`Məndə 300 sevgi məktubu var` - MÜSAHİBƏ

`Məndə 300 sevgi məktubu var` - MÜSAHİBƏ
  31 Mart 2014    Oxunub:5431
AzVision.az-ın müsahibi aktyor Tariyel Qasımovdur. 75 illik yubileyinə hazırlaşan xalq artisti bu münasibətlə Azərbaycana Özbəkistandan gələn kinorejissor və operator Eldar Məmmədovu qarşılamağa hazırlaşırdı. Amma buna baxmayaraq sənətkar bizmlə söhbət etməyə də vaxt ayırdı.

- Tariyel müəllim, 75 yaşın kürəyini yerə vurdunuz, maraqlıdır,”75”in içində nələr var?


- “75”in içində o qədər keşməkeşli yollar, o qədər xoş xatirələr, həyəcanlı günlər var ki! Bax, bu 75 ildə sənətə gəlişimlə əlaqədar çox əziyyətlər çəkmişəm. Atam məndən küsüb, məni danışdırmayıb ki, kolxoz sədrinin oğlu gedib artist olub. O, məni böyük mühəndis görmək istəyirdi. Həmişə deyirdi ki, “İstərdim oğlum mühəndis olsun, yaxşı binalar tiksin”. Mən də onun bu arzusunu puç edib, artist oldum. Hərəkətimdən acıqlanan atam mənə rayondan göndərdiyi pulu kəsdi və 10 ilə yaxın danışdırmadı.



Bədən Tərbiyəsi İnstitunda oxuyurdum, ikinci kursa keçəndə sənədlərimi götürüb teatr instituna verdim. Bu zaman fakültə uşaqları ilə birlikdə şəkillərimiz Ədəbiyyat və İncəsənət qəzetində çıxdı. Bunu da atama gəlib deyiblər ki, qəzetdə sənin oğlunun şəkli var. Bundan sonra atam anamı Bakıya göndərdi. Anam da gəlib gördü ki, bəli, mən doğurdan da teatr institutunda oxuyuram. Mən də dedim ki, “ay ana, mənim usaqlıqdan artistliyə həvəsim var idi, demişdim axı”. Anam da elə incik getdi, o gündən mənə daha pul göndərmədilər.

Şahmar Əlkbərov, Həsən Əbluc ilə bir yerdə oxumuşam. Üçümüzündə şəklimiz şərəf lövhəsində vurulurdu. Əlaçılığa görə 40 manat təqaüd alırdım. Başqa gəlir yerim yox idi. Buna görə də Şahmar Əlkbərov məni öz evlərinə apardı. 4 il onlarda qaldım. Biz institutu qurtaran kimi Şahmarı əsgərliyə apardılar. Şahmarın anası mənə dedi ki, “Ay bala heç yerə getmə, mən də təkəm elə mənim yanımda qal”. Mən ona “mamaşa” deyirdim. O xanım hətta anamla bir yerdə mənim eçiliyimi də etdi, evləndirdi də. Sonra valideyinlərimlə də barışdım.



- Barışıq necə oldu?

- Deməli, institutu qurtaran kimi “Liftçi qız” filmində çəkildim. Kənddə baxıb görüblər ki, mən kinoda oynayıram. Bunu atama deyiblər. Atam da həmin kinoda məni görüb xoşuna gəlib, ondan sonra barışdıq. Sonra xalq artisti olanda atam hər yerdə deyirdi ki, “mən Tariyel Qasımovun atasıyam”.

Bir dəfə yeyib-içmişdik, kefim yaxşı idi, dedim, “ata, bəs mənə pul göndərmədin, incitdin məni, çox əziyyətlə oxudum qurtardım. İndi hər yerdə deyirsən ki, Tariyelin atasıyam, mənimlə fəxr edirsən, bəs bu, necə olur?”
Dedi “bilirsən, bala, uşaq olanda səninin yadındadırmı, bizim evə bir qoca kişi, bir qoca arvad gəlirdi. Onlar bizim əl damında qalırdılar. Onlar kəndbəkənd gedib gəzirdilər, orada-burada qalırdılar. Onlar vaxtilə aktyor, aktrisa olmuşdular. Amma indi yaşa dolublar, dilənirlər. Mən də elə bilirdim, oğlum artist olsa , o da yaşlananda dilənəcək”.



