Bu layihənin ən önəmli məqamlarından biri onun inşasında və istismarında hətta biri-birinə əks geosiyasi qütblərdə yer alan ölkələrin və onları təmsil edən şirkətlərin, aparıcı maliyyə qurumlarının (Asiya İnkişaf bankı, Dünya bankı, Avropa Yenidənqurma və İnkişaf bankı, Avropa İnvestisiya bankı) iştirakıdır. Uzunluğu təxminən 3500 km olan CQD-nin maliyyə xərcləri əvvəlcə 45 milyard dollar həcmində qiymətləndirilsə də, operativ idarəetmə yolu ilə xərclərin optimallaşdırılması sayəsində indiki məqamda bu rəqəm 33 milyard dollar təşkil edir.
CQD çərçivəsində reallaşıdırlmış layihələr nəticəsində Türkiyə və Gürcüstan, Cənubi Avropanın İtaliya, Yunanıstan və Bolqarıstan kimi ölkələri Azərbaycan qazının istehlakçısına çevriliblər. İnşası nəzərdə tutulan interkorrektorlar və yaradılacaq inrastrukturlar, ilk növbədə isə TAP-ın şimala doğru şaxəsi olacaq İonik-Adriatik boru kəməri vasitəsi ilə Albaniya, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya kimi Balkan ölkələrinin istehlakçıları da yaxın perspektivdə Azərbaycan qazından faydalana biləcəklər. Yeri gəlmişkən, SOCAR bunda maraqlı olan həmin ölkələrin müraciətləri əsasında oralarda müvafiq infrastrukturun yaradılmasına da kömək edir.
Son vaxtlar dünyada qaza tələbatın artması və onun qiymətlərinin kəskin şəkildə sıçrayışı, eyni zamanda Qərb-Rusiya münasibətlərindəki gərginlik fonunda Brüssel köməyinə güvəndiyi Azərbaycanın Avropaya daha artıq həcmdə qaz tədarük edəcəyinə ümidli olduğunu dəfələrlə vurğulayıb. Ötən il 19 milyard kubmetr təbii qaz ixrac edən Azərbaycanın bu göstəricini artırmaq, TANAP kəmərinin isə son nəticədə 31 milyard kubmetr ötürücülük qabiliyyətinə yiyələnmək imkanı var.
Azərbaycanın tükənməz enerjili gələcəyi - VİDEOKAST |
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində fevralın 4-də Bakıda keçirilən nazirlərin VIII toplantısındakı çıxışında ölkəmizin isbat edilmiş qaz ehtiyatlarının həcminin daha çox olacağına əminliyini bildirib. Çünki neft və qaz yataqlarının işlənilməsi sahəsindəki təcrübə həmin yataqlarda öncə gözlənildiyindən daha böyük həcmdə ehtiyatların olduğunu dəfələrlə sübuta yetirib. Bu baxımdan, Azərbaycanın qaz ixracının yüksəliş dinamikasının davamlı olacağı şübhə doğurmur.
- Bizim ixracımız ildən-ilə artır. Hazırda əsas ixrac damarımız Cənub Qaz dəhlizidir. Amma əslində bizim bəzi cari layihələrimiz də var. Məsələn, “Abşeron” layihəsi. Ölkəmizdə mavi yanacağın istehlakı artdığından həmin yataqdan hasil olunan qaz ilk növbədə daxili ehtiyacların ödənilməsinə yönəldiləcək. Sonrakı mərhələdə “Abşeron” yatağından əlavə olaraq ildə 5 milyard kubmetr qaz çıxarıla bilər ki, bu da ixrac potensialımıza təkan verəcək. Bu kontekstdə gələcəkdə yeni yataqlarımızın işlənməsi də dünya bazarlarına çıxaracağımız qazın həcmini artırmaq imkanı yaradacaq,- deyə SOCAR-ın nümayəndəsi bildirib.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan layihələrin cəlbediciliyi əsasən, bütün tərəflərin maraqlarının nəzərə alınması və bu layihələrin geosiyasi oyunlardan uzaq olunmasıdır. Məhz bu siyasəti əsas prinispə çevirən Azərbaycanın diplomaik məharəti sayəsində müxtəlif geosiyasi maraqlara malik dövlətlərin CQD çərçivəsində səmərəli əməkdaşlığı ərsəyə gətirilib. Bu kontekstdə Azərbaycan Prezidenti Avropa üçün ən böyük qaz tədarükçüsü olan Rusiya ilə qarşıdurma yaratmaq fikrində olmadığımızı dəfələrlə qeyd edib. Hər iki dövlətin ehtiyatlarının və Avropaya satdıqları qazın həcminin müqayisəsi də Azərbaycanın Rusiya ilə rəqabətə girişdiyi haqda təsəvvür yaratmağa çalışan bəzi qərəzli dairələrin oyunlarını puça çıxarır. Bu baxımdan, Rusiyanın nəhəng “Lukoyl” şirkətinin CQD layihəsində nəinki iştirakı, hətta bir müddət əvvəl öz payını artırması Moskvanın rəsmi Bakının bu jestini düzgün qiymətləndirdiyini sübut edir. Həm Qərb, həm də Rusiya ilə sıx münasibətlər qurmuş Azərbaycan isə Avropanın özündə qaz istehsalında yaranmış boşluğun doldurulmasına töhfə verir.
