4 gün davam edəcək Novruz Festivalından REPORTAJ

4 gün davam edəcək Novruz Festivalından REPORTAJ
  20 Mart 2014    Oxunub:2320
Qoşa Qala qapısından Qız qalasının qarşısına qədər olan ərazini əhatə edəcək festival 4 gün davam edəcək.

Bu gündən etibarən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Novruz bayramı ilə bağlı “I Beynəlxalq Novruz Festivalı” başlayıb.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, ötən illərdən fərqli olaraq, bu il Novruz bayramı şənliklərində Azərbaycanla yanaşı, bu bayramı qeyd edən səkkiz ölkənin - Türkiyə, Rusiya, İran, Hindistan, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstanın nümayəndələri də iştirak edir.

Eləcə də, İçərişəhərdə təşkil olunan "Meydan bazarı"ında müxtəlif rayonlardan gələn sənətkarlar öz əl işlərini nümayiş etdirir. Azərbaycan milli mətbəxinin yeməkləri, şirniyyatlar sərgilənir, milli musiqi səsləndirilir.

Burada həmçinin böyük bayram konserti də qurulub. “I Beynəlxalq Novruz Festivalı” el şənliyi Qoşa Qala qapısından Qız qalasının qarşısına qədər olan ərazini əhatə edir və 4 gün davam edəcək.

“I Beynəlxalq Novruz Festivalı” əcnəbi müsafirlərin ürəyincə olub. Onlar bahar bayramı münasibətilə təşkil edilən şənliyi böyük maraqla izləyiblər.

Qeyd edək ki, “I Beynəlxalq Novruz Festivalı” martın 20-dən 23-nə kimi I Beynəlxalq Novruz Festivalının keçirilməsi nəzərdə tutulub.

Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi "Meydan bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən video-filmlər, milli-tətbiqi sənət məhsulları və süvenirlər sərgilənəcək.

Novruz bayramı şənliklərində bir-birindən maraqlı çox sayda tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Hər gün səhər saatlarından pəhləvanlar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanların bayram əhval-ruhiyyəsini daha da artıracaq.

Böyük Qala küçəsi, 19 ünvanında yerləşən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzində onun tələbələrinin yaradıcılıq sərgisi keçiriləcək. Eyni zamanda, bayram günlərində Kiçik Qala küçəsi 13 ünvanında yerləşən "İncəsənət Qalası"nın qarşısında həmin Mərkəzin uşaqlar üçün yaradılmış xüsusi proqramı çərçivəsində "master-klass" təşkil olunacaq.

Bayram tədbirləri çərçivəsində İçərişəhərlə yanaşı, 20-21 mart tarixlərində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da "Nağıl şəhərciyi" adlı Novruz şənliyi keçiriləcək. Rəngarəng konsert proqramı təşkil olunacaq, uşaqlar poni və uzunqulaqla gəzəcək, nağıl obrazları ilə canlı ünsiyyətdə olacaqlar. Eyni zamanda, qonaqlar milli sənət ustalarının iştirakı ilə Novruzun ənənəvi rəmzləri olan şirniyyatların hazırlanması, xınayaxdı mərasimi, xalça toxumaq kimi tədbirlərdə iştirak edə biləcəklər.

"Qala" Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar olaraq martın 20-21-də İçərişəhərdən, Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, hər bir ailəyə bol ruzi, firavan həyat, gözəl bayram ovqatı arzulayır və hamını bayram günlərini bizimlə unudulmaz keçirməyə - möhtəşəm Novruz bayramı şənliklərində iştirak etməyə dəvət edir.





Qalereya




Teqlər:  





Xəbər lenti