“Qisas” və “Mübariz” postlarının arasındakı erməni mövqeyi – FOTOLAR

   “Qisas” və “Mübariz” postlarının arasındakı erməni mövqeyi –    FOTOLAR
  25 Noyabr 2021    Oxunub:4284
Milli Qəhrəman Mübariz İbrahimovun şücaət göstərdiyi 457 nömrəli strateji yüksəkliyin ətəyində düşmənin uzunmüddətli müdafiə üçün nəzərdə tutulmuş məntəqəsi var. Həmin məntəqəni Azərbaycan Ordusunun "Qisas" postundan 100-150 metr məsafə ayırır.

Vətən müharibəsinin ilk dəqiqələrində Ermənistanın silahlı qüvvələrinin işğalçı kontingentinin bu mövqeyi artilleriya bölmələrimiz tərəfindən intensiv atəşə tutulub və onun şəxsi heyəti demək olar ki, müqavimət göstərmədən 482 №-li strateji yüksəkliyə doğru qaçıb. Təbii ki, söhbət dağılmış sığınacaqda və ətrafındakı səngərlərdə sağ qalmış ermənilərdən gedir.


Sürətlə geri çəkilən "ölüm komandası" elə öz mina sahələrində partlayıb, 2-ci və 3-cü müdafiə zolağında gizlənməyi bacaranlar isə, cinahlardan hücuma keçən həmlə bölmələrimiz tərəfindən Talış kəndi yaxınlığında məhv ediliblər.


Beləliklə, 2016-cı ildə erməni təbliğat maşınının sevimli obyektlərindən olan bu mövqe və onun qorxaq şəxsi heyəti yer üzündən silinir. Tarixə isə onun dağıdımış sığınacağı, konteynerdən hazırlanan sursat anbarı, tikanlı məftillə "bəzədilmiş" və qarışıq tipli mina zolaqları ilə dolu ərazi, hücuma keçmiş bölmələrimizə atılmaq üçün hazırlanmış, amma son anda tərk edilmiş "Qoris-120" əldədüzəldilmə mortir "mərmisi" qalır.


Bu, Suriya və Yaxın Şərqdə fəaliyyət göstərən terrorçu qrupların texnologiyası ilə kustar üsulla qaz balonundan hazırlanan və xüsusi ammonium-nitrat qarışığı ilə doldurulmuş sursat illərdir müharibəyə hazırlaşan Ermənistanın uğursuz müdafiə nazirliyinin son ümidlərindən sayıla bilərdi.


Mərmi xüsusi təkərli platformada yerləşən və zahiri alışma fitili ilə işə salınan psevdomortir üzərindən atılmalı idi. Keçmiş təmas zolağının 1-ci və 2-ci müdafiə xəttinin bir çox mövqelərində atəş məsafəsi az, amma təsir gücü böyük olan bu qurğulardan aşkar olunub. Düşmən onları bir neçə istiqamət üzrə, məsələn elə 457 nömrəli strateji yüksəklikdən üzbəüz yerləşən "Mübariz" postuna tərəf atmağa müvəffəq olub.


Amma bu qəbildən olan terror texnoloqiyaları Ermənistanın köməyinə gəlməkdənsə, onun carəsizliyinin, illərdir büdcədən müdafiə sahəsinə ayrılan, amma təyinatı üzrə xərclənməyən və oliqarxların hesablarına oturan nəhəng vəsaitinin biabırçı simvoluna çevrildi...





Hans Kloss ©
Xüsusi olaraq AzVision.az üçün




Teqlər: Cəbhə   Vətən-Müharibəsi  





Xəbər lenti