Hazırda bütün istehlakçı ölkələri narahat edən əsas məqam Qərb-Rusiya qarşıdurmasının daha da gərginləşəcəyi halda "mavi yanacağ"ın qiymətlərinin fantastik səviyyəyə çatacağı barədə verilən proqnozlardır. Bu yöndə əsas problem SPOT tipli (sövdələşmə ilə bağlı haqq-hesab dərhal, bir qayda olaraq iki gün ərzində həyata keçirilən) satışlarla bağlıdır. Uzunmüddətli kontraktlar əsasında həyata keçirilən qaz tədarüklərində "mavi yanacağ"ın qiyməti neftin məzənnəsinə bağlı olduğundan, tərəddüdlər elə də böyük deyil. Bununla belə, ekspertlər hələ bir müddət qazın məzənnəsində ciddi volatilliyin saxlanacağını proqnozlaşdırırlar. Öz qazını daha çox uzunmüddətli kontraktlar əsasında satan Azərbaycan, müqavilə öhdəliklərindən artıq ixrac etdiyi qazı məhz SPOT sistemi ilə satır ki, bu da büdcə üçün əlavə gəlir deməkdir.
- Bizim hər iki tipdən satışlarımz var. Əsas hissəsi əlbəttə ki, uzunmüddətli müqavilələrdir. Bu ilk növbədə CQD çərçivəsində olan satışlardır. Çünki uzunmüddətli təminatlarımız olmasa, konyunktura dəyişənddə pis vəziyyətə düşə bilərik. Əslində tarazlı vəziyyət, yəni hər iki tip satış olsa, daha yaxşıdır. Xüsusilə də nəzərə alsaq ki, Avropa qanunvericiliyinə görə, tədarük olunan qazın müəyyən həcmi SPOT tipli satış üçün nəzərdə tutulmalıdır. İdxalçılar da bunda maraqlıdırlar. Orada vəziyyət pisləşəndə isə Azərbaycan planlaşdırıldığından çox qaz satışa çıxardı və bunu SPOT satışları yolu ilə, yəni günün qiymətləri ilə satdı, - İbrahim Əhmədov qeyd edib.
Qaz ixracatına önəm verən Azərbaycanda daxili istehlak həcminin ildən-ilə artması və əhalinin təbii qazla təminatı da hökumətin daim diqqət mərkəzindədir. Bu baxımdan, ölkədə qazlaşdırılma səviyyəsinin 96%-ə çatdırılması son illərin ən vacib sosial uğurlarından biridir. Bu yöndə qarşıya qoyulan hədəflərə çatmaq üçün daha çevik mexanizmlərdən istifadə olunur ki, bunlardan da biri ötən ilin noyabrında Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan, İran və Türkmənistanın qaz mübadiləsinə dair imzaladıqları üçtərəfli SWAP müqaviləsidir.
Müddətsiz olan bu sazişə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək. Bunun sayəsində İran 5 əyalətinin qaza tələbatını ödəyə biləcək. Enerji məsələləri üzrə ekspertlərin fikrincə, əlavə infrastrukturun yaradılmasına sərmayə qoymadan həyata keçirilən bu layihə nəticəsində Azərbaycan ucuz qaz alıb öz tələbatını ödəyir və Xəzərdən çıxarılan qazı satışa yönəldə bilir, İran gələcək üçün tranzit imkanı qazanır, Türkmənistan isə qazanc əldə edib qaz bazarını şaxələndirir.
- Bu əslində qeyri-adi bir addım deyil. Bizim əvvəllər də belə əməkdaşlığımız olub. Azərbaycanın əhəmiyyətli bir hissəsi olan Naxçıvanla birbaşa təmasımız yoxdur. Ona görə də, çalışırıq ki, müxtəlif vasitələrlə qazı onlara çatdıraq. Bu əsasən İran vasitəsilə olunurdu, gələcəkdə Türkiyə vasitəsi ilə də ola bilər, ya da ki, Türkmənsitan İrana qazı verir, o, da Naxçıvana ötürürdü. İstisna deyil ki, İran özü də bu sazişdən öz ixracını şaxələndirmək üçün istifadə etmək istəyir. Digər tərəfdən də Türkmənistan da qaz ixracını artırmaq üçün yeni alternativ yolları nəzərdən keçirir ki, bunlardan biri də Azərbaycanla əməkdaşlıqdır, - SOCAR-ın rəsmi nümayəndəsi vurğulayıb.
