Misirin iki böyük şirkəti azad olunmuş ərazilərdə işləyəcək - Səfirlə müsahibə - FOTO

 Misirin iki böyük şirkəti azad olunmuş ərazilərdə işləyəcək -  Səfirlə müsahibə - FOTO
  22 Sentyabr 2021    Oxunub:7336
Misir Ərəb Respublikasının (MƏR) Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Azvision.az saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Cənab səfir, Azərbaycan-Misir münasibətləri bu gün hansı səviyyədədir? Pandemiya münasibətlərə necə təsir göstərib?

- Misirlə Azərbaycan arasındakı əlaqələr çox yüksək səviyyədədir. Əlaqələrimiz əlbəttə ki, nələrdənsə asılı olmayaraq inkişaf etməlidir və inkişaf edir. İki ölkə arasında bir sıra səfərlər planlaşdırılırdı. Həmçinin, ötən il Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri nəzərdə tutulmuşdu. Pandemiya ilə əlaqədar səfər təxirə salındı. Ötən dövr ərzində iki ölkə arasında müəyyən səviyyələrdə koordinasiyalar həyata keçirilib. Səfirliklə Azərbaycan hökuməti arasında yüksək səviyyədə koordinasiya qurulub. Buna nümunə olaraq Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Misirin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələri qeyd etmək olar. Xarici işlər nazirinin müavini Fariz Rzayev bu məqsədlə Misirdə olub. Məsləhətləşmələrin nəticəsi olaraq Misirin xarici işlər nazirinin Azərbaycana səfəri nəzərdə tutulur. Bundan əlavə, Bakıda Misir-Azərbaycan hökumətlərarası birgə komissiyanın növbəti iclası keçiriləcək. Daha dəqiqi iclas gələn il 24-25 fevral tarixlərinə planlaşdırılır. Bu barədə hər iki tərəf artıq razılaşıb. Dörd il bundan əvvəl sonuncu iclas Qahirədə keçirilib. Bu, iki ölkə arasında əlaqələrin inkişafı üçün qurulan yol xəritəsidir.



- İqtisadi münasibətlərin inkişafı nə yerdədir?

- İqtisadi əlaqələrimiz inkişaf etməkdədir. Amma burada da bəzi maneələr var. İki ölkə arasında birbaşa hava əlaqəsinin olmaması, coğrafi cəhətdən bir-birimizdən uzaqda olmağımız və s. Buna baxmayaraq, iqtisadi əlaqələrin inkişafı üçün hər iki tərəfdən cəhd göstərilir. Bəzi maneələri qeyd etdim, gömrük və digər məqamlar da var. Buna baxmayaraq, inkişaf üçün niyyət ortadadır. İki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsi nəzərdə tutulub. Hər iki tərəf bu sahədə çalışır. Bu, hökumətlərarası komissiyanın iclası çərçivəsində baş tutacaq.

- Cənab səfir, Azərbaycanın azad olunmuş ərazilərində bir sıra ölkələrin şirkətləri çalışır. Misirlə bu sahədə hər hansı əməkdaşlıq varmı?

- Bu istiqamətdə əməkdaşlıq üçün Misir tərəfindən təşəbbüs göstərilib. Səfirlik olaraq Misir şirkətlərinin azad olunmuş ərazilərin bərpasında iştirak üçün öz təklif və layihələrini vermələrini tövsiyə etmişik. Misirin ən böyük şirkətlərindən olan “Al Mokawloon Al Arab” (Arab Contractors”) və “Dorra” qrup artıq Azərbaycana gəlib, buranı ziyarət edib, görüşlər keçiriblər. Onlar bu prosesdə iştirak etmək və Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına öz töhfələrini vermək istəyirlər.

- Bu şirkətlər hansı sahədə ixtisalaşıb?

- Qeyd etdiyim kimi, bunlar ən böyük şirkətlərdir və əsasən tikinti, yol infrastrukturunun salınmasında ixtisaslaşıblar. Onlar bir çox ölkələrdə - Afrika, Asiya, əksər ərəb ölkələrində böyük layihələr həyata keçiriblər. Hava limanları, xəstəxanalar, yollar inşa ediblər. Yəni tikinti-bərpa, kontraktor şirkətləridir.