-Tələbəlik vaxtı çəkdiyiniz əziyyətlləri atanıza bağışladınızmı?

- Hər halda, özüm də fikirləşirdim ki, hansı ata istəməz övladı xöşbəxt olsun. O, nə biləydi ki, mən xalq artisti, sevimli aktyor olacağam. O, öz sözündə doğrudur, haqlıdır.

- Atalar deyib ki, “insan gərək həyatda iki şeyi - bir həyat yoldaşını, bir də işini, peşəsini seçəndə, elə seçim edə ki, sonra peşiman olmaya”. Peşənizi anladıq, bəs digər seçim?

- Mən ikinci dəfə ailə həyatı qurmuşam. Bu da mənim taleyimdir. Qismətdən heç kim qaça bilməz. Sevib evlənmişdik, çox gözəl ailəmiz var idi, gözəl övladlarımız var. Birinci evliliyimdən iki oğlum var. Oğlanlarımdan biri Ülvi Qasımov Azərbaycanfilm kinostudiyasında baş produser, film direktorudur. İndi həyatdır da, ailədə söz- söhbət ola bilər. Bu da belə oldu. Amma yenə də xöşbəxtəm. Hazırda da xöşbəxtəm, onda da xöşbəxt idim. İkinci evliliyimdən övladım yoxdur. Bu barədə heç vaxt mətbuatda danışmamışam.



- Facebook istifadəçisiniz, amma şəbəkədən çox da istifdə edə bilmədiyinizi deyirsiniz…

- Şəkil yerləşdirmək, nə isə paylaşmaq kimi şeylərin heç birini bilmirəm. Qaynımın oğlunun köməyindən istifadə edirəm.

- Bu sənətdə yaxşı sənətkarmı çox gördünüz yoxsa yaxşı insanmı?

- Mənim üçün çox xoşdur ki, məni tanıyan insanlar haqqımda həm gözəl insan, həm də yaxşı aktyor deyə danışırlar. 70 illik yubileyimdə Vasif Məhərrəmli oxuyandan sonra gəlib əlimdən tutdu, səhnəyə çıxardı. Dedi, “Əziz tamaşaçılar, bu adama 70 yaş vermək olar?” Zalda oturanlar əl çaldı ki, “yox”. Dedi, qoy Tariyel müəllim bu sirri açsın. Mən də dedim ki, burada heç bir sirr yoxdur, heç vaxt paxıl olmamışam. Heç kimə pislik etməmişəm. İnsan paxıl olanda illərlə içindəki onu yeyir–yeyir, üzünə vurur. Yeri gələndə araq da içirəm, sərxoş da oluram. Canını gözləyən insan deyiləm. Nə verilib, odur. Bu saat 75 yaşım var, qəlbim sevgi doludur, sevirəm də.

- Müəyyən dövr İdman İnstitutunda oxumsunuz. Hazırda idmanla aranız necədir?

- İdmançı olmağa heç vaxt həvəsim olmayıb. Orada oxuyanda 17 yaşım var idi, baxan elə bilirdi ki, 15 yaşım var. Miri adlı müəllimiz deyirdi ki, bu “Detskiy sad”ı kim götürüb universitetə? Uşaqdır bu, baxçada olmalıdır”. Güləşə gedirdim. Bir dəfə “Dinamo” cəmiyyətində Respublika çempionatı oldu. Mən də o siyahıya düşmüşdüm. Döşəyin üzərinə çıxan kimi Suraxanıdan olan bir oğlan heç bir dəqiqə çəkmədi, məni yıxdı. İkinci dəfə yıxılandan sonra dedim ki, məndən idmançı çıxmaycaq, vəssalam.