Bəzi mənbələr sözügedən SWAP sazişi çərçivəsində mübadilə olunacaq qazın həcminin gələcəkdə 15 milyard kubmetrə çatdırıla biləcəyini istisna etmirlər. Önəmli məqamlardan biri Azərbaycanın qaz istehsalçısı olan bütün region dövlətləri ilə qaz mübadiləsi həyata keçirməsi və bütün tərəflərlə əməkdaşlıq etməsidir. Belə əməkdaşlığın nəticəsində gələcəkdə Rusiyanın da üçtərəfli SWAP sazişinə qoşulması mümkündür. “Rusiyadan, qaz əldə edir, sonra onu Gürcüstana veririk. Bu baxımdan, biz yəqin yeganə ölkəyik ki, “Qazprom”dan qazı həm alırıq, həm də ona satırıq. İran və Türkmənistanla birbaşa sərhədi olmayan Rusiya Azərbaycan vasitəsilə belə bir əməkdaşlıq edə bilər”, - İbrahim Əhmədov belə reallığı istisna etməyib.
Onun sözlərinə görə, SWAP müqaviləsində nəzərdə tutulan qazın həcminin artırılmasından, zəruri infrastrukturun yaradılmasından və texniki imkanların ciddi şəkildə nəzərdən keçirilməsindən sonra bu yolla Türkmənistan və İran qazının Avropaya nəqli perspektivini də nəzərdən keçirmək olar. Lakin təşəbbüs onlardan gəlməlidir. Belə məsələlərdə hamı ilə əməkdaşlığa hazır olduğunu bəyan edən və sübuta yetriən Azərbaycanın təşəbbüsü ilə atıq CQD kimi böyük önəm daşıyan layihə həyata keçirilib. Məhz irəli sürdüyü təşəbbüslərin yerinə yetirilməsi sayəsində Azərbaycan regionun enerji təhlükəsizliyini təmin edir.
Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsini həyata keçirən üçtərəfli SWAP sazişinin gündəmə gətirdiyi digər bir önəmli məqam isə Azərbaycandakı qaz anbarları şəbəkəsinin genişləndirilməsi və ölkəmizin qaz habına çevrilməsi imkanının yaranmasıdır. Çünki nəhəng həcmli təbii qaz ehtiyatlarına malik Türkmənistanın və İranın Avropa bazarlarına çıxması yönündə Azərbaycanın və CQD-nin imkanlarından istifadə edilməsi onlar üçün unikal bir şansdır.
- Azərbaycan qaz habına çevrilə bilər, belə bir potensialımız var. 3,5 milyard kubmetrlik tutumu olan qaz anbarlarımız da mövcuddur. Perspektivdə dayanan vəzifə onların artırılmasıdır. Enerji təhlükəsizliyimizi təmin etmək üçün ilk növbədə bu özümüzə lazımdır. Çünki il rəvan keçmir, havanın istiləşməsi və soyqulaşması var. Amma sözsüz ki, digər ölkələrdən də müəyyən həcmdə qaz cəlb edilə və bizim qaz anbarlarında saxlanıla bilər ki, bu da zərurət yarandıqda ehtiyacı olan ölkələrə verilə bilər,- İbrahim Əhmədov bildirib.
SOCAR-ın təmsilçisi Azərbaycanın yalnız təbii qazın ixracında yox, həm də qazdan hazırlanan son məhsulun satışında da çox maraqlı olduğunu vurğulayıb. Bu baxımdan qaz emalı zavodunun və müstəqillik dövründə ölkəmizdə təşəkkül tapan neft-kimya sənayesinin əhəmiyyəti çox böyükdür. Hələ sovet dövründən qalan zavodda müəyyən həcmdə qaz emal olunur və əldə edilən məhsulun bir hissəsi metan qazı kimi əhalinin istehlakına, digər hissəsi xammal kimi neft-kimya sənayesinə yönəldilir.
- Metanol və karbomid itehsalı çox vacib məsələdir. Bir neçə il əvvəl SOCAR yeni karbamid zavodu istismara verib və bunun nəticəsində Azərbaycan indi azot gübrəsi ilə nəinki öz daxili tələbatını ödəyir, hətta bundan qat-qat artığını xaricə satır. Karbamidin xammalı olan ammiak isə məhz təbii qazın emalı nəticəsində alınır ,- SOCAR-ın nümayəndəsi İbrahim Əhmədov vurğulayıb.
Sadalanan məqamlar Azərbaycanın təbii qazın istehsalı, istehlakı, satışı və emalı sahəsində yaranmış yeni reallıqlara hazır olduğuna dəlalət edir. Bu istiqamətdə Azərbaycan hökuməti çevik strategiyaya üstünlük verir ki, bu da sürətlə dəyişən proseslərdə mümkün ola biləcək itkilərin minimuma endirilməsinə, mənfəətin isə maksimuma çatıdırlmasına zəmin yaradır.
Sahil İsgəndərov, politoloq
AzVision.az