- Bəs fəaliyyətə nə vaxt başlayacaqlar?

- Artıq şirkətlərin fəaliyyəti üçün razılıq var. “Dorra” qrup nümayəndələri Azərbaycanda olub, burda yüksək səviyyədə qarşılanıb. Azərbaycanın rəsmi qurumlarında görüşlər keçiriblər və artıq prosesə başlayıblar, burada filiallarını yaradıblar. “Al Mokawloon Al Arab”a gəlincə, onlar hazırlıq prosesi aparır.



- Pandemiya bütün dünyada turizm sektoruna da zərbə vurub. İki ölkə arasında turizmin dirçəldilməsi üçün hansı addımlar atılır?

- Misir tərəfi bu məsələyə açıqdır. Turistləri də, aviaşirkətləri də qəbul etməyə hazırıq. Sadəcə olaraq Azərbaycan tərəfindən hələlik çarter uçuşlarına razılıq verilməyib, ona görə də bu proses müvəqqəti olaraq dayanıb. Azərbaycanın müəyyən səlahiyyətli qurumları ilə də bu məsələ üzrə danışıqlar aparılıb. Amma ölkədə hələlik çarter uçuşlarına icazə verilmədiyi üçün bu məsələ qalıb. Əminəm ki, icazə verilən kimi, Misirə, o cümlədən Şarm əl-Şeyxə, Hurqadaya birbaşa reyslər həyata keçiriləcək.

- Azərbaycandan Misirə turist kimi səfər edənlər var?

- Bəli, var, onlar Türkiyə, Gürcüstan, Ukrayna vasitəsilə tranzit yolla səfərlər edirlər.

- Koronavirusla bağlı ölkədə vəziyyət necədir? Tursitlər üçün hansı məhdudiyyətlər var, COVİD pasportu tələb olunur?

- Misirdə hər dövlətdə olduğu kimi pandemiyanın üç dalğası oldu. Sadəcə, Misir tam qapanmaya getmədi. İqtisadi vəziyyəti balansda saxlamaq üçün dövlət qurmlarının işi koordinasiyalı şəkildə təşkil edildi. Amma başqa dövlətlərlərlə müqayisədə yoluxma halları o qədər də çox olmadı. Pik hədd yaşanmadı. Vəziyyət iqtisadiyyatımıza da o qədər təsir etmədi. İş yerləri tamamilə bağlanmadı. Başqa bir səbəb isə budur ki, Misirin əhalisinin çox hissəsini gənclər təşkil edir. Məsələn, Avropa ölkələrində vəfat edənlərin əksəriyyəti yaşlılar idi. Misirin əhalisi arasında yaşlıların faizi az olduğuna görə ölkəmizdə vəfat edənlərin sayı da az oldu. COVİD pasportu Misirdə tətbiq edilmir. PCR testi tələb edilir ki, bunu aeroportda da etmək olar.

- Misirin əsas gəliri həm də turizmdəndir. Bu mənada pandemiya dövründə təxminən ölkənizə nə qədər ziyan dəyib?

- Misirin əsas gəlirlərinin bir hissəsini turizm təşkil edir. Əvvəldən çalışdıq ki, ölkəni maksimum dərəcədə açıq saxlayaq. Çünki Misir dünyada əsas turizm istiqamətlərindən biridir. Zərərə gəlincə, bu hesablanmayıb. Çünki bundan daha çox zərər görən vaxtlarmız olub. Düzdür, mənfi təsirləri olub, amma bu sahəni tamam çökdürməyib. İstər otellər, yaxud orada işləyənlər zərər gördü, maaşlar aşağı düşdü, gəlir olmadı, amma bu sahənin açıq qalması turizmi çökdürə bilmədi.