Sara Qədimova, Şövkət Əlkbərova kimi bir çox sənətkarlar bizm evdə qonaq olublar. Baxırdım ki, gözəl həyatdır, deyirlər, oxuyurlar . Deyirdim ki, ilahi, kaş, mən də bu həyatda olardım. Bu arzu ilə sənətə gəldim. Gəldim gördüm ki, teatr, şou aləmi çox çətin, biri-birinə paxıllıq edilən yerdir. İncəsənət sayılır, ancaq heç bir incəlik yoxdur, qalmaqal, biri-birinə badalaq vurmaq var. Sən bir balaca irəli gedən kimi badalaq vurub dala çəkirlər. Buna gərək tab gətirəsən. Gələcəkdə nəyəsə nail olmaq istəyirsənsə, səbr etməlisən.

- Səbrli insansınız?

- Bəli, səbr etmişəm ki, dözmüşəm. Amma onu da deyim ki, Allah eləməsin, qəzəbləndimsə, gözümə heç nə görünmür. Haqsızlığa dözə bilmirəm, özümdən çıxıram.

- Balzak deyir ki, `krallar müəyyən vaxtlarda insanlar üzərində hökmranlıq etdikləri halda, sənətkarlar əsrlər boyu edir`…

- Mənim rollarım hökmranlıq etmir, mənim rollarım ancaq sevilir.

- Əvəllər tamaşaçılar aktyora gül göndərəndə tikanına bir məktub da sancırdılar, bəs indi nə deyirlər?
- Məndə o illərdən qalma 300 sevgi məktubu var. Gənc qızlar topa ilə dayanırdılar teatrın qarşısında, tamaşadan sonra məni gözlərilə yola salırdılar, sonra dağılışırdılar. Düzünü desəm, indi də küçədə gedə bilmirəm, hamı mənə baxır. Metroya minəndə narahat oluram. Çünki həm baxır və ya kimsə saxlayır.



- Çox aktyorlar var ki, tanınmır, üstəlik, az maaşla işləyirlər.

- Mənim sözüm həmin o aktyorlaradır ki, 20 ildir az maaşla işləyirlər. Getsinlər ayrı yerdə iş tapsınlar, daha yaxşı dolansınlar, axı niyə kasıb olmalıdırlar? Məsələn, mən çox xöşbəxtəm, heç də peşman deyiləm, çox da sevilirəm, baş rolları oynayıram. Rolları özüm seçirəm. Mənə rejissor deyə bilməz ki, “sən bunu mütləq oynamalısan”,- elə şey yoxdur. Bizim direktorumuz Mübariz Həmidov aktyor olub, aktyorları başa düşür və onlarla da yaxşı davranır.

Bir də görürsən ki, şəxsiyyəti olmayanın biri gəlib sənin üzərində hökmranlıq edir. Əmr verir, yer göstərir, o zaman aktyor deyir ki, ilahi, gör mən hara gəlib düşmüşəm. Məndə də olub şəxsən. Demişəm ki, nə olsun, bu bu gün var, sabah gedəcək. Aktyor ömür boyu qalır axı.



- Xarici filimləri izləyirsinizmi, bəyəndiyniz aktyorlar varmı?

- İzləyirəm. Hətta yadımdadır ki, 8-ci sinifdə oxuyanda bizim kəndə “Ovod” filmini gətirmişdilər. Filmə baxandan sonra “Kaş ki, mən də belə rol oyanayadım, aktyor olaydım” dedim. Aktyor olandan sonra həmin Artur obrazını oynadım.

