Leyla Əliyeva: `İnam, anlayış və sevgini qorumaq çox vacibdir` - FOTOLAR

Leyla Əliyeva: `İnam, anlayış və sevgini qorumaq  çox vacibdir` - FOTOLAR
  04 Aprel 2014    Oxunub:1962
Aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Rza Deqatinin ölkəmizdə dini tolerantlığa həsr olunmuş “Azərbaycan. Tolerantlıq məkanı” fotosərgisi açılıb.

Fotosərgini ölkəmizin Rusiyadakı səfirliyi, habelə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi təşkil edib.

Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tanınmış Rusiya siyasətçiləri və mədəniyyət xadimləri iştirak ediblər.

Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Boroda çıxışı zamanı qeyd edib ki, Azərbaycan tarixən bütün millətlərin nümayəndələri üçün qonaqpərvər ev olub. O bildirib ki, yəhudi icması Azərbaycanda bütün xalqlarla sülh şəraitində yaşamışdır və yaşayır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da mərasimdə çıxış edib. O, səmimi qəbula və qonaqpərvərliyə görə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinə minnətdarlığını bildirib.

- Bu gün ölkəmizdə sinaqoqlar, məscidlər, pravoslav və katolik kilsələri, habelə atəşpərəst məbədləri görmək olar.- deyə Leyla Əliyeva bildirib.- Azərbaycanda 21 qeyri-müsəlman icması mövcuddur. Tolerantlıq, qonaqpərvərlik, dözümlülük ənənələri xalqımız tərəfindən qayğı ilə qorunub saxlanılır, daha doğrusu, bu, Azərbaycan xalqının ən böyük sərvətidir. Azərbaycan beynəlxalq dialoqu, mədəni dialoqu dəstəkləyir. Heydər Əliyev Fondu bu mövzuya böyük diqqət yetirir. Fondun səyləri ilə Azərbaycanda 20-ə yaxın məscid, sinaqoq və kilsə təmir olunub. Fond təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də belə fəaliyyətlə məşğuldur. Bu gün biz Rusiyanın paytaxtı Moskvada belə bir tədbir keçiririk. Rusiya çoxmillətli ölkədir. Burada təqribən yüz xalqın nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır və müxtəlif dinlərə etiqad edirlər. Azərbaycan və Rusiyanı uzun illər dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. Ümumi tariximiz var və biz bir-birimizi yaxşı anlamağı öyrənmişik. Bu gün dünyada multikulturalizm anlayışı, təəssüf ki, şübhə altına alınır. Bir çox münaqişələr bəzən bir-birini anlamaqdan və başa düşməkdən imtina etmək səbəbindən baş verir. Odur ki, inam, anlayış, ehtiram və sevgini qoruyub saxlamaq bu gün çox vacibdir.

Sonra sərgidə nümayiş olunan fotoşəkillərin müəllifi, dünyanın ən tanınmış fotoqraflarından biri, mənşəcə azərbaycanlı Rza Deqati bu nəcib təşəbbüsü dəstəklədiyinə görə Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib. O deyib ki, Azərbaycanda şahidi olduğu dözümlülük mühiti dünyada ən nadir modellərdən biridir.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərginin açılış mərasimində 500-dən çox qonaq – rəsmi şəxslər, Rusiya Dövlət Dumasının deputatları, tanınmış incəsənət xadimləri, Rusiya ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin RF-də akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri iştirak ediblər.

Qalereya




Teqlər:





Xəbər lenti