- Cənab səfir, burda olduğunuz vaxtda Azərbaycanı yəqin ki, gəzmək imkanınız olub. Ölkəmizin turizm imkanları barədə nə deyə bilərsiniz? Sizcə Azərbaycan dünya turistlərinin üz tutacağı məkanlardan biri ola bilər?

- Azərbaycanın turizm sahəsində potensialı yüksəkdir. Azərbaycan gözəl ölkədir, gəzməli-görməli, turistləri cəlb edən yerləri var. Sadəcə bunun üçün ciddi təşviqat aparılmalıdır, turizmin tanınması üçün həm də vaxt tələb olunur. Bir gündə bunu etmək mümkün deyil. Məsələn, Misirə 50 il əvvəl 1 milyon turist gəlirdisə, bu getdikcə artıb 15-16 milyona çatdı. Son 4-5 il ərzində Azərbaycana 3 milyondan çox turist gəlibsə, bu, Azərbaycan üçün böyük uğurdur. Potensial var və bu potensialı təşviq etmək, tanıtmaq lazımdır.

- Misirdə turizim istiqaməti kimi Azərbaycana maraq nə dərəcədədir?

- Misir tərəfindən turizmlə bağlı səy göstərilir, bunu sadəcə olaraq təşkil etmək lazımdır. Və bu iş də şirkətlərin üzərinə düşür. Bilirsiniz ki, şırkətlər bu sahədə əməkdaşlıq etməlidirlər. Düşünürəm ki, misirlilər üçün Azərbaycana gəlmək, onu görmək maraqlı olar. Azərbaycanda turizim yerləri çoxdur. Turistlərin gəlməsi üçün bəzi məsələlər vacibdir. Bunlardan biri də viza məsələsidir. Müsəlman ölkələrinin vizalarını əldə etmək daha asandır, nəinki Avropa ölkələrinin. Bu da turizmin inkişafına kömək edir. Bura daha çox Körfəz ölkələrindən turistlər cəlb olunub. Həmin ölkələrdə turizm ofisi açılıb. Bu, turist sayının artmasını təmin edir. Düşünürəm ki, Misirdə də turizm ofisi açılsa, bu gələn turistlərin sayının artıracaq.



- Mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün hansısa plan və layihələr var?

- Bu sahədə əlaqələrimiz çox yaxşıdı. Mədəniyyət sahəsində hər zaman qarşılıqlı səfərlər, festivallar keçirilib. Şarm əl-Şeyx festivalı və s. Onlarda Azərbaycan da iştirak edib. Misirlilər burada mədəni tədbirlərdə iştirak ediblər. Azərbaycanın mədəniyyət naziri ilə görüşdə bu sahədə memorandum imzalanması niyyəti açıqlandı. İnanıram ki,bu ən qısa müddətdə olacaq. Azərbaycan tərəfindən Misirin mədəniyyət nazirinə dəvət göndərilib. Pandemiyaya görə səfər baş tutmadı. Hər iki ölkədə bu sahədə əməkdaşlığın inkişafı üçün maraq var.

- Cənab səfir, bu günlərdə İsrailin baş naziri Naftali Bennet Misir prezidenti Abdel Fəttah əs-Sisi ilə görüşdü. Bu, hökumət başçısının son on bir ildə Misirə ilk səfəri idi. Səfər nə ilə yadda qaldı?

- İki ölkə arasında sülh müqaviləsi var, diplomatik əlaqələr mövcuddur. Əsasən Fələstin məsələsi müzakirə olundu ki, bu da Misir tərəfi üçün də önəmlidir. İki ölkə arasındakı sülh, diplomatik əlaqələr gündəmdə idi.

- Bu gün bütün dünyada təhlükəsizliyin təmini məsələsi prioritet təşkil edir. Terror qrupları müxtəlif ölkələrə yayılıb. Misirdə təhlükəsizliklə bağlı vəziyyət necədir?

-Terror dünyanın əksər yerlərdə baş verir. Misirdə də terror aktları törədilib. Hazırda isə ölkəmizdə bununla bağlı vəziyyət sabitdir.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Azərbaycan   Misir   Səfir  





Xəbər lenti