yeni bir şərti valyuta yarana bilərmi?
- Rusiya qonşu ölkələrlə daha çox rubldan istifadə etməklə xarici iqtisadi əlaqələr qurmağa çalışacaq. Təbii ki, Xəzəryanı ölkələrdə, eləcə də Rusiya ilə qonşuluqda yerləşən ölkələrdə valyuta, o cümlədən də dollar və ya avro ilə xarici əlaqələr qurmaq daha cəlbedicidir. Amma nəzərə alsaq ki, Rusiyada xarici valyuta qıtlığı müşahidə olunur və növbəti aylarda bu daha da dərinləşə bilər, Moskva çalışacaq ki, daha çox məhz rubldan istifadə etməklə iqtisadi əlaqələr qursun. Eyni zamanda gözlənilir ki, müharibə başa çatdıqdan, sanksiyalar tam dəqiqləşdikdən sonra, rubl hətta kəskin dəyər itirsə belə, bəlli bir nöqtədə - kursda qərarlaşacaq və bu halda rublun real və bazar məzənnələri bir-birinə yaxınlaşacaq. Rusiyanın rubldan istifadə etməklə qonşu ölkələrlə iqtisadi əlaqələrin genişləndirməsi həm də rublun konvertasiya imkanlarından asılı olacaq. Çünki cəlb edilən və ödənilən rublun xarici valyutaya və ya Xəzəryanı ölkələrin milli valyutalarına konvertasiyası çox önəmlidir. Bu baxımdan, Rusiya növbəti mərhələdə və xüsusən də 2022-ci ildə daha çox rubldan istifadə etməklə qonşu ölkələrlə xarici ticarəti genişləndirməkdə maraqlı olacaq və təbii ki, bunun üçün də rublun konvertasiyası, rublun bazar və real məzənnələrinin tam formalaşması olduqca vacibdir.

- Rusiyanın üzləşdiyi sərt sanksiyalar nəticəsində Xəzəryanı bölgədə əməkdaşlığın yeni formatını yaratmaq cəhdləri region ölkələrini hansı risklərlə qarşılaşdıra bilər?
- Rusiya ilə əməkdaşlığın növbəti mərhələsi həm də sanksiyaların dairəsindən asılı olacaq. Çünki bir sıra hallarda Qərb digər ölkələrin tam olmasa da qismən sanksiyalara qoşulmasını istəyə, tələb və ya təklif edə bilər. Ona görə Xəzəryanı ölkələr üçün təbii ki, Qərbin mövqeyi də bu kontekstdən öyrəniləcək mövqelərdən olacaq. Sözsüz ki, sankasiyalara məruz qalan ölkə ilə xarici iqtisadi əlaqələrdə böyük risklərdən biri məhz sanksiyaların dairəsi ilə bağlıdır. Burada əməkdaşlıq edən ölkələrin dolayısı ilə sanksiyaların dairəsinə daxil olması riski var. Amma təbii ki, bütün bunlar artıq sanksiyalar tam yekunlaşdıqdan və Qərb-Rusiya münasibətləri bəlli bir müstəviyə daxil olduqdan sonra aydınlaşacaq.
Eyni zamanda, digər risk bazarın bütövlükdə vəziyyəti xüsusən də məzənnə riskinin yüksək olmasıdır. Çünki milli valyutalarla satış ediləcəyi halda bu təbii ki, digər tərəfdən müəyyən iqtisadi və maliyyə riskləri formalaşdırır. Bu risklər də sahibkarlar və fermerlər tərəfindən diqqətə alınmalıdır. Yəni Xəzəryanı ölkələrin də sanksiyaların dairəsinə dolayı olsa belə, daxil olması ilə bağlı siyasi və ya qlobal risklər formalaşa bilər, iqtisadi və maliyyə riskləri yaranar. Rublun məzənnəsindəki volatilliyin yüksək olması, konvertasiya məsələləri, bank ödənişlərindəki çətinliklər, Rusiya banklarının SWIFT-dən çıxarılması, "Master" və "Viza" kimi aparıcı maliyyə qurumlarının Rusiyada fəaliyyətinin dayandırılması həm də maliyyə və ödənişlər baxımından Xəzəryanı ölkələrdə sahibkarlar üçün müəyyən risklərdir.