Bizm köhnə filimlərimizə gəlincə, o zaman elə bilirdik ki, ortababdır, indi görürük ki bunların hamısı şah əsərlər olub. Məni yeganə incidən budur ki, Fuad Poladovun, Rasim Balayevin, Şahmar Ələkbərovun oyanaya biləcəyi rollara bəzən o vaxtkı rejissorlar gürcü, erməni, rus, moldavan, tatar çəkirdilər. Götürək “Ad günü” filmində Əli rolunu oynayan aktyoru, bəyəm bizm aktyorlar həmin obrazı oynaya bilməyəcəkdi?



Özbək filminə çəkilən zaman Gürcüstanın xalq artisti, kinorejissor Oto Kubiridze ilə Odessada bir otaqda qalırdıq. Bir dəfə ona telefon zəngi gəldi, sonra dəstəyi qoyub, mənə qayıtdı ki, geyin, gedirik. Odessada böyük restoranda oturduq. Qayıtdı ki, “Həyat yoldaşım Elyaba mənə zəng etmişdi. Yeni kinoya başlamalıyam deyə, Elyaba dedi ki, aktyorları bir yerə yığım”. Elyaba da “Dəli Kür” filmində Cahandar Ağanın bacısını oynayan aktrisadır. Dedim, təbrik edirəm, mən də çəkiləcəyəm. Mənə həmişə deyirdi ki, biz qardaşıq. Dedi, “Yox, sən məndə çəkilməyəcəksən”. Dedim, niyə? Deyir, “neyniyirəm səni”. Deyirəm ki, axı biz qardaşıq. Dedi, “biz həyatda qardaşıq, amma kinoda mən o aktyoru çəkəcəyəm ki, öz millətimdən olsun. Siz “Ad günü” filmində gürcü aktyoru baş rola çəkmisiniz, bizdə o, sırdan aktyordur, kütləvi səhnələrdə çəkilir. Siz onu aparıb dövlət mükafatı vermisiniz. İndi mən səni gətirsəm, deyəcəklər ki, bunu haradan gətirmisən, onlar bizim “bezdarnıy” adamı aparıblar, sən niyə bunu gətirmisən? Və məni çəkmədi. Çox doğru da etdi.

“Onu Bağışlamaq olarmı” filminin əksər qəhrəmanaları ermənidir. Baş rolu oynayan Sevda, Tərlan erməni aktyorlarıdır. Anasını isə gürcü aktrisası oynayır. Və ya Mixail Volantir “Tütək səsi” filmində baş rolda oyanır. “Romeo mənim qonşumdur” filmində qız da, oğlan da gürcüdür. Dərdimiz çox böyük idi bizim. Adil İsgəndərov gələndən sonra Kinostudiyada aktyorlar yetişib. Başqa ölkələrdən aktyorlar çəkməyə o qadağa qoydu. Deyirdi ki, “rus obrazını yaratmaq lazımdırsa, rusu çağırmaq olar, azərbaycanlı obrazını niyə rus oynamalıdır?”.

- Son olaraq kino əhvalatlarınızdan bir neçəsini bizimlə bölüşün.

- Türkmənistanda böyük bir səhrada, 50 dərəcdə istidə kino çəkilişləri gedirdi. Kinoda bir yer var idi ki, külək əsməli, qurduğumuz neft vışkaları dağılmalı idi. Buna görə də, Aşqabaddan vertolyot gəlib süni külək yaradacaqdı. Amma nədənsə gecikir, biz də istinin altında yanırıq. Birdən bir külək qalxdı ki, nəinki vışkalar, texnika, aparatlar, bizm özümüz də hərə bir yerə pərən-pərən düşdü. Hər şey təbii alındı. Sonra vertolyot gələndə dedilər ki, lazım deyil, qayıdın.

Bir dəfə də Tacik filminə çəklilirdim. Bir yer var idi ki, at məni yıxmalı idi. Dubluyora ehtiyac görmədim, bir-iki dəfə getdim, 3-cü ə yaxşı yıxılmadım, qolum çıxdı. 70-ci ildə olsa da, bu gün də həmin qolum ağrıyır.

Şahanə RƏHİMLİ
Elnur Muxtar



Teqlər:  





Xəbər lenti