- Hər bir çətinlik həm də yeni bir inkişaf mərhələsinə təkan verir. Bu baxımdan, bəs yaranmış vəziyyət Xəzəryanı ölkələr üçün hansı müsbət proseslərə yol aça bilər?
- Bütün bunlarla yanaşı, təbii ki, bütövlükdə Xəzəryanı ölkələr üçün müəyyən imkanlar açılır. Bu imkanlar yalnız boşalmaqda olan Rusiya bazarına daha çox məhsul, xüsusən də aqrar məhsulları ixrac etmək deyil. Sanksiyalar tətbiq edilən ölkələrlə qonşu olan dövlətlərin reeksport imkanlarından istifadə etməyə çalışdıqlarını nəzərə alsaq, bu eyni zamanda, məhz yeni eksport imkanlarının yaranmasıdır.
Reeksport imkanları yalnız sanksiyalara qoşulan ölkələrdən malların sanksiyaların tətbiq edildiyi ölkəyə ixrac olunması yox, həm də məhsulun xammal formasında gətirilməsi və emal edilərək, digər ölkələrin bazarlarına çıxarılması anlamına gəlir. Əslində sanksiyaların dairəsinə daxil olmayan bir fəaliyyət olan reeksport, sadəcə, sanksiyalardan yayınmaq imkanı deyil. Bu, sanksiyaların imkan verdiyi və sanksiyalara qoşulmayan ölkələrdən xammal idxalının həyata keçirilməsi, onun əsasında məhsulun emal edilməsi, artıq xammalı gətirən ölkənin məhsulu kimi digər ölkələrə göndrilməsindən və ixracından ibarətdir. Təbii ki, reeksport imkanları yaranacaq. Bu hətta Xəzəryanı dövlətlərə yalnız Rusiya deyil, həm də digər ölkələrə məhsul ixrac etmək baxımından da üstünlüklər və imkanlar yarada bilər. Ona görə də, sahibkarlar tərəfindən sanksiyalar dairəsinə düşməmək şərtilə bu imkanlardan istifadə olunması və sanksiyaların əhatə etmədiyi istiqamətlərdən imkan kimi faydalanıb daha çox idxal və eləcə də idxaldan daha artıq ixrac həyata keçirilməsi mümkündür.

- Dünya yenidən əvvəlki qlobal iqtisadi sistemə qayıdacaqmı, yoxsa hətta müharibə tezliklə başa çatsa belə, çox fəqrli bir yeni iqtisadi sistemin formalaşmasına hazır olmalıyıq?
- Dünyada yeni iqtisadi düzən artıq formalaşıb və Rusiya Mərkəzi bankının sərt qərarları da ondan xəbər verir ki, 2022-ci ildə bu düzəndə ciddi dəyişikliklərin olacağı gözlənilmir. Hətta müharibə tezliklə başa çatsa belə, Rusiya-Qərb münasibətlərinin iqtisadi-siyasi baxımdan gərgin olaraq qalacağı gözlənilir. Yeni dönəmdə tərəflər arasındakı münasibətlərin kəskinləşməsi, xüsusən də iqtisadi əlaqələrin minimuma enməsi müşahidə olunacaq. Yeni düzəndə təbii ki, xüsusən də iqtisadi baxımdan qütbləşmə müşahidə ediləcək. Qərb daha çox ölkələrin, yalnız inkişaf etmiş dövlətlərin yox, eləcə də inkişaf etməkdə olan ölkələrin iqtisadi-siyasi baxımdan Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara dəstək olmasına çalışacaq. Eyni zamanda bir çox ölkələr bu məsələdə neytrallığını qoruyub saxlamağa çalışır. Növbəti dövrdə həmin ölkələrin qərarları birbaşa yeni düzənin diqtə etdiyi reallıqlardan da asılı olacaq. Siyasətdə daimi dostların və ya daimi düşmənlərin olmadığını, daimi maraqların olduğunu, xüsusən də inkişaf etmiş ölkələrdə daimi maraqlar əsasında prinsiplərin qurulduğunu nəzərə alsaq, formalaşmış düzən, təbii ki, bir müddətdən sonra dəyişə bilər, amma 2022-ci ildə bu hələ real görünmür. Hərçənd təbii ki, qlobal siyasətdə hər zaman istisnalar olur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İqtisadi-Müharibə   Yeni-Düzən  





Xəbər lenti